PDF Oxu

Müxalifət

  • 2 108

Adil Qeydbulladan Müsavata iynəli sözlər

image

"Müsavat rəhbərliyi odu söndürüb, külü ilə oynayır"

Tofiq Yaqublunun Müsavat partiyasından istefa verənlərin yenidən partiyaya qayıtması ilə bağlı verdiyi təklif keçmiş müsavatçılarla partiya rəhbərliyi arasındakı münaqişəni daha da dərinləşdirib. Bir müddət öncə "Ağ Blok"un həmtəsisçisi T.Abbaslının bu təklifi "ağılsız, vaxtsız və gülünc təklif" adlandırmasından sonra T.Yaqublu anlamalı idi ki, bu təklif, sadəcə xəyaldır, reallaşması qeyri-mümkündür. Çünki Müsavatdan istefa verənlərlə İsa Qəmbər və Arif Hacılı arasında münasibətlər düşmənçiliyə çevrilib. Hər iki tərəf arasında qarşılıqlı ittihamlar səsləndirilib, hətta bəzi hallarda bu ittihamlar bu şəxslərin ailələrinə də sirayət edib.

Lakin buna baxmayaraq T.Yaqublu bu təklifi yenidən səsləndirdi. Bu dəfə onun təklifinə ADR hərəkatının funksioneri cavab verib. A.Qeybulla bildirib ki, Müsavatdan gedənlər, haqsız yerə çıxarılanlar haqqında partiyada qalan bəlli insanlar o qədər əsassız sözlər və ittihamlar irəli sürüblər ki, bundan sonra onların bir təşkilatda hansı mexanizm əsasında fəaliyyət göstərəcəyi şəxsən onun üçün qaranlıqdır: "Bu, açığı, mənə görə çətin dərkediləndir. Partiyadan bu qədər qopmalar, gedən şəxslərin ünvanına müxtəlif ittiham xarakterli çıxışlar olub. Əgər belə olmasaydı, Müsavatdan qopmaların miqyası belə çox olmayacaqdı. İndiyə qədər də psixoloji müharibə davam edir. Sanki insanlar odu söndürüb, külü ilə oynayırlar. Bu təklifin reallaşdırılması çox çətindir. Bir daha qeyd edirəm ki, şəxsən bu, mənim üçün bir qədər əlçatmaz və çətin görünür".

A.Qeybulla onu da əlavə edib ki, eyni təşkilatda 20 ildən çox çiyin-çiyinə çalışan insanlardan söhbət gedir: "İndi də onlar arasında psixoloji müharibə davam edir. Müsavatın bu şəkildə dağılması, ittihamların üzə çıxması ürək ağrıdan məsələdir. Hər halda, bu faktdır və baş verib".

T.Yaqublunun təklifinin nə dərəcədə real ola biləcəyini öyrənmək üçün keçmiş müsavatçı Səbuhi Məmmədov ilə əlaqə saxladıq. S.Məmmədov "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, T.Yaqublu bu təklifi özbaşına səsləndirmir: "Burada iki məsələ var. Birincisi, Tofiq həbsdən yeni çıxadığına görə, guya barışdırıcı mövqe tutmaq istəyir, müxalifətçiləri birliyə çağırır. Çox maraqlıdır, bəs Tofiq nə üçün İ.Qəmbərlə Ə.Kərimlini barışdırmağa cəhd eləmir? Axı müxalifət həmişə elə bu iki şəxsin üzündən bu günə düşüb. İkincisi isə, Tofiq Müsavat rəhbərliyinin sifarişini yerinə yetirir. Təsəvvür edin, həftə ərzində Müsavat qərargahına hazırda 10 nəfər adam gəlsə, böyük şeydir. Partiyada adam qalmayıb. Tural Abbaslının, Qubad İbadoğlunun, Səxavət Əlisoyun getməsi Müsavatı məhv elədi. Əgər Müsavatda A.Hacılı yox, başqa biri başqan olsa idi, indi İ.Qəmbər amili tamamilə olmayacaqdı. A.Hacılı isə, onun sağ əlidir. Həm də ondan çəkinir. Bu iki şəxs bu günə qədər birlikdə çox işlər görüblər. Siyasi mühacir alverindən tutmuş, biznes sahələrinə qədər hər yerə əl atıblar. Müsavat onlar üçün sadəcə alətdir. Tofiqin təklifi heç vaxt reallaşmayacaq. Qurdlarla quzuları bir otaqda saxlamaq olmaz. Birinə ət, o birinə ot lazımdır".

Samir

Digər xəbərlər