Siyasi ekspertlər müxalifət partiyalarından növbəti parçalanmaların baş verəcəyini proqnozlaşdırırlar
"Əli Kərimli birbaşa Ermənistan xüsusi xidmət orqanlarının agenti rolunda çıxış edirsə, mütləq bu məsələni Azərbaycan hüquq- mühafizə orqanları araşdırmalıdırlar"
Son vaxtlar, AXCP sədri Əli Kərimli və eləcə də Müsavat başqanı Arif Hacılı Azərbaycan dövlətçiliyinə, eləcə də milli maraqlarımıza yönələn təbliğat kampaniyası aparırlar. Söz yox ki, onları bu cür separatçı yanaşma nümayiş etdirməyə xarici qüvvələr təhrik edirlər. Bunu son vaxtlar baş verən proseslər də təsdiqləyir. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov da "Səs" qəzetinə verdiyi açıqlamasında xarici amilin istisna olunmadığını bildirdi: "Təəssüflər olsun ki, Azərbaycanda özünü müxalifət sayanlar Azərbaycan dövlətçiliyinə, eləcə də milli maraqlarımıza yönələn təbliğat kampaniyası aparmaqla xəyanət yolu tutmuş olurlar. Bu gün Azərbaycan üçün ən həssas məqamda - Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensiv danışıqların aparıdığı bir məqamda müxalifət pozucu yol tutursa, deməli, bununla erməni dəyirmanına su tökmüş olur. Məlumdur ki, cəbhədə Azərbaycan Milli Ordusu tərəfindən ermənilərə qarşı uğurlu hərbi əməliyyatlar aparılıb. Belə bir anda müxalifətin Azərbaycan dövlətçiliyinə qarşı addımlar atması, çağırışlar səsləndirməsi bağılanması mümkün olmayan səhvdir".
R.Qonaqovun sözlərinə görə, müxalifətin bəzi özlərini lider adlandıran partiya sədrləri xalqdan heç bir siyasi dəstək almadıqları halda, böyük iddialardan çıxış edirlər: "Təbii ki, onları bu iddialara sürükləyən xarici havadarlarıdır və həmin havadarlar Azərbaycana qarşı həmişə zaman ikili standartlardan çıxış ediblər. Təbii ki, bütün bu cür halların baş verməsi yolverilməzdir. Məhz ona görə də, həmin müxalifət "nümayəndələri" indiyə qədər heç bir nüfuza malik olmayıblar və bundan sonra da olmayacaqlar".
"Demək olarmı ki, müxalifətçilər cəmiyyətdə özlərinə dəstək qazana bilmədiklərini dərk etdiklərindən, ümidlərini ancaq xarici maraqlı qüvvələrə bağlayırlar" sualına cavab olaraq R.Qonaqov qeyd etdi ki, xarici maraqları həyata keçirən bəzi müxalifətçilər bunun acı nəticəsi olaraq, xalqın arasında heç bir nüfuz qazana bilmirlər: "Əgər müxalifət təmsilçiləri bir arada olduqları halda irəliliyə doğru nə isə bir addım ata bilmirlərsə, ayrı-ayrılıqda, ümumiyyətlə heç bir iş görə bilməzlər. Belə olan halda da müxalifətin yeganə son ümidi qalır xarici havadarlara... Hansı ki, indiyə qədər həmin xarici qüvvələr onlara maddi yardımlar göstərirlər. Bu baxımdan da, müxalifətin hər hansı gələcək perspektivinin olacağı inandırıcı görünmür".
"Ermənistan mətbuatı Azərbaycana qarşı təbliğat kampaniyası apararkən AXCP sədri Ə.Kərimlinin fikirlərindən sitatlar gətirirlər. Bu baxımdan, demək olarmı ki, Ə.Kərimli birbaşa Ermənistan xüsusi xidmət orqanlarının agenti rolunda çıxış edir" sualına cavab olaraq R.Qonaqov bildirdi ki, Ə.Kərimli birbaşa Ermənistan xüsusi xidmət orqanlarının agenti rolunda çıxış edirsə mütləq bu məsələni Azərbaycan hüquq-mühafizə orqanları araşdırmalıdırlar: "Yəni belə bir ehtimal varsa, sözsüz ki, bizim hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı açıqlama verməlidirlər. Ermənistan mətbuatının Azərbaycana qarşı təbliğat kampaniyası apararkən AXCP sədri Ə.Kərimlinin fikirlərindən sitatlar gətirməsi məsələsi təəssüfləndirici haldır. Əgər sən Azərbaycanda yaşayırsansa və Azərbaycan vətəndaşısansa, yəni müxalifətçi olub- olmamasından asılı olmayaraq, elə fikirlər səslənməlidir ki, düşmən mətbuatı və düşmən rejimi həmin fikirlərindən istifadə edə bilməsin. Əgər düşmən o fikirlərindən istifadə edirsə, bu, həmin siyasətçinin özü üçün çox pis bir haldır. Bu da düşmən dəyirmanına su tökmək kimi bir şeydir".
GÜLYANƏ