Oqtay Gülalıyev: "Rüstəm İbrahimbəyovla görüşmək əhəmiyyətsiz məsələdir"
"Milli Şura" deyilən qurumun keçmiş sədri Rüstəm İbrahimbəyovun Bakıya gəlişindən xəbərdarsınız. Qardaşının yas mərasimində iştirak etmək üçün Bakıya gələn R.İbrahimbəyovun "Milli Şura" üzvləri ilə görüşməməsi də əlavə suallar yaratdı. "Milli Şura"nın yalnız bir partiyadan-AXCP-dən ibarət olduğunu və Əli Kərimli ilə R.İbrahimbəyov arasında yaranan soyuq münasibətləri təhlil etsək, bu, heç də təəccüblü görünməz. Şübhəsiz ki, Cəmil Həsənli uzun müddət R.İbrahimbəyovun AXCP sədrinə olan qəzəbini soyutmağa çalışdı. Lakin nəticə əldə olunmadı. Eləcə də Ə.Kərimlinin Moskvadan umacaqları əlinə gəlmədi, ümidləri daşa dəydi və beləliklə, onun da içində növbəti uğursuzluğa qarşı bir kin-küdurət yaranmış oldu. Hər halda Cəmil Həsənlinin yas mərasimində Rüstəm İbrahimbəyovla görüşməsi heç də siyasi taktika deyil. Bu, sadəcə yarınmaq, özünün "hələ də varıq" cəhdindən başqa bir şey deyil. Ortada çox maraqlı məqamlar var.
Əli Kərimlinin ən yaxın adamlarından hesab olunan "Milli Şura" üzvü Oqtay Gülalıyevin açıqlaması isə haqlı olaraq insanlarda bu qurumun mövcud olmadığı qənaətini yaradır: "Onun gəlişi gözlənilməz olub. "Milli Şura" onun gəlişi barədə məlumatsız olub. Rüstəm müəllimin Bakıya gəlişindən sonra "Milli Şura"nın koordinasiya mərkəzinin toplantısı keçirilməyib. Yaxın günlərdə belə bir toplantı keçiriləcək və ehtiyac duyularsa, bu məsələlər müzakirə ediləcək. Odur ki, burada əlahiddə bir məsələ yoxdur. İbrahimbəyov "Milli Şura"nın üzvüdür və onun qurumun toplantısına qatılması, qurum üzvləri ilə görüşməsi adi bir proseduradır. Ortada görüş təşəbbüsü olmayıb. Bu, bizim üçün adi məsələdir. Əlavə görüşün olub-olmayacağı barədə koordinasiya mərkəzində müzakirə aparılmayıb".
Bir neçə məqama fikir verin, O.Gülalıyev deyir ki, yaxın günlərdə "Milli Şura"nın koordinasiya mərkəzi Rüstəm İbrahimbəyovun qurum üzvləri ilə görüşməməsi məsələsini müzakirə edəcək. Eyni zamanda, o, "fəxri sədr"ləri ilə baş tutmayan görüşü "bu, bizim üçün adi məsələdir" şəklində qiymətləndirir. Deməli, "Milli Şura"da Rüstəm İbrahimbəyov adlı şəxs qalmayıb. Eyni zamanda, bu qurum üçün "fəxri sədr" əhəmiyyətsiz, adi bir məsələdir. Bəs nə üçün Rüstəm İbrahimbəyov hələ də "Milli Şura"nın fəxri sədridir?
Politoloq Ülvi Məmmədov "SƏS" qəzetinə açıqlamasında məsələyə münasibət bildirərkən qeyd edib ki, Əli Kərimlinin sədrlik etdiyi partiya son bir neçə ildə ciddi parçalanmalara məruz qaldı: "Ümumiyyətlə, AXCP müstəqilliyimiz dövründə ən çox parçalanan, simasını tamamilə itirən partiyadır. Bütün tanınmış müxalifət funksionerləri Əli Kərimlini tərk etdilər. Onun sonuncu ümidi "Milli Şura"dır. Rüstəm İbrahimbəyov bu adamların vaxtilə "ümid çırağı" idi. Əli Kərimli ilə Rüstəm İbrahimbəyov arasında münasibətlər çox pisdir. Sadəcə, AXCP sədri bu münasibətləri açıq şəkildə büruzə verib növbəti dəfə itkiyə məruz qalmaq istəmir. "Milli Şura"da ziyalı mühiti saxlamaq üçün bir neçə şəxsin kaprizlərinə dözür. Bilirsiniz ki, Rüstəm İbrahimbəyov şəxsən Ə.Kərimli haqqında heç vaxt normal fikirdə olmayıb. Bütün bunlara baxmayaraq, düşmənçiliyi gizlətmək çox uzun çəkməyəcək. Görəcəksiniz ki, qısa bir zamandan sonra bu qurumdakı nifaq yenidən qızışacaq. "Rüstəm İbrahimbəyov-Əli Kərimli-Cəmil Həsənli" - bu üç şəxsin arasında çox ciddi şəkildə qarşılıqlı ittihamlar səsləndiriləcək".
Samir