Tural Abbaslı: "Müsavatda Tofiq Yaqublunu təkləyəcəklər"
"Ağ Blok"un həmtəsisçisi Tural Abbaslı Müsavat partiyasında hökm sürən hazırki vəziyyətlə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, bu gün Müsavat partiyasında demokratik mühit yox səviyyəsindədir: "Əfsuslar ki, partiya başqanlığına namizəd olmuş dörd müsavatçıdan ikisi artıq qurultaydan sonra Müsavatdan çıxarılıb. Hansı demokratik mühitdən danışmaq olar? Hətta iqtidar, "feysbuk" statuslarına total şəkildə nəzarət etmir, hər kəs öz istədiyini yazır, amma Müsavat rəhbərliyi isə tam nəzarətdə saxlayır, bir adam Arif Hacılının mövqeyindən kənar çıxış edə bilməz. Hazırda Müsavatda A.Hacılını dəstəkləyənlər və dəstəkləməyənlər qalıb. Yəni partiya fərdlərə görə bölünüb. Qurultaydan sonra insanlar gördülər ki, mövqeyinə görə adamlar partiyadan çıxarıldı. Yarısı gördü ki, əvvəlki vəziyyət deyil. Yarısının illərinə heyfi gəldi, kənara çəkildi. Nəticədə, Müsavat monoton siyasi kurs xətti seçən partiyalardan oldu. Bu da onu get-gedə daha da zəiflədəcək. Çünki Müsavatın xeyli sayda üzvləri və ziyalı kəsimi partiyanı tərk elədi. Belə olmalı deyildi. Müsavatın bu gün siyasi səhnədə çəkisinə qiymət versək, vəziyyət ürəkaçan deyil. Qurultaydan sonra baş verənlər məyusluq doğurdu."
T.Abbaslı Tofiq Yaqublunun AXCP ilə Müsavatın birləşməsi təklifinə də münasibət bildirib: "Vaxtilə bu təmaslara qarşı çıxırdım və perspektiv görmürdüm. Tofiq bəyə isə uğurlar arzulayıram. Partiya daxilində ona qarşı kampaniya başladılıb. Sadəcə, populyarlığına görə açıq şəkildə üzərinə gedilmir. Amma daxili danışıqlarda onun mövqeyi pislənilir. Tofiq bəyin təklənəcəyini düşünürəm. Bunun artıq nüansları da var və daha geniş danışmağa lüzum görmürəm. Bu, baş tutan deyil".
Samir