PDF Oxu

Müxalifət

  • 2 055

AXCP ilə Müsavat birləşə bilərmi?

image

"AXCP və Müsavat heç vaxt birləşə bilməyəcək"

AXCP və Müsavat arasında uzun illərdir davam edən düşmənçilik bu gün özünün ən pik həddinə çatıb desək, yanılmarıq. Hər iki partiya və onların rəhbərləri də, faktiki olaraq siyasətdə son günlərini yaşayırlar. 2000-ci ildən bu günə qədər dəfələrlə parçalanan AXCP bu gün partiya kimi deyil, daha çox Əli Kərimlinin özəl şirkəti kimi fəaliyyət göstərir. Şəxsi ambisiyaların üstünlük təşkil etdiyi AXCP bu illər ərzində heç bir partiyanı "müxalifət" kimi qəbul etməmişdir. Xüsusilə də, Müsavat partiyası ilə düşmənçilik daha dərinə nüfuz etmişdir. Təsadüfi deyildir ki, "Azadlıq" və "Yeni Müsavat" qəzetləri də AXCP-Müsavatın köhnə ədavətlərini davam etdirirlər. Bu qəzetlərdə dərc olunan materiallar Əli Kərimlinin İsa Qəmbərə, İsa Qəmbərin də Əli Kərimliyə olan ittihamlarından ibarətdir. Məlumat üçün bir daha qeyd edək ki, AXCP və Müsavat arasındakı düşmənçilik son illərdə yaranmayıb. Onlar arasındakı ədavət ötən əsrin 90-cı illərinin əvvəllərində eyni iqtidarda təmsil olunduqları vaxtdan başlayıb. Xatırlayırsınızsa, Elçibəyin təyin etdiyi hansısa nazir Müsavat tərəfindən qəbul edilmirdi, tez-tez münaqişələr düşürdü. Halbuki eyni kabinet, eyni iqtidar idilər. Buna görə də daxili çəkişmələr və bunun nəticəsində yaranan xaos və özbaşınalıq bütün ölkəni bürümüşdü.

Bu gün vəziyyət 25 il bundan öncəki durumdan heç də fərqli deyil. Müqayisə edək: Müsavatla AXCP arasında "ana müxalifət" savaşı gedir. Hər iki partiya parçalanıb, kütləvi istefalara məruz qalıb, Müsavat rəhbərliyi formal olaraq dəyişib, AXCP isə yalnız sədr və sədr müavinlərindən ibarətdir. Biz 2003-cü ildə müxalifətin dağıdıcılığının şahidi olduq. Söz yox ki, bütün sifarişlər qrantlar aldıqları xarici "dayday"larından gəlir. 2005-ci ildə hər iki partiya ayrı-ayrılıqda ölkədə xaos yaratmağa cəhd etdilər. Bunun da qarşısı alındı. Nəhayət, 2013-cü ildə bəzi xarici dairələrin "etimadını qazanmaq" üçün Azərbaycan müxalifət partiyalarının tarixində böyük xəyanətlərlə dolu səhifəyə imza atdılar. Nəticə göz qabağındadır. Bu gün AXCP və Müsavat rəhbərliyi bir-biriləri haqqında "dosye" toplamaqla məşğuldurlar. Bu zaman hansı birlikdən danışmaq olar? Düzdür, həbsdən yeni çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu hər iki partiyanı birləşməyə, barışığa dəvət etdi. Amma bütün bu cəhdlər nəticəsiz qaldı. T.Yaqublu başa düşdü ki, həbsdə olduğu müddətdə Əli Kərimlinin də, İsa Qəmbərin də siması çox dəyişib. Təsadüfi deyil ki, T.Yaqublu "Yeni Müsavat"ı "simasını çox dəyişmiş "qəzet" adlandırdı və heç vaxt bu mətbu orqanda müəllif yazıları yazmayacağını bəyan elədi. Bəs onun Müsavatla AXCP-nin birləşməsi istəyi necə qarşılandı? Bu, baş tuta bilərmi? Zənnimizcə, bir neçə gün öncə Müsavat başqaının müavini Gülağa Aslanlı bu məsələyə nöqtə qoydu: "AXCP ilə hazırda hər hansı bir əməkdaşlıqdan söhbət belə gedə bilməz". AXCP sədrinin müavini Nurəddin Məmmədlinin də cavabı adekvat oldu. Deməli, ümid yoxdur, boş yerə vaxt itirmək lazım deyil.

"AXCP-Müsavat birləşə bilərmi" sualını cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "SƏS" qəzetinə açıqlamasında bildirib ki, AXCP və Müsavat heç vaxt birləşə bilməyəcək: "Çünki hər iki partiyanın kökündə düşmənçilik hissləri hökm sürür. Onlar necə birləşə bilərlər ki, eyni hakimiyyətdə təmsil olunduqları müddətdə də birlikdə ola bilmədilər, bircə məsələdə belə birlik nümayiş etdirməyə cürətləri çatmadı. Bu gün hər iki partiyanın vəziyyəti daha ağırdır. Bu ağırlıq onları daha aqressiv etmişdir. Odur ki, onların birləşməsi üçün təşəbbüs göstərmək yersiz hərəkətdir".

Samir

Digər xəbərlər