PDF Oxu

Müxalifət

  • 1 928

ALP yenidən qarışır - qurultay olacaq

image

TƏRS BAXIŞ

Lalə-Şövkət yenidən ortaya çıxır, Əvəz Temirxan isə təlaş keçirir

Uzun müddət ölkənin müxalifət arenasında gözə çarpmayan Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan yenidən mətbuata çıxaraq, Lalə-Şövkətin lideri olduğu təşkilatın siyasi gündəmdə fəaliyyət göstərdiyini sübut etməyə çalışıb. İlk başdan qeyd etmək yerinə düşərdi ki, heç parlament və prezident seçkilərində belə, fəaliyyəti ilə seçilməyən ALP-nin qeyri-seçki gündəmində fəaliyyət göstərməsi inandırıcı görünmür. Sadəcə, Temirxan bir nüansla diqqəti cəlb edə bilib ki, yaxınlarda liberalların qurultayı olacaq. Qurultayın dəqiq vaxtı müəyyən olunmasa belə, partiyada olan narazıların bu dəfə də baş qaldıracaqları istisna edilə bilməz.

Temirxan öz postunu başqasına, hətta Lalə-Şövkətə güzəşt etməyəcəyini açıq-aşkar sərgiləyib

Məsələn, xatırlatmaq olardı ki, Əvəz Temirxanın partiyaya sədr gətirilməsi Lalə-Şövşətin ürəyincə olmayıb. Yəni o, buna məcbur olub. Sonradan ALP-nin bir neçə dəfə toplantıları, sessiyaları keçirilsə də, Temirxan öz postunu başqasına, hətta Lalə-Şövkətə güzəşt etməyəcəyini açıq-aşkar sərgiləyib. Bunun isə bir səbəbi var. Bəllidir ki, ALP daxilində digər müxalifət partiyalarında olduğu kimi, bütün qarşıdurmaların başında pul və maliyyə mənbələri dayanır. O da sirr deyil ki, ALP rəhbərliyi pulu, əsasən, Rusiyadan və Çində fəaliyyət göstərən müxtəlif "iş adamları"ndan alır. Təbii ki, Lalə-Şövkətin yerini tutan Əvəz Temirxan bu pullardan məhrum olmaq istəmir. Düzdür, o, həmin maliyyədən Lalə-Şövkətə ayrıca "patent" verirdi. Amma indi bunu da vermək fikrində deyil. Ona görə də beş-altı ildir ki, yerini möhkəmləndirdiyi sədr postunda bundan sonra da qalmağı planlaşdırıb.

Təbii ki, siyasi fəaliyyətini bir kənara qoyaraq, Qubaya köçən və memuarlar yazmaqla başını qarışdıran Lalə-Şövkət artıq bu həyatdan bezib və yenidən siyasi gündəmə qayıtmağı qarşısına məqsəd qoyub. Amma indi bir neçə il öncəki vəziyyət olmadığına görə, onun "möhtəşəm qayıdışı" baş tutmaya da bilər.

ALP sədri lideri Lalə-Şövkətə yaxın qrupu zərərsizləşdirməyə çalışır

Məsələ ondadır ki, ALP-nin qurultaya hazırlıq gördüyünü deyən Əvəz Temirxan bir müddət öncə Lalə-Şövkət haqqında gəzən söz-söhbətlərin yalan oluğunu deməklə, liderinin xəstə olmadığını bəyan edərək, guya siyasi həyatda fəal olduğunu iddia edir. Lakin o, bunu səmimi demir. Sadəcə, öz planlarını reallaşdırmaq üçün bu cür manipulyasiyalara gedir. ALP sədri deyib ki, Liberal Partiyanın siyasi şurasının iclası keçirilib, toplantıda bir sıra qərarlar verilib. İclasda növbəti qurultayın keçirilməsi məqsədilə təşkilat komitəsi yaradılıb: "Qurultayın bu il keçirilməsi nəzərdə tutulub. Ancaq aydındır ki, biz həm də situasiyaya baxacağıq. Bundan əvvəl partiyanın tərkibində komissiyaların yenidən formalaşdırılması məqsədilə addımlar atılıb".

Görünən də budur ki, "situasiyaya baxacağıq" deyən Temirxan partiyadakı komissiyaların yenidən formalaşdırılacağını bildirməklə təşkilat daxilində olan Lalə-Şövkətə yaxın qrupu zərərsizləşdirməyə çalışır. Çünki həmin komissiyanın formalaşdırılmasında əsas qüvvə kimi məhz Lalə-Şövkət çıxış etmişdi. İndi isə həmin komissiyanın tərkibi Əvəz Temirxanı qane etmir və o, aşkar qaydada bunu etiraf edir.

Beləlkilə, ALP-də baş qaldıracaq qarşıdurmaların küləyi indidən əsməkdədir. Məhz qurultay ərəfəsi partiyada Əvəz Temirxan- Lalə-Şövkət qruplaşmaları arasındakı savaşdan sonra ikisindən birinin təşkilata rəhbərlik edəcəyi tam olaraq müəyyənləşəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər