Təhmasib Novruzov: "Hər zaman pul alan pul verənin nökərinə, buyuruqçusuna və qulluqçusuna çevrilir"
Cəmiyyətdə milli ruhun, vətənpərvərlik hissinin daha geniş fürsət aldığı bir məqamda AXCP sədri Əli Kərimli və onun təsiri altında olan mətbu orqanlar qərəzli məlumatlar yayır, şər və böhtan xarakterli informasiyaları cəmiyyətə təqdim etməyə çalışırlar. Bütün bunların arxasında ermənipərəst mövqeli xarici qüvvələrin dayandığını demək olarmı? Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan dövlətinə qarşı olan və inkişafını istəməyən qüvvələr sayı çoxluq təşkil edir: "Həmin qüvvələr müxtəlif variantlarla Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışır və məram və məqsədlərini anlamayan insanların əli ilə öz məkrli planlarını həyata keçirməyə cəhdlər göstərirlər. Azərbaycanda xalq içində heç bir nüfuzları olmayan siyasi qüvvələr də belə bir məqamdan istifadə edərək, öz çiblərini doldurmağa çalışırlar. Şübhə etmirəm ki, xaricdəki erməni labbisinin təsiri altında olan qüvvələr də müxtəlif variantlarla Ə.Kərimliyə öz təsirlərini göstərib və Ə.Kərimli də məlum açıqlamaları, çıxışları və bəyanatları ilə onların etimadını doğrultmağa maraq göstərir. Bütün bunların hamısında bir məqsəd güdülür: inkişaf etmiş Azərbaycanı gözdən salmaq. Təbii ki, onların bu pis niyyətləri də həyata keçməyəcək".
T.Novruzov cəbhədə Azərbaycan Ordusunun işğalçı Ermənistan terrorçularına vurduğu sarsıdıcı zərbələrə istinadən qeyd etdi ki, cəbhədəki zəfər Azərbaycan dövlətinin qısa müddətdət nə qədər inkişaf etdiyindən xəbər verir: "Əgər bu gün dünyanın 200-ə yaxın dövləti içərisində Azərbaycan dövləti silah-sursat, müdafiə və ordu baxımından 60-cı yerə qədər qalxıbsa, bu, o deməkdir ki, ölkəmizi sevməyən bəzi qüvvələrin narahatlığının ciddi əsası var".
"Azərbaycan Ordusu 22 ildən sonra çox böyük zəfər qazandı. Qalibiyyət bayrağını ən yüksək zirvələrdə bərqərar etdi. Bunun fonunda dağıdıcı müxalifətin narahat olması nədən qaynaqlanır" sualını cavablandıran T.Novruzov bildirdi ki, xarici qüvvələr müxalifətdən aldıqları maliyyə vəsaiti qarşılığında hansı variantla olur-olsun hakimiyyətə qarşı çıxmaqı tələb edilir: "Çünki hər zaman pul alan pul verənin nökərinə, buyuruqçusuna və qulluqçusuna çevrilir. Yəni müxalifətdə həmin xarici qüvvələrin buyuruqçusudur və qulluqçusudur. Bir sözlə, müxalifət xarici qüvvələrin sözü ilə hərəkət edir. Azərbaycanın hərbi sahədə bu cür güclü şəkildə özünü dünyaya göstərməsi və torpaqlarının bir qismini azad etməsi, heç şübhəsiz ki, daxildə və xaricdə olan həmin qüvvələri çox narahat edir".
"Adlarını müstəqil KİV qoyan "Meydan" TV, "Azadlıq" Radiosu və "Azadlıq" qəzeti və bu kimi internet TV-lər, saytlar və qəzetlər niyə ölkəmizə qarşı bu qədər aqressiya nümayiş etdirirlər" sualını cavablandıran T.Novruzovun sözlərinə görə, internet TV-lər, saytlar və qəzetlər ölkəmizə qarşı aqressiya nümayiş etdirmələri xarici qüvvələrin onlara tapşırıq vermələri ilə bağlıdır. Adları çəkilən bu internet TV-lər, saytlar və qəzetlər xarici qüvvələrdən maliyyə vəsaiti alırlar. Belə olan halda da həmin qüvvələrin bir sözünü bu internet TV-lər, saytlar və qəzetlər iki etməzlər".
GÜLYANƏ