PDF Oxu

Müxalifət

  • 2 234

Cəmil Həsənli müxalifətin ağır ittihamlarına məruz qalıb

image

TƏRS BAXIŞ

Bu ittihamlardan Rüstəm İbrahimbəyovla Eldəniz Quliyevə də pay düşüb

Martın 22-də görkəmli dramaturq və keçmiş deputat Maqsud İbrahimbəyovun dəfn mərasimindən sonra həmin mərasimdə iştirak edən bir sıra müxalifət liderləri dar düşüncəli tərəfdarları tərəfindən ağır ittihamlara məruz qalıblar. İttihamlara məruz qalanlar "Milli Şura"nın sədri Cəmil Həsənli, təşkilatın koordinasiya şurasının sədri Eldəniz Quliyev, eləcə də mərhumun qardaşı, "Milli Şura"nın "fəxri sədri" adı altında fəaliyyət göstərən Rüstəm İbrahimbəyov olub. Xüsusilə, C.Həsənli və E.Quliyev "Milli Şura"nın və dağıdıcı müxalifət tərəfdarlarının hücumlarından yaxa qurtara bilməyiblər. Onlar xəyanətdə, prnsipsizlikdə suçlanıblar. Buna səbəb isə mərhum yazıçı Maqsud İbrahimbəyovun həyatının son anlarına qədər dövlətçiliyə, hakim partiyanın, ölkə rəhbərliyinin yürütdüyü siyasətə dstək verməsi olub.

İlk başdan belə qənaətə gələ bilərik ki, uzun illər dağıdıcı müxalifət baxışından o tərəfə keçə bilməyərək qaragüruhçuluq edən istənilən müxalifətçi üçün insani dəyərlər sıfır həddindədir. Yəni onlar üçün, heç bir normal dəyər mövcud deyil. Həmin dəyərlərə az da olsa hörmət göstərən, yaxud da ictimai rəy arasında bunu sərgiləməyə çalışan şəxslərə qarşı isə dərhal ittihamlar irəli sürülür və onların kənara çıxarılaraq əvəzlənmələri istiqamətində planlar işə düşür. Görünür, ona görə də adları çəkilən müxalifət liderlərinin Maqsud İbrahimbəyovun yasına qatılmaları qeyd edilən amili gündəmə çıxarmış olub.

Eldəniz Quliyevin düşərgədaşlarına cavabı: "Bizi qınayanlar qələt edirlər"

Beləlkilə, Cəmil Həsənlini və Eldəniz Quliyevi prinsipsizlikdə suçlayanlar öz "zəhərlərini" buraxdıqdan sonra, qarşı tərəfin də cavabı gecikməyib. Xüsusilə, "Milli Şura"nın koordinasiya şurasının üzvü E.Quliyev həm özünü, həm də C.Həsənlini ittihamlardan müdafiə etmək məqsədilə sərt danışıb. Saytlardan birinə açıqlama verən E.Quliyev deyib ki, onların Maqsud İbrahimbəyovun yas mərasimində iştirakına irad tutanlar qələt edir: "Rüstəm İbrahimbəyov qardaşının yası ilə əlaqədar olaraq Bakıya gəlib. "Milli Şura"dan mən və Cəmil Həsənli Rüstəm müəllimlə görüşdük. Biz, həmçinin Maqsud İbrahimbəyovun dəfn mərasimində də iştirak etdik. Bəzi gənclər buna etiraz edir. Mən Maqsud İbrahimbəyovla bir yerdə işləyəndə, indi bizi qınayan gənclərin atası üçtəkərli velosiped sürürdü..."

