PDF Oxu

Müxalifət

  • 10 727

Cəmil Həsənli "Milli Şura"dan qovulur

image

Cavid Musazadə: "Milli Şura" pul qazanmaq üçün bir oyun idi"

Elçin Mirzəbəyli: "Görünür ki, yeni sifariş hələ gəlməyib"

"Milli Şura" Azərbaycan müxalifət düşərgəsinə yeni-yeni problemlər, həlli mümkün olmayan məsələlər gətirdi. Bu qurumun yaradılması ilə bir neçə ildir ki, ətrafındakıları "hakimiyyətə gələcəkləri" ilə aldadan Əli Kərimli və Cəmil Həsənli hazırda tamamilə təklənmiş durumdadırlar. Daha doğrusu, artıq C.Həsənli və Ə.Kərimli ilə aralarındakı bütün körpülər yanıb. "Milli Şura" adlı qurum Müsavat, KXCP kimi partiyaların Əli Kərimliyə etiraz olaraq qurumu tərk etmələrindən sonra iflas etmişdisə, elə bu adamın siyasi kariyerasına da narazı cəbhəçilərin qurultayı son qoydu. Hər iki hadisə Əli Kərimlini "Milli Şura" qarışıq siyasi səhnədən uzaqlaşdırdı. Bu gün də "Milli Şura"da Əli Kərimli və özünün layiqli davamçısı Cəmil Həsənli, sözünün dalını-qabağını bilməyən Eldəniz Quliyevdən başqa heç kəs qalmayıb. AXCP-nin hüquqi təmsilçiyinin itirməsindən sonra isə Əli Kərimli və "Milli Şura"nı don vurdu. Fuad Qəhrəmanlının həbsi, Natiq Ədilovun Fransaya qaçması, Həsən Kərimovun gözlənilməz vəfatı, Əbülfəz Qurbanlının istefası Əli Kərimli üçün ağır zərbə idi. Beləliklə, bu gün potensial tərəfdar yoxluğu və sözünü deyənlərin ətrafında olmaması bu donu açılmağa qoymur. Aldığı ağır və gözlənilməz zərbələr Əli Kərimli və "Milli Şura"da bir süstlük və tənbəllik yaratdı. Nəticə olaraq da son aylarda nə "Milli Şura", nə də Əli Kərimli tərəfdarları bir araya toplanır. Siyasətdə və öz kariyerasının son dönəmlərini yaşayan "Milli Şura" sədri Cəmil Həsənli də sosial şəbəkələrdə vaxt öldürən Əli Kərimli kimi gününü bir sıra QHT-lərin keçirdikləri tədbirlərində başa vurur. Artıq C.Həsənli ilə Ə.Kərimli arasında, ümumən cəbhəçilər arasında narazılıq pik həddə çatıb. Əldə olunan informasiyalara görə cəbhəçilər onu "Milli Şura"dan uzaqlaşdırmağa çalışırlar. Onlar C.Həsənlinin müxtəlif tədbirlərdəki iştirakını, eləcə də verdiyi vədlərə əməl edə bilməməsini həzm edə bilmirlər.

"Milli Şura"dakı ağır duruma münasibət bildirən alternativ AXCP-nin sədr müavini Cavid Musazadə deyib ki, "Milli Şura" layihəsində bir oyun var idi: "Bu birliyə olan xarici müdaxilələr də hiss olunurdu. Rüstəm İbrahimbəyovun bu qurumun rəhbərliyinə gətirilməsi də bu oyunun bir tərkib hissəsiydi. İbrahimbəyov da Rusiyaya sığındı, ölkəyə qayıtmadı. Hansı ki, qurum üzvlərinə "gəlirəm", "gələcəm" demişdi. Lakin gəlmədi və Cəmil Həsənli qabağa çəkildi. O, qurumda Əli Kərimlinin siyasi kursunu davam etmək üçün gəlmişdi. Bu da "Milli Şura"nın fiaskosu oldu. "Milli Şura" həm də pul qazanmaq üçün qurulmuş oyun idi. Cəmil Həsənli də "Milli Şura"ya sədr gəlməklə əslində, Əli Kərimlinin siyasi ölümünün qarşısını aldı. Sonrakı proseslərdə də "Milli Şura" özünü ciddi olaraq göstərə bilmədi. Çünki planlaşdırılmanın özü iflas etmişdi, nəticədə qurum öz əhəmiyyətini itirdi. Bu gün də "Milli Şura"nın sosial bazası yoxdur. Burada Əli Kərimli tərəfdarları ilə yanaşı, bir neçə adamdan başqa heç kəs qalmayıb. Onların da çoxusu özünü biabır edib. Biri də Eldəniz Quliyevdir. Bu adam müəyyən əxlaqsız davranışı və sözləri ilə özünü nüfuzdan saldı. Digər ziyalılar da gördülər ki, "Milli Şura" perspektivi olmayan qurumdur, abırlarına qısılıb getdilər. "Milli Şura" fiaskoya uğrayıb".

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də "Milli Şura"nın hazırkı vəziyyətinə münasibət bildirib. O, qeyd edib ki, ölkə və regionda baş verən hadisələrə intellektual müstəvidən yanaşmaq tələb olunur, ona görə də indiki şəraitdə insanlar daha çox ağıllı təkliflərlə ortaya çıxmalıdırlar: "Bu, həm ölkədə gedən ictimai-siyasi prosesləri, həm də beynəlxalq hadisələri şərh etmək baxımından olmalıdır. Məsələləri daha intellektual səviyyədə şərh etmək baxımından bu adamların imkanları yoxdur. Ritorika və pafos da heç kəs tərəfindən qiymətləndirilmir, dinlənilmir. Çıxan hay-küy də yalnız sosial şəbəkələrdə fikirləri sağlam olmayan insanların arasındadır. Azərbaycan əhalisi ictimai-siyasi proseslərə kifayət qədər soyuqqanlı yanaşır. Güman edirəm ki, bu insanlar bunları görməyəcək dərəcədə də ağılsız deyillər. Yəqin ki, hiss edirlər. Alternativ fikir ortaya qoymaq imkanları olmadığı üçün susub, arxa fonda dayanırlar. Nə vaxt ki, hansısa beynəlxalq qurumların Azərbaycana qarşı aqressiv münasibətləri ortaya çıxacaqsa, bu adamlar yenə hərəkətə keçəcəklər. Son zamanlarda Azərbaycanın həm ABŞ, həm də Avropa İttifaqı ilə əlaqələrində nəzərəçarpacaq pozitivlik hiss olunur. Eyni zamanda, Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumuna dünyanın bir çox ölkələrinin rəhbərlərinin qatılması da bunların susqunluğunu şərtləndirən amillərdir. Bu adamlar həmişə kənardan sifariş gözləyirlər. Görünür ki, bu sifariş hələ gəlməyib".

Samir

Digər xəbərlər