Mirmahmud Mirəlioğludan imtina edənlər hücum astanasındadırlar
Artıq bir neçə ildir ki, Klassik Azərbaycan Xalq Cəbhəsi (KXCP) partiyasındakı mövcud qarşıdurmalar səngimək bilmir. Partiya daxilində artan narazılıqlar oradakı vəziyyəti mürəkkəbləşdirməklə yanaşı, sədr Mirmahmud Mirəliğlunun da nüfuz şkalasını aşağı endirir. Xatırlatmaq yerinə düşərdi ki, narazı "klassiklər" tərəfindən yaradılmış "Demokarik Birlik Fraksiyası" nə qədər cəhd göstərsələr də, KXCP sədrini kreslosundan devirə bilmədilər. Buna rəğmən, partiyadaxili narazılıqların mövcudluğunu inkar etməyən Mirəlioğlu təşkilatın növbəti qurultayında sədrlik postundan gedəcəyini istisna etməyib. Ancaq onun bu kimi açıqlaması da heç nəyi dəyişməyib. Narazılar sədrin dərhal getməsini tələb etməkdə davam edirlər.
Oqtay Gülalıyev: "Müzakirələrə qatıldım və sözümü dedim"
KXCP sədrindən narazı olan tərəflərdən biri də uzun illər onunla çiyin-çiyinə siyasi xətt tutmuş Oqtay Güləliyevdir. Partiyanın idarə heyətinin üzvü olmaqla yanaşı, həm də sədr müavini vəzifəsini icra etmiş Gülalıyev məhz Mirəlioğlunun hədəfinə tuş gəldikdən sonra həmin vəzifələrini itirmiş oldu. Buna səbəb isə onun idarəçilikdə olan boşluqlar, KXCP-nin siyasi proseslərdən kənar qalması kimi amilləri ortyaya qoyması, bütün bunların səbəbkarı kimi, məhz Mirmahmud Mirəlioğlunu göstərməsi olub.
Lakin bu gün hər iki KXCP-çi arasında suların durulduğunu deyənlər tapılsa da bu iddia öz əksini tapmayıb. Hətta Oqtay Gülalıyev Mirmahud Mirəlioğlunu növbəti dəfə tənqid atəşinə tutub. O bildirib ki, hazırda partiyada tutduğu post yalnız ali məclisin üzvlüyüdür: "Mən ali məclisin üzvüyəm. KXCP idarə heyəti və sədr müavinliyindən uzaqlaşdırılandan sonra xeyli müddət idi ki, partiya rəhbərliyi ilə təmaslarım yox idi. Ali məclisin üzvü olduğum üçün sessiyaya dəvət edildim və iştirak etdim. Eyni zamanda, müzakirələrə qatıldım və sözümü dedim".
"Demokratik Birlik Fraksiyası" və Oqtay Gülalıyev eyni maraqdan çıxış edirlər
Göründüyü kimi, Gülalıyevin müzakirələrə qatılaraq, sözünü deməsi bu anlamı verir ki, o öz tələblərini qüvvədə saxlamaqda davam edir.
Gülalıyev deyib ki, əslində onun hədəfi və məqsədi KXCP-də vəzifə tutmaq deyil: "Bunu sessiyada çıxışım zamanı da dedim. İstəyim partiyanın güclənməsi, öz hədəflərinə yaxınlaşmasıdır".
Narazı KXCP funksioneri "Demokratik Birlik Fraksiyası", eləcə də partiyada qalıb aktiv siyasətlə məşğul olmayan şəxslərlə görüşlər keçirdiyini və mübarizəsini davam etdirəcəyini də istisna etməyib.
Nəticədə, KXCP rəhbərliyinin dedikləri isbatlanmış olmur. Partiyada sular durulmamaqla yanaşı, vəziyyət daha da gərginləşir. Bu isə nə Mirəlioğluna, nə də, ümumilikdə partiyanın maraqlarına cavab vermir.
Rövşən RƏSULOV