Şəxsi ambisiyaları onu ziyalı adından məhrum edib
Artıq uzun müddətdir ki, AzTV-nin sabiq əməkdaşı Qulu Məhərrəmli ziyalı pərdəsi arxasında ziyalıya yaraşmayan davranışları, fikirləri və iddiaları ilə ölkədə fəaliyyət göstərən bir sıra media qurumlarının gündəmini zəbt edir. Lakin məsələ ondadır ki, bütün mənalarda səhv yolda olduğunu, xüsusilə, Dövlət Televiziyasının rəhbəri Arif Alışanova qarşı sübutsuz şəkildə və ictimai rəydə qınaq hədəfinə çevrilən fikirlər səsləndirdiyinin fərqinə varan Q.Məhərrəmli daha da irəliyə gedərək, dövlət məmuruna qaşrı həqarətli ifadələr işlədir. Halbuki o, ən azından keçmişini xatırlayaraq bu cür hallara yol verməməliydi. Daha dəqiqi isə, öz əməllərinə görə məhkəmə qarşısında cavab verməyə hazırlaşmazdı.
Millət vəkili: "Qulu Məhərrəmlinin üslubu yanlışdır"
Diqqət yetirsək görərik ki, Q.Məhərrəmlinin qeyri-ciddi davranışları millət vəkilləri tərəfindən də doğru addım kimi qəbul edilmir. Məsələn, millət vəkili Fazil Mustafa sözügedən məsələ ilə bağlı bildirib ki, Q.Məhərrəmli AzTV rəhbərliyi tərəfindən məhkəməyə verilib. Millət vəkilinin sitatındakı bir amilə diqqət yetirək: "Təbii ki, hörmətli Q.Məhərrəmli tərəfindən AzTV-nin efir siyasətinin təhlilində tənqidlə yanaşı, məhz A.Alışanovun şəxsinə yönəldilmiş sərt üslubda bəzi incidici ifadələr də yer alırdı..."
Təkcə bu ifadələrdən də nəticə çıxarmaq mümkündür ki, tənqidi təhqirlə əvəzləyən Q.Məhərrəmli ən azından, jurnalistika etikasına diqqət yetirməliydi. Ancaq bunu yaddan çıxarıb və nəticədə məhkəməyə verilib. Əgər ortada bu amil mövcuddursa, bütün mənalarda ali qanunvericilik qarşısında cavab verməli olacaq. Yox, əgər tənqid etmiş olsaydı, onda məsələ bu müstəviyə qədər inkişaf etməzdi.
Başqa tərəfdən, bu gün dövlət məmurunu tənqid etmək olar, ancaq ona qarşı həqarətə yol vermək, ümumiyyətlə qəbuledilməz bir faktdır. Çünki bu ölkədə qanunlar var və kimsə kimsənin şərəf və ləyaqətini alçalda bilməz. Kimliyindən asılı olmayaraq. Təəssüf ki, Q.Məhərrəmli bunu bilə-bilə edib. İndi isə məhkəməyə verildiyini öyrəndikdən sonra, əl-ayağa düşüb.
Qulu Məhərrəmlinin TV amili altında siyasi maraqlarından çıxış etməsi də heç bir məntiqə sığmır
Bu gün Q.Məhərrəmli özünü müxalifətyönlü tərəfdə tutmaqdadır. Görünür, ona görə də asılı qaldığı çevrəsi onu ziyalılıq prizmasından çıxarmağa nail olub. Halbuki onun TV amili altında siyasi maraqlarından çıxış etməsi də heç bir məntiqə sığmır. Gəlin F.Mustafanın daha bir fikrinə diqqət yetirək: "AzTV-nin proqram yeniliyində xeyli müsbət məqamları qeyd etmək olar". Millət vəkili bu faktoru ön götürərək, A.Alışanovun birbaşa ittiham və təhiq edilməsini doğru saymadığını vurğulayıb.
Beləliklə, məsələ tamamilə aydındır. Bəziləri burada barışdırıcılıq tərəfdarı kimi çıxış etsələr də, bir faktı unutmaq olmaz - nəinki dövlət məmurunu, eyni zamanda sadə vətəndaşı da təhqir etmək cinayət məsuliyyətidir. Cinayətlər isə cəzasıq qalmır...
Mübariz QULİYEV