AXCP fəalı: "Çingiz Əli Arif Hacılının tapşırığı ilə AXCP haqqında belə danışır"
Müsavat partiyasının funksioneri Çingiz Əli müxalifətin birliyi haqqında fikirlərini ifadə edib. Öncədən qeyd edək ki, o, Müsavat başqanı Arif Hacılıya yaxınlığı ilə seçilir. Ç.Əli bəyan edib ki, "Milli Şura"da ancaq bir partiya fəaliyyət göstərir və orada qəbul edilən qərarlar, əslində, AXCP-nin verdiyi qərarlardır: "İndiki situasiyada müxalifətin işbirliyinə varması üçün ən düzgün yol Müsavat partiyasının təklif etdiyi funksional əməkdaşlıqdır. Yoxsa partiyalarüstü yeni bir qurum yaratmaq, ona rəhbər seçmək, səsvermə ilə qərarlar qəbul edərək uğurlu nəticələr əldə etmək mümkün deyil. Çünki hər təşkilatın özünün istədiyi qərarları qəbul edilməsini və bunun üçün təmsilçilərinin sayını artırmağa çalışacaq. Partiya bağları hər zaman yeni yaradılan birliklərdən daha güclü olduğundan demokratik üsullar burada işlənməz bir hala gələcək. Bu kimi halları biz "İctimai Palata" və "Milli Şura"nın simasında müşahidə etdik. Azərbaycan artıq partiyalaşma mərhələsinə keçdikdən sonra yenidən ümumi nəsə yaratmaq praktik deyil. Mümkün olsaydı, elə müxalifətdə olan partiyalar özlərini buraxaraq, bir təşkilatda birləşərdilər". Çingiz Əli daha sonra qeyd edib ki, indiyə qədər "Milli Şura" ona görə "davam" gətirir ki, burada bir partiyanın hegemonluğuna qarşılıq verəcək başqa qüvvələr yoxdur.
Məsələyə "Milli Şura"nın üzvü Eldəniz Quliyev də münasibət bildirib. O, qeyd edib ki, Çingiz Əli səhv edir: "İndi hamı ağzına gələni danışır, qələt edirlər. Bizi Rüstəm İbrahimbəyovla görüşdüyümüzə görə də tənqid və təhqir edirlər. Onları başa düşürəm, çünki edə bilmədiklərini "Milli Şura" edib.
E.Quliyev jurnalistin "Milli Şura" nə edib" sualına isə "onu gedin Musavatdan soruşun" cavabını verərək telefonu qapadıb.
AXCP fəalı Rafiq Nemətov sosial şəbəkədə hər iki tərəfin fikirlərinə öz münasibətini bildirib. Çingiz Əlini satqın adam kimi tanıdığını deyən Rafiq Nemətov qeyd edib ki, o, vaxtilə "kögə hökuməti"ndə baş nazir olmaq istəyirdi: "Kölgə kabinetinin siyahısı tutulanda, ən çox özünü asıb-kəsən müsavatçılar idi. Düzdür, cəbhəçilər də onlardan geri qalmırdı. Çingiz Əli sabah başqa söz deyəcək, o öz sözünü demir. Arif Hacılı nəyi tapşırırsa, onu da danışır. Məni daha çox narahat edən bu adamın nə deməsi deyil. Ona görə narahat oluram ki, bu adam hər gün bir fikrə düşür. Bizimlə görüşəndə isə yeganə çıxış yolunun "Milli Şura" olduğunu deyir".
Samir