Müsavat baqşanı debata qatılarsa, uduzacağını dərk edir
Ötən həftə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun "Antiböhran koalisiyası" adından Müsavat partiyasınn sədri Arif Hacılı ilə görüşündən sonra bir daha sübut olunub ki, radikal təmayüllü partiyaların loyal müxalifətçilik edən partiyalarla münasibətlərinin tənzimlənməsi tamamilə qeyri-mümkündür. Belə ki, ADP sədrinin hətta dialoq deyil, debat şəklində görüş təklifinin Müsavat başqanı tərəfindən rədd edilməsi də belə deməyə zəmin yaradır.
Arif Hacılı öz cavabında deyib ki, mövcud vəziyyətdə siyasi partiyaların koalisiyasını zəruri edən ciddi əsaslar və tələblər yoxdur. Daha dəqiq desək, seçki mühitinin olmadığını əsas gətirən Hacılı "koalisiya"nın təkliflərini məhz bu kontekstdə rədd edib.
Müsavat başqanı radikallığa üstünlük verdiyini etiraf etməklə yaxasını kənara çəkir
Başqa tərəfdən, Müsavatın digər müxalifət partiyaları ilə funksional əməkdaşlığa üstünlük verdiyini deyən Arif Hacılı eyham vurub ki, rəhbərlik etdiyi partiya sabiq başqan İsa Qəmbərin "Milli- Strateji Düşüncə Mərkəzi" adlı qurumu və oradakı təşkilatlarla əməkdaşlıq etmək niyyətindədir. "...Seçki kampaniyası dövründə Müsavat partiyası ilə "NİDA" və "REAL" vətəndaş hərəkatlarının funksional əməkdaşlıq münasibətləri qurulmuşdu. Biz bundan sonra da belə münasibətlərin davam etdirilməsinin tərəfdarıyıq".
Qeyd edək ki, Arif Hacılının qardaşı Vaqif Hacıbəylinin sədri olduğu "Əhrar" və baqşa bir neçə "cırtdan" partiyalar da Müsavatın hegemonluğuna "sığınır".
Hacılı öz günahını başqalarının üzərinə atır: "Təcrübədən bilirik ki, partiyaların vahid mərkəzdə birləşməsi istiqamətində aparılan müzakirələr onlar arasındakı münasibətlərin daha da korlanması ilə nəticələnir..."
Daha bir maraqlı məqam Arif Hacılının "Antiböhran koalisiyası"nda təmsil olunmamasına səbəb kimi, oradakı təşkilatları günahlandırması olub. Çünki bəlli olduğu kimi, Müsavat partiyası hazırda AXCP ilə düşmən mövqeyindədir və bu düşmənçiliyin əsası uzun illər bundan öncəyə təsadüf edir. Səbəb isə əsas aparıcılıq funksiyası uğrunda olan savaşlardır. AXCP bir, Müsvat isə digər tərəfdən liderliyi ələ almaqdan ötrü daha öncə forlamaşdırılmış birliklərin, blokların və koalisiyaların pozulmasında iştirak ediblər. İndi isə Müsavat başqanı Arif Hacılı iddia edir ki, əgər partiyası "Antiböhran koalisiya"sına qoşularsa, münasibətlər yenidən korlanacaq: "Təcrübədən bilirik ki, siyasi partiyaların vahid mərkəzdə birləşməsi istiqamətində aparılan müzakirələr bir qayda olaraq, siyasi partiyalar arasında münasibətlərin daha da korlanması ilə nəticələnir..."
Göründüyü kimi, Hacılı bəri başdan öz təqsirlərini başqalarının üzərinə yıxmaqla, yaxasını kənara çəkməyə çalışıb. Yəni münasibətlərin korlanması təcrübəsinin əsasını qoyan partiyalardan birincisi məhz Müsavat partiyasıdır. Təbii ki, AXCP də bu birinciliyi qoruyub-saxlamaqdadır.
VİP sədri Əli Əliyev: "Biz Müsavata əməkdaşlıq təklifi etməmişik"
"Antiböhran koalisiya"sının digər nümayəndəsi, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə Müsavat baqşanı Arif Hacılının açıqlamasından doğan fikirləri şərh edərkən belə qənaətə gəlib ki, əslində, Hacılı onların təkliflərini səhv başa düşüb. VİP sədrinin sözlərinə görə, "koalisiya" Müsvata, həmçinin AXCP və "Milli Şura"ya heç də əməkdaşlıq təklifi etməyib, əksinə, debata dəvət edib: "Biz məsələləri debat şəklində müzakirə etməyin tərəfdarıyıq. Bu məqsədlə də "Milli Şura" və Müsavata təklif etmişik. Eyni zamanda, biz problemləri jurnalistlərin qarşısında debat şəklində müzakirə etməyi vacib sayırıq. Bu, fərqli taktika təklif edən mərkəzlərin hansının cəmiyyətdə haqlı olması qənaətinin hasil olması üçün edilir..."Koalisiya" Müsavata əməkdaşlıq təklifi etməyib ki, onun hansısa tərəflərini müzakirə etsin. Bizim təklifimiz budur ki, fikir müxtəlifliyi olan məqamlar ictimaiyyət qarşısında müzakirə edilsin, cəmiyyət də kimin haqlı olduğunu görsün. Hesab etmirəm ki, Koalisiyanın nümayəndəsi Sərdar Cəlaloğlu görüş zamanı Arif Hacılıya əməkdaşlıq formatı təklif edib və ya bu mövzuda danışıb. Bizim təklifimiz konkret şəraitdə konkret mövzu ətrafında müzakirələri ehtiva edir. Biz tərəflərə əməkdaşlıq təklifi verməmişik".
Nəticə etibarilə görünən budur ki, Hacılı reallıqda "Antiböhran koalisiyası"nın təklifini anlayıb, sadəcə özünü bilməzliyə vuraraq, debat baş tutarsa, məğlub ayrılacağını dərk edir. Ona görə də özünü sındırmamaqdan ötrü, guya ADP sədrinin ona əməkdaşlıq təklifi etdiyini deyib. Lakin fakt budur ki, müxalifətdaxili mövcud vəziyyətdə nə Müsavatın, nə AXCP-nin, nə də "Milli Şura"nın heç bir nüfuzu, gücü olmayıb. Hazırkı məqam da bunu kifayət qədər sübut edir.
Rövşən NURƏDDİNOĞLU