Taleh Xasməmmədov: "Müsavat rəhbərliyi məni azadlığa çıxmağım münasibətilə təbrik etmədi"
Gülağa Aslanlı: "O, bunun səbəblərini özündə axtarsın"
Martın 17-də Əfv Sərəncamı ilə həbsdən azad olunan müsavatçı Taleh Xasməmmədov Müsavat rəhbərliyindən gileylənib. T.Xasməmmədov Müsavat Partiyasının başqanı, onun müavinləri, müşavirləri və divan üzvlərindən narazı olduğunu bildirib: "həbsdən 12 gündür ki, çıxmışam, lakin hələ də Müsavat rəhbərliyi məni azadlığa çıxmağım münasibətilə təbrik etməyib. Özümü indiki duruma layiq bilmədim. Müxalif sıralarda 19 illik zəhmətim var. Ən azı əqidəmə görə hörmətə layiq olmalıydım. Mən fəaliyyətimi özümə vicdan borcu bilmişəm və bunun müqabilində "sağ ol" da gözləmirəm. 2000-ci ildən Müsavatın üzvü idim".
Çox maraqlıdır, T.Xasməmmədov hələ də Müsavatın üzvüdür, lakin sosial şəbəkədə yazdığı bu statusda "Müsavatın üzvü idim" ifadəsini işlətməklə bundan sonra bu qurumla birlikdə addımlamayacağına işarə edib. Eyni zamanda, əldə olunan informasiyalara görə, T.Xasməmmədov yaxın günlərdə rəsmi olaraq Müsavatdan istefa verdiyini bəyan edəcək. İstefasından sonra isə o, bu illər ərzində Müsavat rəhbərliyi ilə aralarında olan bütün gizli məsələləri mətbuata açıqlayacaq.
Məsələ ilə bağlı Müsavat başqanının müavini Gülağa Aslanlı ilə əlaqə saxladıq. G.Aslanlı "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, həbsdən çıxandan sonra T.Xasməmmədovu ziyarət etməməyimizin səbəblərini o özü gözəl bilir: "Səbəbini özündən soruşun, səbəbləri özündə axtarsın. Əgər o, bu qədər obyektivdirsə, o zaman gərək ona etdiyimiz yaxşılıqları da unutmasın. Partiyanın Göyçay rayon təşkilatı onun ailəsi üçün çox şey edib. Onun azad olunmağı istiqamətində həmişə çalışmışıq. Sadəcə, ciddi düşünsün və görsün ki, onu niyə təbrik etmədik".
Samir