PDF Oxu

Müxalifət

  • 2 171

"AzDP"-nin iddiası Müsavatı qarışdırdı

image

TƏRS BAXIŞ

"150 nəfər" qalmaqalı böyüyür, partiya isə "cırtdanlaşır"

Bu günlərdə "Azad Demokratlar Partiyası"nın ali məclisinin sədri Tapdıq Abbasın Müsavatın Beyləqan rayon təşkilatından 150 nəfərin kütləviliklə AzDP-yə transfer olunmaları barədə verdiyi açıqlama həm azad demokratlarla Müsavat arasnda, həm də Müsavatın öz daxilində ciddi qalmaqallara səbəb olub. Maraqlıdır ki, "AzDP"-yə transfer olunan müsavatçıların heç biri mətbuatda açıqlama və ya bəyanatla çıxış etməyiblər. Daha dəqiq desək, T.Abbas onların səssiz-küysüz şəkildə "AzDP"-yə keçdiklərini bildirib. Səbəb isə Müsavatın qalmaqallı qurultayında saxta başqan seçkilərinin keçirilməsidir. Ancaq buna rəğmən, Müsavat rəhbərliyi sözügedən iddianı qəbul etmirlər və qarşı tərəfin yalan danışdığını bildirirlər.

Onlar, həqiqətən də partiyalarının qeydinə qalanlar olsaydılar, hətta 1 nəfərin istefasını böyük problem kimi qiymətləndirərdilər

Digər tərəfdən, T.Abbasın sabiq müsavatçı kimi anti-müsavatçı fonunda çıxış etməsi də qarşı tərəfin qıcıqlanmasına səbəb olub. Razim Əmiraslanlı da bu məsələyə toxunaraq deyib ki, T.Abbas nə qədər ki, Müsavat üzvü idi, onun nüfuzu vardı. Bu səbəbdən, T.Abbasa Müsavat üzvü olduğuna görə Beyləqanda hörmət edirdilər. Razim Əmiraslanlı deyib ki, Tapdıq Abbasın fikirləri qərəzlidir və böhtan xarakteri daşıyır. Yəni 150 nəfər deyil, 4-5 nəfər partiyaya istefa ərizəsi verib: "Qalan bütün müsavatçılar fəaliyyətini davam etdirir".

Özünü müxalifətin "nəhəg" partiyası hesab edən Müsavat yetkililəri zaman-zaman bu təşkilatdan istefa verən stajlı müsavatçılar barədə danışmamaqla yanaşı, 4-5 nəfərin istefasına da barmaqarası baxıblar. Ancaq onlar, həqiqətən də partiyalarının qeydinə qalanlar olsaydılar, hətta 1 nəfərin istefasını böyük problem kimi qiymətləndirərdilər. Halbuki 4-5 nəfərin istefa verdiyini deməklə, çullarını sudan quru çıxaracaqlarını düşünürlər.

Stajlı müsavatçılar hadisələr fonunda gec-tez onların da təşkilat sıralarından istefa verəcəklərinin gerçəkləşəcəyini istisna etmirlər

Maraqlı məqamlardan biri də sözügedən məsələ ilə bağlı Müsavatın daxilində yaranan söz-söhbətlərdir. Hazırda Müsavat üzvü olmalarına rəğmən, partiyanın idarəçiliyindən narazı qalan kifayət qədər üzvləri var ki, onlar baqşan Arif Hacılının yanlış istiqamətdə fəaliyyət göstərdiyini, nəticədə rayon təşkilatlarında istefaların artdığını deyirlər. Hətta Müsavatın rəhbər strukturlarında da ciddi narazılıqlar yaşanmaqdadır. Məsələn, bəlli olub ki, partiyanın ənənəvi toplantılarının birində iştirak edən stajlı müsavatçılar hadisələr fonunda gec-tez onların da təşkilat sıralarından istefa verəcəklərinin gerçəkləşəcəyini istisna etmirlər. Onlar ya narazılıq etdiklərinə görə partiyadan çıxarılacaq, ya da öz ərizələri ilə getməli olacaqlar. Bu isə, əlbəttə ki, partiyanın uçurum astanasında olduğunun göstəricisidir. Daha dəqiq desək, reallıq da bunu aşkar şəkildə sübuta yetirir. Müsavat partiyasının bir neçə tanınmış üzvlərinin alternativ siyasi təşkilatlar yaradıb müxalifət daxilində söz sahibinə çevrilmələri də belə deməyə zəmin yaradır.

Müsavat Arif Hacılıdan, İsa Qəmbərdən və daha bir neçə qruplaşma üzvlərindən ibarət olan səmərəsiz siyasi təşkilata çevrilir

Vaxtilə Müsavatın təhlükəsizlik üzrə başqan müavini Sülhəddin Əkbərin "AzDP"-nin, iqtisadi məsələlər üzrə müavini Qubad İbadoğlunun "ADR", divan üzvü Tural Abbaslının "Ağ Blok" kimi qurumlar yaradıb, oraya sədrlik etmələri, onların isə, məhz istefa vermiş müsavatçılar tərəfindən ayrı-ayrılıqda dəstəklənmələri Arif Hacılını və ona yaxın qruplaşmanı çarəsiz vəziyyətə doğru sürükləyib. Hikmət Hacızadə, Qubad İbadoğlu, Adil Qeybulla, Vurğun Əyyub, Səxavət Əlisoy, Hüseyn Məlik, Ellada Məmmədli, Tural Abbaslı və onlarla belə şəxsin Müsavatı tərk etmələri, hazırda həbsdən yenicə çıxmış digər başqan müavini Yadigar Sadıqlının da getmək barədə düşünməsi bu faktoru bütün tərəflərdən isbatlayır. Ona görə də bu cür qənaətə gəlmək mümkündür ki, çox qısa müddət ərzində bu partiya "cırtdanlaşaraq", yalnız Arif Hacılıdan, İsa Qəmbərdən və daha bir neçə qruplaşma üzvlərindən ibarət olan səmərəsiz siyasi təşkilata çevrilir.

Rövşən RƏSULOV

Digər xəbərlər