Qondarma qurum olan "Milli Şura"nın oyuncaq sədri Cəmil Həsənli bu qurumundan istefası ilə bağlı ərizə yazıb. Zaman-zaman "istefa ərizələri" ilə gündəmə gələn C.Həsənli növbəti dəfə də öz ənənəsinə sadiq qaldı. Vaxtilə AXCP-dən istefa ərizəsi yazıb uzaqlaşan C.Həsənli bir neçə il sonra tərk etdiyi insanların əlində oyuncaq kimi yenidən fırlanmağa başladı. Necə deyərlər, əqidə meyarları bu dəfə də özünü göstərdi və C.Həsənlini dağıdıcı müxalifətin ən çox "istefa ərizəsi" yazan rəhbərlərindən biri kimi tanıdıq. "Milli Şura"dan əldə olunan informasiyalarda deyilir ki, qurumun koordinasiya şurasının üzvü, AXCP sədri Əli Kərimli isə onu bu fikrindən daşındırmağa çalışır. Lakin onun cəhdləri heç bir nəticə vermir. Şübhəsiz ki, "Milli Şura"nın sədri olmaq Ə.Kərimlinin çoxdankı arzusu idi. Lakin belə bir şəraitdə, AXCP-nin demək olar ki, tamamilə dağıldığı bir zamanda C.Həsənlinin də onu tərk etməsini həzm edə bilmir. C.Həsənli istefa verməsinə səbəb kimi "Milli Şura"da cərəyan edən neqativ proseslər göstərib. Bildirilir ki, Bakıda olarkən Rüstəm İbrahimbəyovun "Milli Şura" üzvləri ilə görüşməməsinin əsas səbəbkarı C.Həsənlidir. Buna görə də başda Ə.Kərimli olmaqla, "Milli Şura"nın üzvləri, eləcə də cəbhəçilər sosial şəbəkələrdə C.Həsənlinin ünvanına sərt ittihamlar səsləndirirlər. Ə.Kərimlinin sifarişi ilə dəfələrlə təhqir olunub. Məhz bu səbəbdən də C.Həsənli "Milli Şura"dan getmək qərarına gəlib.
"Milli Şura"nın adının çəkilməsini istəməyən üzvü bu xəbərin doğru olduğunu bildirib. O, qeyd edib ki, C.Həsənli faktiki olaraq sədrlikdən gedib, sadəcə, bu məlumat ictimailəşməsin deyə gizlədilir: "C.Həsənli "Milli Şura" sədri vəzifəsindən istefa vermək istədiyini bildirib. AXCP sədrinin xahişi ilə o, bu qərarı mətbuata açıqlamayacağına söz verib. "Milli Şura" çox güman ki, dağılaraq yeni formatda fəaliyyətini davam etdirəcək. Hazırda bu istiqamətdə məsləhətləşmələr aparılır".
"Milli Şura"nın koordinasiya şurasının üzvü Oqtay Gülalıyev də məsələyə münasibət bildirib. O, C.Həsənlinin istefası ilə bağlı məsələdən xəbərsiz olduğunu deyib. Ancaq daha sonra suala susqunluq nümayiş etdirməsi istefa xəbərinin doğru olduğu ehtimalını bir az da artırıb.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov C.Həsənlinin "Milli Şura" sədrliyindən istefa verməsi xəbərinə münasibət bildirib. S.Novruzov qeyd edib ki, ümumiyyətlə, heç zaman "Milli Şura" adında təşkilat olmayıb: "Artıq "Milli Şura"da olanlar da görür ki, təşkilatın adı kimi fəaliyyəti də sıfır səviyyəsindədir. Ümumiyyətlə, bu, C.Həsənlinin ilk istefası deyil. Hətta o, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasından da Ə.Kərimliyə görə istefa verdi. O, bunu açıq şəkildə elan etmişdi. Artıq orada olan insanlar da başa düşürlər ki, qurumda heç bir perspektiv yoxdur və oradan uzaqlaşırlar. Onlar bilirlər ki, "Milli Şura"ya cəlb olunarkən müxtəlif şərtlərlə və bəhanələrlə aldanıblar. Hətta onlardan bir hissəsi özlərinə aid olan vəsaiti götürüb aradan çıxdılar və bununla da öz işlərini tamamlanmış hesab etdilər. "Milli Şura" xaricdən ixrac olunmuş bir layihə idi. Bu baxımdan da istər seçkilərdə, istərsə də seçkilərdən sonrakı dövrdə Azərbaycan ictimai-siyasi həyatında heç bir rola malik olmayan "Milli Şura" artıq ölü bir təşkilatdır. Beləcə, C.Həsənlinin şuradan istefa verib-verməməsinin də heç bir əhəmiyyəti yoxdur. Guya C.Həsənli orada hansı fəaliyyəti göstərdi ki, ondan sonra da nəsə etsin".
Samir