"Bu tamaşanı qurmaqda məqsəd isə hərbi çağırışdan canını qurtarmaq istəyən sağlam erməni gənclərini həvəsləndirməkdir"
Sosial şəbəkələrdə Sarkisyanın Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfəri çərçivəsində bir neçə erməni əsgərini təltif etməsi barədə məlumatlar yayılıb. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə demişdir ki, Sarkisyanın təltif etdiyi əsgərlərin heç biri fiziki göstəricilərinə görə orduya çağırıla bilməz: "Alçaq boylu və zəif gənclərin Ermənistan ordusuna çağırılması düşmən ölkənin ciddi canlı qüvvə çatışmazlığı yaşadığını və məcburiyyətdən artıq xəstə və fiziki cəhətdən problemli gəncləri hərbi xidmətə çağırdığını göstərir. İkincisi, bu zəif gənclərin ağır çəkili silahları daşıması və istifadə etməsi mümkün deyil. Bu tamaşanı qurmaqda məqsəd isə hərbi çağırışdan canını qurtarmaq istəyən sağlam erməni gənclərini həvəsləndirməkdir. Ermənistanda gənclər nəinki Dağlıq Qarabağda hərbi qulluqdan, hətta hərbi xidmətdən yayınmaq üçün bütün üsullardan istifadə edirlər. Üçüncüsü, Ermənistan təbliğat maşınının hansı üsuldan istifadə etməsindən asılı olmayaraq, Yerevan uduzmaqda davam edəcək. Azərbaycan qəti şəkildə öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir və son hadisələr ölkəmizin bu məsələdə ciddi hazırlığını göstərir".
Hərbi ekspert Vüqar Əsgərov qeyd edib ki, Sarkisyan cansız meyitə "can" verməklə məşğuldur: "Çünki Ermənistanda heç kəs hərbi xidmətə getmək istəmir. Sonuncu hərbi əməliyyatlıardan sonra isə ermənilər qorxularından qaçmağa başlayıblar. Sarkisyan erməni əsgərlərini təltif etməklə, orduda ruh yüksəkliyi yaratmağa çalışır. Ermənistanda analar, atalar üsyan edirlər. Onlar etiraf edirlər ki, övladlarını Qarabağa göndərmək istəmirlər. Çünki Qarabağ Azərbaycan torpağıdır. Bir neçə əsgərin yaxasına medal taxmaqla, onlara saat bağışlamaqla heç nə əldə etmək mümkün olmayacaq. Əsl igid və medal almağa layiq olanlar bizim əsgərlərdir. Çünki əsgərlərimiz vətən uğrunda döyüşərək, bu medalı qazanırlar. Sarkisyan isə, öz hakimiyyətini qorumaq üçün bu hoqqalardan çıxır".
Samir