KXCP böyük çaxnamşa astanasında
Bir neçə il öncə Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) daxilində sədr Mirmahmud Mirəlioğlunun rəhbərliyinə qarşı başladılmış etirazlar dalğasının davamı hələ də səngiməyib. Məsələ ondadır ki, hələ bir neçə il öncə, narazıların partiyadaxili "Demokratik Birlik" fraksiyası yaratmalarından sonra onların təşkilat sıralarından çıxarılmaları vəziyyəti dəyişməmişdi. Yəni həmin şəxslər bu gün də özlərini partiya üzvü kimi görməkdə davam edirlər.
Lakin ötən ilin sonlarından başlayaraq, Mirmhmud Mirəlioğlunun öz müavinini - Oqtay Gülalıyevi tutduğu postundan azad etməsi onun avtomatik olaraq, KXCP-nin ali məclis üzvlüyündən də çıxması ilə nəticələnib. Eyni zamanda, Gülalıyev tərəfdarlarının da sədrə qarşı çıxması vəziyyəti gərginləşdirib. Nəticədə, vəziyyətin daha da gərgiləşəcəyini, xüsusilə indiki dövrdə sədrlik postunun əldən veriləcəyindən ehtiyat edən Mirmahmud Mirəlioğlu çətin vəziyyətdə qaldığını dərk edir. Çünki Oqtay Gülalıyev vaxtilə onun ən yaxın adamlarından biri olduğu üçün bütün sirlərinə bələddir. Belə adamın müavin postunda qalması isə KXCP sədrinə zərər vura bilər. Bunun isə daha bir səbəbi var.
"Klassik" cəbhəçinin AXCP sədri Əli Kərimlinin nəzarəti altında olan "Milli Şura"ya xidmət etməsi Mirəlioğlu üçün böyük xəyanətdir
Bəllidir ki, Oqtay Gülalıyev, eyni zamanda "Milli Şura"nın mətbuat xidmətinin rəhbəridir və fəaliyyətinin əksər vaxtını KXCP-yə deyil, "Milli Şura"ya sərf edir. Bu isə, əlbəttə ki, Mirmahmud Mirəlioğluna sərf etmir. Daha dəqiq desək, "klassik" cəbhəçinin AXCP sədri Əli Kərimlinin nəzarəti altında olan "Milli Şura"ya xidmət etməsi Mirəlioğlunu qane etməyən məsələdir. Çünki Əli Kərimli Oqtay Gülalıyevi artıq ələ alıb və gələcəkdə ikincinin KXCP-də xəfiyyəçilik etməsi reallaşa bilər. Bu səbəbdən, Mirəlioğlunun Gülalıyev barədə ölçü götürməsi anlaşılandır. Baxmayaraq ki, Gülalıyev istefaya göndərilməsi ilə bağlı, hələlik, kəskin bəyanatlar səsləndirməyib.
Oqtay Gülalıyev: "Mirmahmud bəy "Milli Şura"dan kənarda qaldığı üçün fərqli mövqedə dayandığımı bəyan etdim"
O deyib ki, KXCP-də özü ilə bağlı baş verənlər çox kiçik məsələdir: "Bunu bu qədər şişirtməyə və buna görə inciməyə dəyməz".
Ancaq o, bəri başdan Mirmahmud Mirəlioğlu ilə bir sıra məsələlərdə eyni fikri bölüşmədiyini də deyib. Sitat: "Partiyanın sədri hörmətli Mirmahmud bəylə bir sıra məsələlərə fərqli baxışlarımız var. Partiyanın hazırkı siyasi kursu, yürüdülən siyasi fəaliyyət, xüsusən təşkilatımızın "Milli Şura"dan kənarda qalması, dialoqda iştirak etməsi və s. məsələlərdə fərqli mövqedə oldum..."
Gülalıyev KXCP-də narazıların qiyamını hazırlayır
Lakin daha bir maraqlı və kifayət qədər üsyana çağırış kimi anlaşılan daha bir məqama diqqət yetirək. KXCP sədrinin sabiq müavini bildirib ki, onun Mirmahmud Mirəlioğlu olmaqla, partiyanın rəhbərliyində təmsil olunan bütün şəxslərlə normal münasibəti var: "Kimsəylə problemim yoxdur. Problemlərə fərqli baxışlarımız bu münasibətlərə hər hansı xələl gətirmir. Mən KXCP- nin sıravi üzvü olaraq partiyada fəaliyyətimi davam etdirəcəm. Bilirəm ki, partiyada mənim kimi düşünən xeyli sayda fədakar və mübariz insanlar var".
Fikir versək, o, son cümləsində onun kimi düşünən, yəni etirazçı mövqeyində olan kifayət qədər adamın olduğunu gizlətmir. Hətta bununla etirazçı "klassikləri" dolayı yolla üsyana çağırır. Bu isə məhz "Milli Şura" rəhbərliyinin ona verdiyi təlimat kimi də qiymətləndirilə bilər.
Yeri gəlmişkən, onu da qeyd etmək olar ki, artıq "Milli Şura"da təmsil olunan digər tərəflər də KXCP-yə qarşı Oqtay Gülalıyevlə başladılan oyunun üzvlərinə çevriliblər. Məsələn, Vidadi Mirkamal Mirmahmud Mirəlioğlunun "Milli Şura"da təmsil olunmamasını doğru saymamaqla yanaşı, onu kənar adamların çaldığı havalarla oynadığını deyib. Təbii ki, bu faktor da nəzərdən yanınmadığı üçün KXCP-də ciddi və kəskin çaxnaşmaların baş qaldıracağı və bunun qısa müddət ərzində olacağı istisna edilməyə bilməz.
Rəfiqə HÜSEYNOVA