"Ermənilərin istinad etdiyi, güvəndiyi satqının Azərbaycanda bizimlə birlikdə yaşamağa haqqı yoxdur"
Aprelin 9-10-da bir qrup gənc tərəfindən AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə qeyd etdiyi anti-Azərbaycan fikirlərinə etiraz ediblər. Aksiya iştirakçıları AXCP sədrinin Azərbaycan Ordusu haqqında yazdığı fikirlərin əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Aksiyada gənclər "Ölkəmizə Əli Kərimli kimi şərəfsiz lazım deyil", "Rədd ol Azərbaycandan", "Vətən xaininin yeri zindandır", "Əli Kərimli ilə eyni ölkənin vətəndaşı olmaq istəmirik!", "Ordumuzun uğuru Əli Kərimlinin faciəsidir", "Bizə birlik lazımdır, xalqı qarşıdurmaya səsləmə!" kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçısı Cavid Hüseynov "SƏS" qəzetinə açıqlamasında bildirib ki, bu gün Azərbaycan gəncləri bir nəfərə kimi Ali Baş Komandanın apardığı daxili və xarici siyasəti dəstəkləyir: "Son günlərdə baş verən hadisələr də göstərdi ki, dövlətimiz düzgün mövqe tutub və olduqca qüdrətli bir dövlətə çevrilib. Biz cəbhədə aparılan hərbi əməliyyatlardan da gördük ki, ermənilər qarşımızda dayana bilməz. Düşmənləri yerində oturtduq, ermənilər böyük itkilər verdilər. Hazırda atəşkəs elan olunub. Düşünürük ki, bu doğru addımdır, çünki biz sülhsevər dövlətik. Ancaq uğurlu hərbi əməliyyatlarımıza kölgə salamq istəyən Əli Kərimli kimi milli satqınlar biz gəncləri özümüzdən çıxarır. Nə vaxta kimi onun satqınlığına dözməliyik!? Onun bütün çıxışlarından, dövlətimiz əleyhinə söylədiyi fikirlərdən ermənilər istifadə edirlər. Ermənilər ona istinad edirlər. Bu biabırçılıqdır. Biz buna etiraz edirik. Onun bizimlə bir ölkədə yaşamağa haqqı yoxdur. Rədd olsun ölkəmizdən..!"
Orxan Gülalıyev adlı aksiya iştirakçısı, Əli Kərimlinin qonşusu qəzetimizə maraqlı faktlar açıqladı: "Cəbhədə döyüşlər getdiyi bir ərəfədə biz də itkilər verdik. Söz yox ki, düşmən daha böyük itkilərlə geri çəkildi. Məsələ bundadır ki, xəbərlərdə şəhidlərimizin sayınını artdığını eşitdikcə, Əli Kərimlinin ailəsi sevinirdi, şadyanalıq edirdi. Özüm onu balkonda telefonla danışan görmüşəm. İtkilərimiz haqqında kiminləsə sevinə-sevinə danışırdı. Sonra sosial şəbəkədə gördüm ki, bütün cəbhəçilər onun kimi düşünür. Onlardan heç kim şəhidlərimizə "Allah rəhmət eləsin" demir. Bu, adi məsələ deyil. Bizə onun kimi qonşu gərək deyil. Millətimiz belə ruh yüksəkliyi yaşadığı vaxtda onun kimi satqının ermənilərə işləməsi azərbaycanlılara təhqirdir".
Aksiya iştirakçısı Nadir Abışov bildirdi ki, onlar davamlı aksiyalar keçirməkdə israrlıdırlar: "Əli Kərimli rədd olub bu ölkədən gedənə qədər aksiya keçirəcəyik. Hünəri varsa, qarşımıza çıxsın".
Qeyd edək ki, AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə və özünün birbaşa nəzarətində olan, daha dəqiq desək, özünün faktiki olaraq redaktorluğu ilə qərc olunan qəzetlərdə Azərbaycan Ordusunun son günlər Ermənistan ordusuna qarşı keçirdiyi cavab tədbirlərinə kölgə salmaq, haqlı olduğumuz yerdə bizi haqsız çıxarmaq, ölkə gəncləri arasında vətənpərvərlik ruhunun artmasından əndişələnmək və bu kimi anti-Azərbaycan mövqeli fikirlər səsləndirib, eyni zamanda məqalələr dərc edib. AXCP sədrinin bu addımı haqlı olaraq gənclər arasında geniş etiraza səbəb olub.
Samir