PDF Oxu

Müxalifət

  • 2 608

Əli Kərimli "Qarabağ müharibəsi"ndən necə istifadə etməyə çalışır!?

image

Səndə bir xəstə qocanın və ya şikəstin qeyrəti yoxdurmu?"

AXCP sədri Əli Kərimli aprel ayı ərzində bir neçə dəfə simasını dəyişmiş oldu. Məsələn, cəbhə xəttində baş verən hərbi əməliyyatlar zamanı özünü "vətənpərvər" kimi təqdim etməyə çalışan Ə.Kərimli daha sonra anti-dövlət çağırışları ilə çıxış etdi. Daha sonra onun "görürsünüz, üçcə gündə nə qədər şəhid vermişik? Heç bu fotoda toplanmış 70 nəfər də son günlərin şəhidlərinin hamısı deyil" açıqlaması böyük nifrətə səbəb oldu, ictimaiyyət tərəfindən böyük qınağa tuş gəldi. Lakin bir neçə gün ərzində dəyişilən sima yenidən deqradasiyaya uğradı. O, "Qarabağ kartı"ndan istifadə edib xal toplamaq üçün bəyan edir ki, guya şəhidlərin dəfninə getmək istəyib. Guya bundan qorxuya düşən hakimiyyət orqanları isə yas mərasimlərinin vaxtını dəyişib, mərasim çadırını sökdürüb. Təbii ki, bu, Ə.Kərimlinin növbəti uydurması, sifətinə verdiyi növbəti rəngdir. Şübhəsiz ki, onun bütün bu oyunları cəmiyyətimiz tərəfindən təpki ilə qarşılandı və gənclər onun evinin qarşısında etiraz aksiyaları təşkil etdilər. Məsələ bundadır ki, evinin qabağında aksiya keçirən gəncləri qınayan Ə.Kərimli daha sonra belə bir bəyanatla çıxış etdi: "Hakimiyyətin son təxribatları ilə bağlı dünən yazdığım yazıya çox böyük dəstək gördüm. Xeyli adam evimizin qarşısında dəstək aksiyası üçün müraciət edir. Hamınızdan razıyam və heç bir dəstək aksiyasına ehtiyac yoxdur. Əslində, ictimai rəyin sosial şəbəkədə ifadə olunmuş kütləvi dəstəyindən sonra azacıq ağlı olan adam səhv etdiyini anlayar, ziyanın yarısından da olsa, qayıdardı... Amma bunlar səhvlərini davam etdirirlər". Gördüyünüz kimi, o, belə aksiyaların ona dividend gətirdiyini iddia edir. Hakimiyyəti guya təxribat törətməkdə ittiham edən Ə.Kərimli nə üçün əsgərlərimizin ölüm xəbərinə sevinir? Yəqin bunu Ə.Kərimli gözəl anlayır ki, hakimiyyətin Ə.Kərimli adda problemi yoxdur. Bir neçə nəfərlə boğazdan yuxarı çağırışlar kimin üçün təhlükə ola bilər ki!? Bu adamlar yalnız erməni dəyirmanına su tökmək üçün əla alətdir. Elə gənclər də buna etiraz edirlər ki, cəbhəçilər milli maraqlarımızı satmaqdan çəkinsinlər.

Ə.Kərimli Azərbaycan Ordusunun guya qat-qat çox itki verməsi barədə xalqa mesaj verməyə çalışır. Milli hisslərin, siyasi emosiyaların oyanmasından istifadə etmək, hakimiyyətə qarşı mübarizə kampaniyasına çevirmək cəhdləri açıq hiss olunur. Halbuki müharibə gedən ölkədə müxalifət şəxsi ambisiyalarını kənara qoymağı bacarmalıdır. Amma Ə.Kərimli əhali arasında siyasi çaşqınlıq yaratmaq, insanlarda etiraz hissi yaratmaq üçün yazır ki, guya şəhidlərin kimliyi cəmiyyətə tam açıqlanmayıb, onlar yarımgizli dəfn olunublar. Necə deyərlər, yalanı danışanda, gərək elə danışasan ki, inandırıcı olsun. Şəhidlərin dəfn törəni ictimaiyyətin geniş iştirakı ilə həyata keçirilib. Yüzlərlə, minlərlə insan şəhidləri çiyinlərində aparıb və hörmətlə dəfn edib. Bütün bu faktları bilə-bilə yalan təbliğat aparıb xalqı aldatmaq mənəviyyatsızlıqdan və satqınlıqdan başqa bir şey deyildir.

Heç şübhəsiz ki, Ə.Kərimli yaranmış vəziyyətdən istifadə edərək, yenidən qrant ovuna çıxmaq üçün qollarını çırmalayıb. Özü də etiraf edir ki, guya ona olunan təzyiqlərə dözə bilmir və xarici hüquq müdafiəçilərindən kömək istəyir. "Hörmətli" Ə.Kərimli, sən bu millətin heysiyyatı ilə oynayırsan, millətdə çaşqınlıq yaratmaq üçün bütün gücünlə çalışırsan, şəhidlərimizə, qələbəmizə hörmətsizlik edirsən. O zaman xalqın təzyiqindən niyə narazılıq edirsən? Qadınlarımızın, qızlarımızın, şikəstlərimizin, qocalarımızın belə döyüşə hazır olduğu belə bir vaxta sən özünün siyasi çıxarlarından danışırsan. Bir qadın qədər və ya bir şikəst qədər qeyrətin yoxdurmu? Səndən həmrəy olmaz, nə bu millətin sənə ehtiyacı var, nə də səndən milli müxalifətçi çıxmaz.

Çox maraqlı məlumatlar əldə etmişik. Ə.Kərimli Qarabağa dəstək aksiyalarının keçirilməsi üçün verilən təklifi söyüşlə rədd edib və bildirib ki, AXCP heç vaxt belə bir aksiya keçirməyəcək. Həmçinin, o, çıxış edərək müxalifət partiyalarının birlikdə Qrabağa dəstək aksiyalarına qoşulmayacaqlarını bildirib. Onun son fikri isə cəmiyyətimizdə yenidən qəzəb yaradıb: "Hakimiyyətin ermənilərə qarşı uğurusuz hərbi əməliyyatlar...". Ə.Kərimli, uğur, qələbə necə olur? 25 il sənin kimi müxalifət adı altında küçələrdə sürünməkləmi? Bu illər ərzində xarici təşkilatlara donos ötürməkləmi uğur qazanmaq olur? Sənin "uğursuz" dediyin hərbi əməliyyatların sayəsində bu gün ermənilər diz çöküb. Sənin "uğursuz" dediyin hərbi əməliyyatlar sayəsində bu qədər ərazimizi boşaltdıq, düşmənləri yüzlərlə itkilərə məruz qoyduq. Sən sevinmə, biz heç nə itirmədik. Biz şəhid verdik! Hərbi əməliyyatlarımız uğursuz olsa idi, indi ermənilər doğulduğun torpağa qədər gəlib çıxardılar. Sən o, "uğursuz" hərbi əməliyyatlar sayəsində rahat yaşayırsan. "Hörmətli" Ə.Kərimli, səndən heç nə istəmirik. Oğlunu hərbiyə göndər, qoy gedib xidmətini çəksin. Elə ətrafında işsiz-gücsüz fırlanan, sənin "dövlət adamı" olacağını xülya edib divar yalayan tərəfdaşlarına da de ki, öncə əsgərlikdə olsunlar.

Samir

Digər xəbərlər