"AXCP-dən əsassız yerə xaric edilmişəm"
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) ayrılan və bu günə qədər heç bir siyasi təşkilata üzv olmayan şəxslər yeni qurum təsis ediblər. Yeni qurum "Azad Azərbaycan Naminə Hərəkat" adlanır. Hərəkatın təşəbbüs qrupu yaradılıb və AXCP-nin sabiq üzvlərindən Ağaşirin Tanrıverdioğlu, Dəyanət Babayev və Nizami Osmanov qrupa daxil ediliblər.
Ağaşirin Tanrıverdioğlu sosial şəbəkədə yazdığı statusda yeni qurum yaratmaları ilə bağlı məsələyə münasibət bildirib: "AXCP-nin üzvü olmuşam və partiyadan əsassız olaraq xaric edilmişəm. Həm köhnə AXCP-dən, həm də yeni yaradılan AXCP-dən bizə qoşulanlar olacaq. Eləcə də digər müxalifət partiyalarının üzvlərindən də müəyyən təkliflər almışıq. Yəqin ki, yaxın günlərdə siyasi partiyaları tərk edərək bizə qoşulanlar barədə informasiyalar olacaq. Odur ki, güclü istefalar baş verəcək. AXCP-də kifayət qədər dostlarım var və bu insanların hamısı bizim təşkilata qoşulacaq. Təbii ki, bununla bağlı dostlarımızla məxfi görüşlərimiz və danışıqlarımız olub. Hesab edirəm ki, nəzərdə tutduğumuzdan daha çox cəbhəçi bu quruma gələcək".
Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin funksioneri Nurəddin Məmmədli A.Tanrıverdioğlunun fikirlərinə münasibət bildirərkən qeyd edib ki, Ağaşirin Tanrıverdioğlu və digərləri AXCP-dən haqlı yerə uzaqlaşdırılıb: "O, digər partiyalara casusluq edirdi, bütün sirlərimizi danışırdı. Deyir ki, guya istefalar olacaq. Olsun da! Heç kim bizi AXCP-dən döndərə bilmzə".
N.Məmmədlinin dediklərindən belə çıxır ki, sabah AXCP-də bir nəfər də adam qalmasa, yenə də özlərini "böyük qüvvə" adlandıracaqlar. Eyni zamanda, partiya rəhbərliyinə istefa verənlərin "istefası" maraqlı deyilsə, o zaman hansı partiyadan, hansı vahid ideya və məqsəddən söhbət gedə bilər!? Bu, bir daha sübut edir ki, AXCP rəhbərliyi öz maraqlarını, şəxsi ambisiyalarını partiyadaşlarının mövqeyindən daha üstün tuturlar. Heç şübhəsiz ki, N.Məmmədliyə bu formada danışmaq asandır. Çünki o, partiyada aylıq yüksək maaş alır, baxmayaraq ki, aldığı pulun mənbəyi onu maraqlandırmır. Özünə və ailəsinə hər cür şərait yaradıb. İllərini Ə.Kərimlinin şirin vədləri ilə hədər etmiş insanların həyatları bundan sonra N.Məmmədlini niyə maraqlandırsın ki?!
Samir