PDF Oxu

Müxalifət

  • 9 706

Tofiq Yaqublunun müsahibəsi müxalifətdaxili xəyanət amilini yenidən qızışdırdı

image

TƏRS BAXIŞ

Rifahçılardan Müsavata növbəti etiraz

Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun mətbuata müsahibə verməsi onun təmsil olunduğu partiya ilə "Azərbaycan Demokratiya və Rifah Hərəkatı" arasındakı ziddiyyətləri yenidən alovlandırıb. Belə ki, hər iki qurum arasındakı soyuq münasibətlər zəminində onun birləşdiricilik funksiyasını yerinə yetirmək iddiasına düşməsi vəziyyəti daha da gərginləşdirib. Məsələ ondadır ki, Tofiq Yaqublu əfvə düşərək azadlığa çıxdıqdan sonra təklif olaraq AXCP və Müsavat arasındakı yanmış körpüləri yenidən bərpa etməyə səsləmişdi. Amma onun təklifi birmənalı qarşılanmamışdı. Hətta Müsavat rəhbərliyi dərhal bu təklifə reaksiya verərək, hələlik cəbhəçilərlə eyni yolda ola bilməyəcəklərini bildirmişdilər. Elə AXCP tərəfindən də eyni mövqe sərgilənmişdi. Belə olan məqamda T.Yaqublu bu dəfə öz nəzərlərini məhz Müsavatda baş verən son proseslərə yönəldərək, partiyadan narazı qalıb istefaya gedənləri geri çağırmağa başlayıb.

Müsavatçı funksionerin AXCP ilə barışıq təklifinə "ADR"-dən reaksiya verilib?

Məhz bu ətrafda verdiyi müsahibəsi isə onun başına, necə deyərlər, oyun açıb. Maraqlısı da budur ki, başqan müavininin təmsil olunduğu partiya ilə AXCP-nin barışıq təklifinə, hətta "ADR"-dən də reaksiya verilib. Hərəkatda təmsil olunan rifahçılar Yaqubluya öz etirazlarını bildirərək, öncə Müsavatdaxili problemlərin həll olunmasına səsləyiblər. Xüsusilə, sosial şəbəkədə qızğın müzakirələrə səbəb olan bu olay artıq tərəflərin sinirlərini kəskin şəkildə gərginləşdirib.

Sabiq müsavatçı və hazırkı rifahçı Zakir Hüseynov İsa Qəmbəri 1 nömrəli düşmən elan etdi!

Məsələn, "ADR"-in üzvü Zakir Hüseynov bu təklifə qarşı çıxaraq, Tofiq Yaqubluya belə bir məsləhət görüb. Sitat: "Hörmət bəslədiyim Tofiq Yaqublu, sizin barışıq təşəbbüsünüzü pis hal kimi qəbul etmirəm. Ancaq bir atalar məsəli var - özünə umac ova bilməyən özgəsinə əriştə kəsə bilməz. Fikrimcə, ilk öncə evin içi, sonra qohum-qonşu olmalıdır. Mən düşünürdüm ki, "ADR"-də olanların satqın olmasına sizi heç kim inandıra bilməz. Çox təəssüf!".

Zakir Hüseynov, eyni zamanda yazıb ki, o, Tofiq Yaqublunun ADR-çilərin satqın olması haqqında fikir bildirməsini iddia etmir, sadəcə İsa Qəmbərlə həmrəy olduğunu ortaya qoyur. Rifahçı funksioner İsa Qəmbəri hədəfə alaraq onun Müsavatdaxili proseslərə susqun münasibət göstərməsini pisləyir və eyni zamanda, sabiq başqanı 1 nömrəli satqın kimi qiymətləndirir: "Mən işarə etdim ki, birinci adam öz daxili problemləri ilə məşğul olmalıdır. Susqunluq yaxşı hal deyil və bir çox hallarda razılıq əlaməti kimi qəbul edilir. Mən işarə edirəm ki, birinci daxili problemləri yoluna qoymaq lazımdır. Bizə satqın damğası vurmaq istəyən kimliyindən asılı olmayaraq bir nömrəli satqındır".

Cəhdlər əbəsdir

"ADR Hərəkatı"nın daha bir təmsilçisi Rövşən Dəmirli isə Zakir Hüseynovun iddiaları ilə razılaşmayıb və ona iradını bildirib: "Məncə, Tofiq Yaqublu ADR-çilərin satqın olması ilə bağlı fikir bildirməyib. Mən Yaqublunun fikirlərini oxumuşam. Ona Qubad İbadoğlu və AXCP haqqında suallar verilib. Onun da cavabı birmənalı olub. Deyib ki, münasibətlərin normallaşması üçün əlimdən gələni edəcəyəm. Həmçinin, bildirib ki, Müsavatın qurultayı ərəfəsində Qubad İbadoğlunu dəstəklədiyinə görə peşman deyil".

Fakt budur ki, Tofiq Yaqublunun birləşdiricilik funksiyasını üzərinə götürmək cəhdi puç olub. Hətta parçalanmış tərəflər bir-birlərindən bir az da uzaqlaşmağa başlayıblar. Üstəlik, "ADR Hərəkatı" daxilində də mövqelər haçalanmağa başlayıb. Bu isə belə deməyə əsas verir ki, bütün hallarda ənənəvi müxaifətdə barışameyillilik müşahidə olunmur və bundan sonra da olunmayacaq. Tofiq Yaqublunun bu cəhdləri isə əbəsdir. Hətta belə davam edərsə, onun da Müsavatdan uzaqlaşdırılacağını düşünmək olar.

Rövşən RƏSULOV

Digər xəbərlər