Maqsud İbrahimbəyovun iqtidara dəstək göstərməsinə gəlincə, Eldəniz Quliyev deyib ki, bu məsələnin siyasi baxışlara heç bir aidiyyəti olmamalıdır: "...Ölən şəxsin arxasınca danışmaq etik deyil. Bizi qınayanlara gəldikdə isə, bu insanlar qələt edirlər. Maqsud İbrahimbəyovun yas mərasiminə qatılmağımızı müzakirəyə çıxarmaq mənəviyyatdan, tərbiyədən kənar bir şeydir. Bu məsələ barədə deyilənləri də qəbul etmirəm. Çünki bu, müzakirə mövzusu deyil".

ADP sədri Sərdar Cəlaloğlu da deyindi: "Dəfələrlə "Milli Şura"nın üzvü olmayan şəxslər haqqında Eldəniz elə çirkin sözlərdən istifadə edib ki..."

Yeri gəlmişkən, sözügedən prosesdə neytral mövqedə dayanan müxalifət rəhbərləri də bu məsələyə münasibət bildiriblər. Belə ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, əslində nə C.Həsənlini, nə də E.Quliyevi dolğun siyasətçi hesab etmək doğru deyil. Çünki onların qəti mövqeləri heç vaxt olmayıb. Sitat: "Eldəniz Quliyev, Cəmil Həsənli kimi adamları tam siyasiləşmiş adam saymıram. Məsələn, Cəmil müəllim lazım olanda müxalifətin tərəfində olur, lazım olanda hökumətin yanında dayanır. Yazdığı kitabında həm hakimiyyəti tərifləyir, həm də Əbülfəz Elçibəyi. Bu baxımdan, mən Cəmil Həsənlini tam müxalifətçi siyasətçi hesab eləmirəm. O cümlədən Eldəniz Quliyevi də. Eldəniz Quliyevi və Cəmil Həsənlini hakimiyyətdən müəyyən məqamlarda narazı qalan ziyalı kimi qiymətləndirirəm, siyasətçi kimi qiymətləndirmirəm. Bu baxımdan, belə adamların öz sinfindən olan insanlara münasibəti ilə bizim - sırf müxalifətçi siyasətçilərin münasibəti eyni ola bilməz".

ADP sədri "Milli Şura"nın üzvü olan Eldəniz Quliyevin vaxtilə bu quruma üzv olmayanlar, eləcə də özü barədə də təhqirlər səsləndirdiyini xatırladıb: "Dəfələrlə "Milli Şura"nın üzvü olmayan şəxslər haqqında Eldəniz elə çirkin sözlərdən istifadə edib ki, ziyalı adlanan şəxs üçün o cür sözlər çox böyük qəbahətdir. Eldəniz Quliyev elə bilir ki, sözü nə qədər pis şəkildə desən, bir o qədər siyasi müxalifətçi olursan. Eldəniz Quliyev yas yerində iştirak məsələsinə münasibətdə tənqidlərə cavabında üzrü günahından betər hərəkətə yol verib. Müxalifətə qarşı ən radikal çıxışların müəllifi olmuş, düşmənçilik mövqeyi tutmuş bir adamın vida mərasimində iştirak edir, bu azmış kimi, ona irad tutanları da küçə sözləri ilə təhqir edir".

Müsavatçı Razim Əmiraslanlı: "Eldəniz Quliyev acizdir"

"Milli Şura" üzvü olmayan digər partiya üzvü, Müsavat divanının təmsilçisi Razim Əmiraslanlı da ADP sədri ilə eyni mövqeni bölüşüb. Müsavatçı funksioner deyib ki, özünü ziyalı hesab edən şəxs bu cür məsələlərə bir az səbirli və dözümlü yanaşmalıdır: "Təhqir yolverilməzdir. Eyni zamanda, acizlik əlamətidir. Tənqidə təhqirlə cavab vermək həm də Eldəniz Quliyevin acizliyinin nümunəsidir. Mənim subyektiv fikrim ola bilər..."

Rüstəm İbrahimbəyov yenidən "səhnədə"!

