Həm "Milli Şura"nın, həm də Müsavatın üzvü olan müxalifətçi ADR sədrindən kəskin rədd cavabı alıb
Müsavat başqanının həbsdən azadlığa buraxılmış müavini T.Yaqublunun tələm-tələsik şəkildə və inamla Müsavatda baş verən parçalanmaların qarşısını alacağı barədə irəli sürdüyü iddiaları özünü doğrultmadı. Yəni müsavatçı funksionerin barışdırıcılıq missiyası fiaskoya uğrayıb. Məsələ ondadır ki, T.Yaqublu Müsavatın qurultayı vaxtı həbsdə idi və partiyadakı daxili qarşıdurmaların nəticəsi özünü, məhz qurultaydaca göstərdi. Narazılar...istefalar...savaşlar və s. artıq bu gün Müsavat bir neçə təşkilatlara, hərəkatlara bölünərək, ayrıca fəaliyyət göstərir. Belə olan vəziyyətdə "barışdırıcılıq missiyası" adı altında reklam olunmağın özü anti-reklam anlamını daşıyır. İndi bütün bu baş verənləri, öz təbirincə, unutduracağını iddia edən T.Yaqublunun vəziyyəti daha da çətinləşib. Nə Müsavat tərəfindən onun barışdırıcılıq missiyası dəstəklənir, nə də Müsavatı tərk edib hərəkatlar, təşkilatlar yaradanlar onu dəstəkləyirlər. Bu səbəbdən, ortada maraqlı situasiya yaranıb. Yaqublu hadisələrin gedişindən, yəni missiyasının guya uğurla tamamlanacağı barədə içərli sürdüyü daha öncəki açıqlamalarından asılı olmayaraq, özünü çətin durumda mat vəziyyətində qaldığının fərqinə varmağa başlayır.
Heç vaxt alınmayacaq işə zorən "alınacaq" donunu geyindirməyə çalışır
Məsələn, T.Yaqublu həbsdən çıxdıqdan sonra ADR hərəkatının sədri Q.İbadoğlu ilə görüşərək, müəyyən təkliflər irəli sürüb. Bu təkliflərin mahiyyətində Müsavatın qurultayından sonra partiyadan gedənlərin yenidən təşkilata qayıtması, birlikdə partiya siyasətinin formalaşdırılması nəzərdə tutulur. "Bizə təkliflər verilib, müzakirə etmişik"-deyə heç vaxt alınmayacaq işə zorən "alınacaq" donunu geyindirməyə çalışır. Çünki Q.İbadoğlu açıqlamaları ilə onu tamamilə pəjmürdə edib.
Qubad İbadoğlu: "Müsavat bizim üçün geridə qalan bir məsələdir"
Sitat: "İndiki halda T.Yaqublunun barışdırıcı missiyası məqbuldur, ancaq bunun proseduru, mexanizmi olmalıdır. Əslində, Müsavatın qurultayından sonra əsas tələblərimizdən biri o idi ki, partiya yenidən qurultay keçirsin, yenidən azad və ədalətli seçki vasitəsilə özünə rəhbər seçsin. O zaman biz növbədənkənar qurultayın çağırılması ilə bağlı fəaliyyətə başlayanda, məni və tərəfdarlarımı partiyadan çıxardılar. Çünki onlar öz zəifliklərini bilirdilər. Bilirdilər ki, yenidən növbədənkənar qurultaya getsələr, bu qurultayda dəstək qazanmayacaqlar. Bundan sonrakı dövrdə birgə fəaliyyətin yeganə mexanizmi ondan ibarətdir ki, növbədənkənar qurultay olmalıdır. Əgər buna iradələri çatırsa, növbədənkənar qurultay keçirsinlər. Bu zaman nəyisə müzakirə edə bilərik. Hələ ki, bu məsələ gündəmdə deyil. Əslində, Müsavat bizim üçün geridə qalan bir məsələdir. Biz geriyə baxmaqla gələcəyi görə bilmirik. Ona görə də, geriyə baxmaq niyyətində də deyilik" -VƏSSƏLAM! Yəni Qubad bəy demək istəyib ki, ay Tofiq, özünü çox da yorub-eləmə, artıq Müsavat bizim üçün arxivə gömülmüş məsələdir.
"Milli Şura"da milçək qovalayan Tofiq Yaqublunun barışdırıcılıq missiyası uğursuz şəkildə başa çatdı!
Biz bu barədə öncəki fikirlərimizdə onu da qeyd etmişdik ki, T.Yaqublu həm də "Milli Şura"nın qatı tərəfdarı kimi çıxış edir. Onun AXCP-yə yaxın qurumlarda təmsil olunmasını partiyasının rəhbərlik strukturları ilə yanaşı, hətta hərəkat sədri Q.İbadoğlu da sərt qaydada qınayıb. Çünki İbadoğlu hələ Müsavatda başqan müavinliyi edərkən, partiyanın sabiq başqanı İ.Qəmbər "Milli Şura"dan çıxdı. Lakin yeganə müsavatçı T.Yaqublu hələ də "Milli Şura"nın üzvü kimi qalmaqda, hətta o quruma tərif yağdırmaqda davam edir. Belə olan vəziyyətdə isə, kimsə onu ciddi qəbul etmir. Çünki ciddi qəbul olunmamasına səbəblərdən biri də "Milli Şura"da bir neçə nəfərdən ibarət olan qeyri-ciddilərin bir araya gəlib, milçək qovalama hallarının göstəricisinə çevrilmiş fotoşəkillərin mətbuata sıçramasıdır. Hər halda Yaqublu bir az da bu barədə fikirləşib, konkret nəticəyə gələ bilər. Gələcəkdə planlarının yenidən iflasa uğramaması üçün.
Rövşən RƏSULOV