Arzu Nağıyev: "Ermənistan prezidenti Rusiyaya həm təlimat almaq, həm də gələcək addımlarını müəyyənləşdirmək üçün gedib"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- Arzu müəllim, Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya səfər edib. Bu səfərin görünməyən tərəfləri barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, səfərin məqsədi regionda baş verən proseslər, Rusiyanın hərbi-sənaye kompleksinin rəhbərlərinin Azərbaycana gəlişi və Azərbaycanda "Cənub Qaz Dəhlizi" ilə bağlı keçirilən müzakirələrlə bağlıdır. Ermənistan Azərbaycanın regionda müəyyən bir addım atacağı qorxusundadır. Bütün bunlara görə Ermənistan prezidenti Rusiyaya həm təlimat almaq, həm də gələcək addımlarını müəyyənləşdirmək üçün gedib. Yəni əsas məsələ Azərbaycanın bügünkü uğurla inkişaf edən durumunu müzakirə etmək olub.
- Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın tutduğu ədalətli mövqeyə görə, Vladimir Putinə "təşəkkürünü" bildirib. Təəccüblü deyilmi?
- Sarkisyan və digərləri Ermənistanda qan üzərindən hakimiyyətə gəliblər və əksəriyyəti də keçmiş səhra komandirləridir. Ancaq inanmıram ki, Sarkisyan Rusiyaya səfər edib Dağlıq Qarabağ münaqişəsini həll edə bilər. Çünki Sarkisyan Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etsə, gərək özü dövlət başçısı olmaqdan imtina etsin. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Ermənistan hakimiyyətinə müəyyən təlimatlar verir və bugünkü status-kvonun saxlanmasının səbəkarlarından ən başlıçasıdır.
- Son vaxtlar cəbhədə insan tələfatının baş verməsi fonunda Sarkisyanın səfərinin reallaşması onu deməyə əsas verirmi ki, vəziyyətin gərginləşməsində Sarkisyan rejimi maraqlıdır?
- Təbii ki, maraqlıdır. Qeyd etyim kimi, burada Sarkisyan və onun komandasının müqəddəratı ortaya qoyulub. Nə qədər atəşkəs pozulsa, danışıqlar prosesi uzanır. Hətta Rusiya prezidentinin köməkçisi Peskovun ikibaşlı bəyanatı da bununla bağlıdır. Onun bildirdiyinə görə, münaqişənin həlli Azərbaycan və Ermənistandan asılıdır. Bu, bir tərəfdən normal bəyanatdır, yəni qondarma rejim tərəf kimi qəbul edilmir. Digər tərəfdən isə iqtisadiyyatının 90 faizindən çox hissəsinin Rusiya tərəfindən idarə edildiyi fakt olan Ermənistan artıq yoxdursa, Azərbaycan qarşısında Rusiyanı görə bilər.Yəni bütün bunlar vəziyyəti gərginləşdirən faktorlardır və Sarkisyan rejimi də bunda maraqlıdır.
GÜLYANƏ