Yeri gəlmişkən, elə mərhum Maqsud İbrahimbəyovun "Milli Şura"da vəzifə tutan qardaşı Rüstəm İbrahimbəyov da kifayət qədər çətin duruma düşüb. Xatırlatmaq yerinə düşərdi ki, Maqsud İbrahimbəyov Rüstəm İbrahimbəyovun radikal müxalifət cinahında yer almasını tənqid edib. Məsələn, Rüstəm İbrahimbəyov 2013-ü ildə dağıdıcı müxalifət təşkilatlarının yaratdığı "Milli Şura"nın sədri, o cümlədən, prezidentliyə namizədi olduğu zaman ittiham xarakterli fikirlər səsləndirmişdi. Rüstəm İbrahimbəyov isə ona verilən tövsiyələri qulaqardına vuraraq, yanlış yolunda qalmaqda davam etmişdi. Daha sonra həbs olunacağından qorxan Rüstəm İbrahimbəyov xaricə qaçıb və Azərbaycana qayıtmaqdan imtina etmişdi. Nəticədə, "Milli Şura" özünə yeni rəhbər kimi Cəmil Həsənlini seçmişdi. Ona görə də Rüstəm İbrahimbəyovun Bakıya gəlişi müxalifət düşərgəsinin siyasi dəyərləndirmələrində birmənalı qarşılanmayıb. Burada isə "Milli Şura" üzvləri Rüstəm İbrahimbəyova görə bir-birinə qarşı çıxıblar.

"Milli Şura" üzvləri Rüstəm İbrahimbəyova görə bir-birlərinə "girdilər" Samir Əsədli: "Təşəbbüs qrupunda onun əleyhinə səs vermişəm"

Rafiq Manaflı: "Yalandır, bircə nəfər bitərəf qalıb, o da mən olmuşam"

Məsələn, həm Vətəndaş Hərəkatı Partiyasının (VHP) həm də "Milli Şura"nın üzvü olan Samir Əsədli bəyan edib ki, Rüstəm İbrahimbəyovun quruma nə sədr, nə fəxri sədr, nə də prezidentliyə namizəd olmasına səs verib: "Təşəbbüs qrupu onun namizədliyini irəli sürəndə də əleyhinə səs verdim. Seçki vaxtı "Milli Şura"nın çağırışına gəlmədi..."

Əsədli İbrahimbəyovu vaxtilə "Milli Şura"nın çağırışına məhəl qoymayaraq, indi qardaşının yasına görə Bakıya dönüşünü tənqid edib. O, sözlərini belə "əsaslandırıb" ki, mərhum Maqsud İbrahimbəyov hakimiyyətin mövqeyini dəstəkləyib və ona görə də Rüstəm İbrahimbəyov öz qardaşının yasında iştirak etməməliymiş (?!).

Ancaq VHP və "Milli Şura" üzvünün cavabıını elə bu qurumun səlahiyyətlisi verib və bununla Rüstəm İbrahimbəyov məsələsi yenidən düşərgədəki qarşıdurma ab-havasını qızışdırıb. "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Rafiq Manaflı Samir Əsədlinin yalanını üzünə vuraraq qeyd edib ki, dünən yediyini bu gün unudanlara bir xatırlatma etmək istəyir: "Rüstəm İbrahimbəyov VHP-nin qərərgahında yekdilliklə "Milli Şura"nın sədri seçilib. Əleyhinə olan, bitərəf qalan olmayıb. Prezidentliyə "Milli Şura"nın vahid namizədi kimi də yekdilliklə seçilib. Bircə nəfər bitərəf qalıb, o da mən olmuşam. Qardaşının yasına gəlməsini alqışlayıram. Bəzi mentalitet güruhçularına tutarlı cavabdır".

Göründüyü kimi, bu məsələ hələ çox xəmirin suyunu aparacaq. Xüsusilə, sözügedən mövzu düşərgədə mövcud olan çoxsaylı intriqalara növbəti təsirini göstərəcək. Necə deyərlər, bunlar bir himə bəndiymişlər...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər