SİYASİ RAKURS
Yaxud Qubad İbadoğlu tammiqyaslı hücuma keçir
Sirr deyil ki, Müsavat partiyasının başqanı Arif Hacılını istiqamətləndirən, yəni onu idarə edən əsas tərəf bu təşkilatın sabiq başqanı İsa Qəmbərdir. Artıq bu barədə kifayət qədər faktlar, sübutlar, dəlillər ictimai rəyin diqqətinə çatdırılıb və mətbuat indi də həmin faktları işıqlandırmaqda davam edir. Xüsusilə, Müsavatın qalmaqallı və saxta nəticələrə hesablanmış qurultayı da bu cür düşünməyə əsas verir ki, İsa Qəmbər başqanlıq postunu planlı qaydada Arif Hacılıya peşkəş edib. Yəni ortada heç bir demokratik və şəffaf seçki olmayıb. Biz, hətta bunu Müsavatın qurultayında başqanlıq seçkiləri keçirilməmişdən öncə elə İsa Qəmbərin dilindən də eşitdik. O, aşkar şəkildə öz partiyasının müddəalarını pozaraq, qurultay iştirakçılarını məhz Arif Hacılıya səs verməyə bu və ya digər şəkildə dəvət etmişdi. Nəticədə, onun istəyi ilə, bəli, məhz İsa Qəmbərin istəyinə əsasən Arif Hacılı başqan seçildi.
Planlarının öhdəsindən gələcəyini yəqin edən İsa Qəmbər ciddi yanlışlığa yol verib
Təbii ki, Müsavat başqanı sonradan bu prosesin partiya üçün böyük itkilər verəcəyini yaxşı bilirdi. Məsələn, başqanlığa namizədlərin və onların tərəfdarlarının istefaya gedəcəklərini, hətta yeni təşkilatlar yaradıb Müsavata qarşı alternativ olacaqlarını da dərk edirdi. Ancaq bütün bunların öhdəsindən gələcəyini yəqin edən İsa Qəmbər bu mövzuda ciddi yanlışlığa yol verdi, indi də həmin yanlışlığının altını çəkməkdədir. Yağışdan çıxıb yağmura düşən İsa Qəmbər partiyadan incik düşüb ayrılanların sonradan alternativ qüvvəyə çevrilərək, Müsavata köklü zərbələr vuracaqlarını hesablamamışdı. Artıq nə o, nə də öz yerinə qeyri-demokratik qaydada təyin etdiyi Arif Hacılı çıxış yolu tapmaqda çətinlik çəkir, qeyri-müəyyənlikdə qalırlar.
İlk zərbə Tural Abbaslıdan gəlsə də, sonuncu zərbəni Qubad İbadoğlu vuracaq
Məsələn, öz ətrafına sabiq müsavatçı gəncləri toplamağı bacaran başqanlığa keçmiş namizəd Tural Abbaslının "Ağ Blok" adlı qurumunu "Ağ Partiya"ya çevirmək manevrləri reallaşmağa başlayan andan etibarən Arif Hacılı qarşı tərəfə heç bir təsir etmək gücündə olmadığını fəaliyyəti ilə etiraf etmiş olub. Onun partiyadakı ittihamçı qrupları, ümumiyyətlə, Tural Abbaslıya diş batıra bilməyiblər. Əksinə, Tural Abbaslı zaman-zaman mətbuata çıxaraq, Müsavat daxilindəki rejimi alt-üst edib. Lakin ilk zərbə Tural Abbaslıdan gəlsə də, sonuncu zərbəni Qubad İbadoğlu vuracaq. Bunun üçün isə kifayət qədər əsaslar var.
Ötən müddətdə ADR-i məhv etmək üçün İsa Qəmbər və Arif Hacılı cütlüyünün göstərdiyi təşəbbüsləri boşa çıxıb
Lakin daha güclü alternativ güc digər başqanlığa namizəd -Azərbaycanda Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu və onun tərəfdarlarıdır. Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşərdi ki, bu gün ADR-də toplananların demək olar ki, əksər çoxluğu Müsavat partiyasının yaradıcılarındandırlar. Onlar uzun illər məhz İsa Qəmbərin yalanları, boş vədləri, populist çıxışları ətrafında toplaşıb, acı məğlubiyyətlər yaşamış adamlardırlar.
O cümlədən, Qubad İbadoğlunun siyasi bilgisi və taktikalarının özlərindən üstün olduğunu dərk etdiklərinə görə onun başqanlıq yoluna sədd çəkən Qəmbər-Hacılı cütlüyü indi bu sınağı öz üzərlərində hiss etməyə başlayıblar. Özü də real olaraq. Artıq ADR Müsavat qarşısında elə bir quruma çevrilib ki, istənilən müxalifətdaxili seçkidə onu məğlub edərək, siyasi səhnədən silə bilər.
Beləliklə, məsələnin məğzi, nəticəsi tamamilə aydın və aşkar şəkildə görünməkdədir. Məsələ isə ondadır ki, uzun müddət ABŞ-da səfərdə olan Qubad İbadoğlu artıq Bakıya qayıdır. Ötən müddətdə ADR-i məhv etmək üçün İsa Qəmbər və Arif Hacılı cütlüyünün göstərdiyi təşəbbüsləri isə boşa çıxıb. Məsələn, onlar Qubad İbadoğlu Bakıda olmaya-olmaya onun qurumunu dağıda bilməyiblərsə, demək, məmləkətə dönüşündən sonra, ümumiyyətlə, heç bir təsir imkanına malik ola bilməyəcəklər. Onlar bunu artıq şüurlu şəkildə dərk etməyə başlayıblar.
İsa Qəmbərin özünüsığorta məqsədilə yaratdığı "Milli-Strateji Düşüncə Mərkəzi" də işinə yaramayacaq
Nəticədə, ADR hərəkatının fəaliyyəti Müsavata nisbətdə daha qabarıq göründüyü kimi, Qubad İbadoğlunun qayıdışından sonra Müsavatın mövcud rəhbərliyinin siyasi arenadan silinəcəyi ehtimalları da artmağa başlayır. Təbii ki, həm İsa Qəmbərlə, həm də Arif Hacılı ilə köhnə ədavətləri olan sabiq Müsavat qurucularının da deməyə öz sözləri var. Bununla da nəticəyə gəlinə bilər ki, İsa Qəmbərin bir neçə il öncə qurduğu plan tamamilə iflasa uğrayıb. Hətta onun başqanlıqdan getdikdən dərhal sonra özünüsığorta məqsədi ilə yaratdığı "Milli-Strateji Düşüncə Mərkəzi" də işinə yaramayacaq.
Rövşən RƏSULOV