SİYASİ RAKURS
Müxalifət düşərgəsinin mövcud vəziyyətinə diqqət yetirsək görərik ki, orada olan və az da olsa fəaliyyət göstərdiyini sərgiləyən qurum məhz "Antiböhran koalisiyası"dır. Yəni bu birlikdə bir neçə siyasi partiyanın bir araya gəlməsi və fəaliyyəti düşərgədəki başqa birliklərdən fərqlənir. Hansı ki, bu gün ənənəvi düşərgədə AXCP-nin nəzarətində olan "Milli Şura", eləcə də Müsavatın egidası altında olan "Milli-Strateji Düşüncə Mərkəzi" mövcuddur. Son iki birlik demək olar ki, yox səviyyəsindədir və ancaq "biz də varıq" prinsipində quru adları ilə ortada görünməkdədirlər. Hətta bu qurumlar bir-birləri ilə tədbir keçirmək yarışına çıxsalar belə, həmin tədbirləri ictimai rəydə heç bir rezonans doğura bilmədi.
Tural Abbaslı: "AXCP və Müsavat təklifimizi rədd etmələrinin səbəbini izah etsin!"
Məhz bu kimi amilləri əsas gətirən "Antiböhran koalisiyası"nın nümayəndələri mövcud vəziyyətdən öz səmərələri üçün istifadə edərək, özlərini müxalifətin "vahid güc mərkəzi" elan etməyə başlayıblar. Məsələn, "koalisiya"nın üzvü olan sabiq müsavatçı funksioner Tural Abbaslı təmsil olunduğu birliyin həm AXCP-yə, həm də Müsavata zamanında təklif verdiklərini xatırladıb. Sitat: "Müsavatın cavabı oldu. Deyiblər ki, bunu müzakirə edək, analizdən keçirək və sonra cavab verək. Bu partiyalar təklifimizi rədd etmələrinin səbəbini izah etsinlər. Nəyi rədd edirlər? Diskussiyanı, bir araya gəlməni, yoxsa birgə fəaliyyəti? Bəyəm, bunların özləri təkbaşına o qədər güclüdür ki, mübarizə apara biləcəklər?"
T.Abbaslı AXCP və Müsavatın, eləcə də onların nəzarətində olan qurumların birlik tərəfdarı olmadıqlarını bildirib və bunu belə izah edib ki, guya həmin partiyalar hakimiyyətə yiyələnsələr (?!). müxalifətin digər tərəfləri ilə hakimiyyət bölgüsü etməsinlər. Təbii ki, əgər AXCP və Müsavat belə düşünürsə, bu, çox gülünc təsir bağışlayır.
"Utopik fikirlərə dalaraq, hakimiyyətə gələcəklərini düşünürlər"
Tural Abbaslı başqa tərəfdən bildirir ki, "Antiböhran koalisiyası" birlik tərəfdarıdır: "Mesaj verildi ki, biz birliyin tərəfdarıyıq. Xalq gördü ki, kim birlikdən qaçır və nəyə görə qaçır. Onlar hesabat versinlər, əgər verə bilirlərsə. Əslində, nəticə etibarilə bir araya gəlmək istəmirlər. Səbəb də korporativ maraqlarıdır. Guya hakimiyyətə gələ bilərlər və bu zaman hakimiyyəti bölmək istəmirlər. Belə utopik fikirləri var".
Nəticə etibarilə belə qənaətə gəlmək mümkündür ki, əslində Tural Abbaslı bununla AXCP-nin "Milli Şura"sına və Müsavatın "MSDM"-nə "Antiböhran koalisiyası" adından meydan oxuyub. Daha dəqiqi isə, onların bundan sonra heç bir siyasi prosesə müdaxilə edə bilməyəcəklərini iddia kimi irəli sürüb. Ancaq bu cür də nəticəyə gəlmək olar ki, qarşı tərəflər hələ də özlərini müxalifətin aparıcı "güc mərkəzi" olduqları xəyalındadırlar. Bu cür xəyallara dalmaq isə radikalları hakimiyyət arzusundan daha da uzaqlaşdırmaqdadır.
Rövşən NURƏDDİNOĞLU