TƏRS BAXIŞ
Yaxud Əli Kərimlinin planları dəyişib
Son vaxtlar mediada "Milli Şura"nın sədri C.Həsənlinin qurumdan uzaqlaşdırılacağı ilə bağlı məlumatlar yayılmaqda idi. Lakin bu söz-söhbətlər əsnasında o, bu kimi xəbərlərin yalan olduğunu bildirərək, "Milli Şura"dan istefa verməyəcəyini demişdi. Sonrakı proseslərdə isə onun yalanını, heç də dediklərinin doğru olmadığını üzə çıxardı. Daha dəqiq desək, AXCP sədri Ə.Kərimli C.Həsənlinin ona heç bir səmərə vermədiyini görüb, "Milli Şura"ya da, bilavasitə rəhbərlik etməyi planlaşdırır.
Mənbə: "Cəmil Həsənli bu məsələdə, sadəcə, görüntü rolunu alıb"
Bu barədə bir neçə inanılmış mənbə də qeyd edib. "Məsələ həm də ondadır ki, Ə.Kərimli onsuz da qeyri-formal qaydada "Milli Şura"ya sədrlik edir. C.Həsənli isə bu məsələdə, sadəcə, görüntü rolunu alıb"-deyə qeyd edən AXCP-dəki adının açıqlanmasını istəməyən mənbə, həmçinin bildirib ki, C.Həsənlinin mediadan tamamilə kənarda qalması, müxalifət düşərgəsindəki çəkisinin olmaması, eləcə də yeni ideyalarla çıxış etməməsi Ə.Kərimlinin səbr kasasını daşdırıb. Nəticədə C.Həsənlinin istefa məsələsi gündəmə düşüb.
Bu ehtimal olsa da, reallığa daha yaxın görünən faktor kimi qiymətləndirilə bilər
Daha bir nüans AXCP sədrinin bu ayın əvvəlində cəbhədəki gərginliklə bağlı erməni dəyirmanına su tökəcək qədər xəyanətkar mövqelər sərgiləməsidir ki, çox güman, C.Həsənli Ə.Kərimlinin erməni mətbuatına sərf edən fikirlər bildirməsini dəstəkləməyib. Düzdür, bu ehtimal olsa da, reallığa daha yaxın görünən faktor kimi qiymətləndirilə bilər. Sübut üçün belə bir versiya irəli sürmək mümkündür ki, cəbhədə kəskin gərginlik baş qaldırmamışdan öncə, C.Həsənlinin "Milli Şura"dan gedəcəyi, ya da göndəriləcəyi barədə söz-söhbətlər yox idi. Lakin hadisələrdən dərhal sonra həmin məsələ ortaya çıxdı. Təbii ki, C.Həsənli Ə.Kərimliyə müəyyən iradlar bildirə bilər və nəticədə, AXCP sədri onun kənarlaşdırılması üçün addımlar atmağa başlayar ki, bu daha real görünən amilə bənzəyir.
Beləliklə, Ə.Kərimlinin planlarının dəyişdiyini görmək mümkündür. O, C.Həsənlidən uzaqlaşaraq "Milli Şura"nın da sədrliyini əlinə keçirməklə bir müddət siyasi arenadan silinmək təhlükəsini aradan qaldırmaq istəyir. Ancaq buna nail ola biləcəkmi? Zaman göstərir ki, Kərimlinin bu cəhdləri də boşa çıxacaq. Hətta C.Həsənlidən yaxasını qurtarsa belə...
Rövşən RƏSULOV