PDF Oxu

Müxalifət

  • 3 169

"REAL"-dan iddia - xalq ənənəvi müxalifətin siyasətini qəbul etməyib

image

TƏRS BAXIŞ

ADP sədri ilə "REAL" rəsmisi arasında söz savaşına start verildi

Uzun illər ölkənin siyasi arenasında fəaliyyət göstərən, özlərini xalqın azadlıq hərəkatının aparıcı simaları kimi təqdim edən ənənəvi müxalifət liderləri düşərgə daxilində yeni qüvvə yaranar-yaranmaz ona qarşı çıxmaq şakərlərini davam etdirirlər. Özlərindən istər siyasi baxış, istər savad, istərsə də digər cəhətdən üstün ola biləcək heç bir təşkilatın fəaliyyətinə müsbət yanaşmadqılarını bəyan edən ənənəvi müxalifət liderləri bununla bir daha sübuta yetirirlər ki, əslində onlar sözügedən amildən ciddi şəkildə ehtiyat etməkdədirlər.

Biz bunu son günlər Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun timsalında da görməkdəyik. Məsələn, bir müddət öncə Tural Abbaslının yaratdığı "Ağ Blok" hərəkatının siyasi düşərgə üçün heç bir səmərə verə bilməyəcəyini deyən ADP sdəri bu dəfə "REAL"-ın bostanına bənzər daş atıb.

Sərdar Cəlaloğlu: "İlqar Məmmədov AMİP-də 90-cı illərdən bəri siyasi proseslərdə iştirak edən şəxs olub və bunu yenilik adlandırmaq olmaz"

S.Cəlaloğlunun mövqeyinə nəzər salarkən buradan belə qənaətə gəlmək olur ki, o, "REAL" hərəkatının səəmərəsizliyini onun heç bir yenilik gətirmək gücündə olmaması ilə əlaqələndirir. Daha dəqiq desək, ADP sədri hərəkatın həbsdə olan sədri İlqar Məmmədovun AMİP daxilindən çıxmasını xatırladaraq, onun siyasi arenada heç də yeni sima olmadığını bildirib. Sitat: "REAL"-ın siyasi partiyaya çevrilməsini şişirtmək və burada hansısa yenilik axtarmaq lazım deyil. Kimdir orada yeni qüvvə? "REAL" sədri, bəyəm, yeni qüvvədir? AMİP-də 90-cı illərdən bəri siyasi proseslərdə iştirak edən şəxs olub. Burada yenilik nədir? Əslində, heç bir yenilik yoxdur. Adını "REAL" qoymaq yenilik deməkdir ki?"

Daha bir iddia: "Uzun müddət fəaliyyət göstərdikdən sonra belə, "REAL" indiki zəif partiyaların orta səviyyəsinə qalxa bilər"

Yuxarıda da qeyd etdiyimiz kimi, Sərdar Cəlaloğlu daha öncə digər hərəkatlara da söz ataraq, onların siyasi cəhətdən uğur əldə edə bölməyəcəklərini demişdi. "Ağ Blok"la yanaşı, Qubad İbadoğlunun Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR), Razi Nurullayevin alternativ AXCP-si də onun hədəfində olub. Hərəkatların partiyaya çevrilməsi, yaxud da parçalanmış partiyalardan yeni partiyaların yaranması kimi faktorları yenilik kimi qəbul etmədiyini deyən ADP sədri "REAL"-ın da partiyaya çevriləcəyi təqdirdə, müvəffəqiyyət qazanmayacağını əminliklə vurğulayıb. "REAL"-a münasibətdə isə, o deyib ki, oradakı insanların əksəriyyəti gənc adamlardırlar və xalq hərəkatı daxilindən çıxmadıqlarına görə, ətraflarına kütlə toplaya bilməyəcəklər. Çünki şansları yoxdur: "REAL"-a daxil olan adamları tanıyıram. Onların ictimaiyyətlə işləyib, ətraflarına geniş xalq kütlələri toplamaq şansları yoxdur. Birincisi, ona görə ki, bu gün xalq hərəkatında iştirak etmiş, xalqın içərisindən çıxmış insanlar orada çox azdır. Onların əksəriyyəti xaricdə təhsil almış gənclərdir. Xaricdə təhsil almış məzunlar isə xarici dünyagörüşdən, o fəlsəfədən çıxış edib siyasət yürüdəcəklər. Bu da Azərbaycana heç bir xeyir gətirməyəcək. Çünki Azərbaycan xalqı ilə fransızların, ingilislərin, almanların nə siyasi baxışları, nə də düşüncələri eynidir. İkincisi isə niyə belə bir fikir var ki, "REAL" əvvəlki ənənəvi partiyaları üstələyə bilər? Bizim 30 illik siyasi təcrübəmiz var. Xalq hərəkatının içindən çıxıb, bura qədər gəlmişik. Necə ola bilər ki, bu gün yaranan təzə partiya 30 illik təcrübəni üstələsin? Hətta uzun müddət fəaliyyət göstərdikdən sonra belə, "REAL" indiki zəif partiyaların orta səviyyəsinə qalxa bilər. O da hələ işləyə bilsələr, qəbul olunsalar".

Natiq Cəfərli: "30 ildir siyasətlə məşğul olan ADP sədri xalqı bu səviyyəyə endirməməli idi"

"REAL"-ın ADP sədrinə cavabı o qədər də geçikməyib. Hərəkatın icraçı katibi, son zamanlar ənənəvi müxalifəti sərt şəkildə tənqid atəşinə tutan, o cümlədən heç bir birliklərə qoşulmayacağını bəyan edən Natiq Cəfərli ADP sədrinin mülahizələrini rədd etdiyini vurğulayıb. O, Cəlaloğlunun hər dəfə olduğu kimi, bu dəfə də tənqid xatirinə tənqid etdiyini, bu vasitə ilə gündəmdə qalmağa çalışdığını deyib. Cəfərli hesab edir ki, əgər Cəlaloğlu "REAL"-ın vasisətilə özünüreklam etdirməyi istəyirsə, buyursun: "Sərdar Cəlaloğluna təşəkkür edirəm. Tənqid xətrinə tənqid etsə də, bilməyərəkdən "REAL"-ı tərif edib. Bizim keyfiyyətli təhsil aldığımızı, savadlı olduğumuzu qeyd edib. Amma nədənsə savadlı insanların xalqdan uzaq olduğunu, xalqın onları qəbul etməyəcəyini iddia edib. Görünür, onun tənqidi burada REAL-a deyil, xalqa ünvanlanır. Bu, ADP sədrindən gözlənilməz addımdır. 30 ildir siyasətlə məşğul olan ADP sədri xalqı bu səviyyəyə endirməməli idi. Onun sözlərindən belə çıxır ki, xalqımız keyfiyyətli təhsil alan, savadlı və bacarıqlı insanları qəbul etmir. Bu cəmiyyətə ünvanlanan tənqiddir. Hesab edirəm ki, Cəlaloğlu bu fikirlərinə aydınlıq gətirməlidir".

Göründüyü kimi, ənənəvi müxalifətdə cərəyan edən proseslərin heç birində qarşılıqlı anlaşma, uzlaşma prosesi müşahidə edilmir. Təbii ki, müxalifətin demək olar ki, bütün cinahlarında eyni hal müşahidə olunmaqdadır. Bir partiyanın digər partiyanı, yaxud da bir hərəkatın digər hərəkatı "asıb-kəsməsi" adi vəziyyətə çevrilib. Amma ortada bir məqam da var.

2018-ə kimi yaşamaq istəyənlər

Xüsusilə, ötən il keçirilən parlament seçkilərindəki uğursuzluqlardan bir müddət sonra çırpınıb ayağa qalxmağa çalışan düşərgə təmsilçiləri özlərinə rəqib ola biləcək digər qüvvələri sıradan çıxarmaqla, indi də ümidlərini 2018-ci ildə keçiriləcək prezident seçkilərinə dikirlər. Ona görə də bu cür mübaliğələrə və söz savaşlarına girişirlər. Çünki 2018-ci ilə hələ iki il var və bu iki ildə gündəmdə qalmaq heç də asan məsələ deyil.

Başqa tərəfdən, zəif olduğunu anlayan istənilən ənənəvi müxalifət partiyası yeni yaranan birlik və hərəkatları "baltalamağa" məhkum olduqlarını da gizlətmirlər. Belə ki, bu cür addıma getməsələr, çox qısa müddətdə yeni yaranan siyasi təşkilatlar tərəfindən çıxdaş olunacaqlar. Görünür, ADP sədrinin son zamanlar çox sevdiyi "fəlsəfi" fikirləri də bununla əlaqəlidir.

Rövşən RƏSULOV

Digər xəbərlər