PDF Oxu

Müxalifət

  • 1 898

Yenə ara qarışdı

image

TƏRS BAXIŞ

"Antiböhran koalisiyası" ilə Müsavat tədbirkeçirmə yarışına çıxıblar

"Antiböhran koalisiyası"nın bu günlərdə keçirdiyi növbəti toplantısı başa çatar-çatmaz Müsavat partiyasının yedəyində sabiq başqan İsa Qəmbər tərəfindən özünüsığorta məqsədi ilə yaradılmış "Milli-Strateji Düşüncə Mərkəzi" ("MSDM") dərhal tədbir keçirəcəyini bəyan edib. Məsələ ondadır ki, "AK"-nın sonuncu toplantısında cəmləşən partiyalar Müsavat, AXCP, "Milli Şura" və onlara dəstək verməyən digər qurumlara "Siyasi müxalifətin problemləri" mövzusunda debatların keçirilməsinə dair etdikləri müraciəti yenidən müzakirəyə çıxarıblar. Daha dəqiq deəsk, adıçəkilən qurumlar təklif edilən debatları rədd edərək, çıxış tolunu dinləmələr keçirməkdə gördüklərini bildiriblər. Təbii ki, dinləmələrdə iştirak etsələr belə, ortada ümumi razılığın, konsensusun olmayacağını bəri başdan düşünmək mümkündür. Mövcud fikir və mövqe ayrılıqları, birinin radikal, digərinin isə loyal siyasətə üstünlük verməsi, necə deyərlər, iki qoçun başının bir qazanda qaynaya bilməməsi faktını kifayət qədər isbatlayır. Hətta belə demək mümkündür ki, Müsavat, AXCP, "Milli Şura" təmsilçiləri dinləmələrin baş tutmaması, "AK" tərəfindən nəzərdə tutulan planın pozlulması üçün bir araya gəlsələr də, ortada səmimiyyətin olmadığını aşkar şəkildə görmək mümkündür.

İsa Qəmbər tamamilə siyasətdən silinəcəyindən ehtiyat etdiyi üçün davamlı tədbirlər keçirməyi qarşısına məqsəd qoyub

Maraqlı məqamlardan biri də İsa Qəmbərin sədri olduğu "MSDM"-in "AK" ilə tədbirkeçirmə yarışına çıxmasıdır. Məsələn, əgər "AK" bu günə qədər nə zaman tədbir keçiribsə, "MSDM" də dərhal tədbir keçirib. Buradan belə qənaətə gəlmək mümkündür ki, əslində İsa Qəmbər tamamilə siyasətdən silinəcəyindən ehtiyat etdiyi üçün davamlı tədbirlər keçirməyi qarşısına məqsəd qoyub. Daha dəqiq desək, digər müxalifət partiyalarının keçirdikləri tədbirlər sabiq Müsavat başqanının başa çatan siyasi karyerasını daha da qapatmış olur. Ona görə də "AK"-nin tədbirinin ardınca, "MSDM" tədbir keçirəcəyini bəyan edib. Bəlli olub ki, İsa Qəmbər müxalifətçilik pafosuna söykənərək, "Böhran şəraitində Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirəcəyini planlaşdırıb. İlk başdan deyə bilərik ki, uzun illər rəhbəri olduğu siyasi təşkilatı böhranlı vəziyyətindən çıxara bilməyən İsa Qəmbərin xarici siyasət tematikasına baş qoşması, bu adda tədbir keçirmək cəhdi çox gülünc təsir bağışlayır. Bu, öz yerində...

Onun "AK"-yə yuxarıdan-aşağı baxmasına rəğmən, təkəbbürlü baxışı təsirsiz qalır

Ancaq mövzudan yayınmayaraq qeyd edək ki, "MSDM" sədri öz tədbirini Müsavat partiyasının qərargahında keçirməyi planlaşdırır. Ancaq o, "AK" qarşısında özünü üstün tutmaq üçün "koalisiyanın" heç bir nümayəndəsini tədbirə dəvət etməyib və təbii ki, "Milli Şura"-AXCP cütlüyündən də bu tədbirdə kimsə iştirak etməyəcək. İsa Qəmbərin toplantısına qatılacaq partiyalar isə Hacıbaba Əzimovun sədri olduğu VAMBP, Müsavatın hazırkı başqanı Arif Hacılının qardaşı, "Əhrar" partiyasının sədri Vaqif Hacıbəyli və yenə də İsa Qəmbər tərəfindən xarici təşkilatların sifarişi əsasında yaratdığı "NİDA" təşkilatıdır. Təbii ki, sabiq Müsavat başqanının onlardan başqa kimsəsi qalmayıb və indi də ümidini həmin təşkilata dikib. Bu isə heç nəyi dəyişmir. Hətta onun "AK"-yə yuxarıdan-aşağı baxmasına rəğmən, təkəbbürlü baxışı təsirsiz qalır.

"REAL" da imtina etdi...

Yeri gəlmişkən, heç bir müxalifət qurumlarına qatılmayan "REAL" hərəkatının icraçı karibi, yaxınlarda AXCP və "Milli Şura"ya savaş açmış Natiq Cəfərli bu dəfə Müsavat partiyasını, daha dəqiqi isə, sabiq başqan İsa Qəmbəri və onun sədri olduğu "MSDM"-i hədəfə alaraq, ittihamlı çıxış edib. Onun sözlərindən belə anlaşılır ki, İsa Qəmbərin ətrafı 90-cı illərin köhnə təfəkkürlü müxalifətçiləridir. Ona isə bu cür müxalifətlə iş birliyinə getmək maraqlı deyil. Çünki müxalifətin yenilənməsinə ehtiyac duyulur. Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, ümumiyyətlə, "MSDM"-in tədbirinə dəvət almayıblar və alsalar belə, bu tədbirə maraqları yox səviyyəsindədir: "Dəvət almadığımız üçün də iştirak etməyəcəyik. Əslində, biz bir neçə dəfə belə xarakterli tədbirə dəvət almışıq, lakin iştirak etməmişik. İsa Qəmbərin təşkil etdiyi ilk tədbirdə şəxsən özüm iştirak etmişdim. Tədbirdə bəzi fikirlərin təkrarlandığı, yeni fikirlərin müzakirəsi üçün ortamın əlverişli olmadığını, habelə 1990-cı illərin bəzi siyasətçilərinin burada iştirak etdiyini nəzərə alaraq, sonrakı tədbirlərə dəvət alsaq da, iştirak etmədik. Odur ki, bizim bu tədbirə dəvət edilməməyimiz normal haldır".

Göründüyü kimi, "REAL" rəsmisinin sözləri haqlıdır və onun ittihamı da yerində səslənib. Əgər belə olmasaydı, uzun illər İsa Qəmbərlə bir olmuş digər müxalifətçilər - hazırda "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın sədri olan sabiq müsavatçı Qubad İbadoğlu, "El" Hərəkatının sədri Eldar Namazov, və digərləri də onu tərk etməzdilər. Bu səbəbdən, "MSDM"-in "AK" ilə tədbirkeçirmə yarışına qatılması ona uğurlu heç nə vəd etmir. Bəlkə də "AK"-nin də çəkdiyi "zəhmətlər" hədər gedir. Çünki ortada ictimai maraq yoxdur.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər