Son vaxtlar dağıdıcı müxalif qüvvələrin fəallaşdığı və müxtəlif təşəbbüslər və ideyalarla çıxış etdiyi müşühidə olunur. Maraqlıdır ki, bu cür fəallıq bütün hallarda dövlətə və milli maraqlara qarşı yönəlmiş təşəbbüslərdir. Söz yox ki, bütün fəaliyyətin arxasında xaric anti-Azərbaycan qüvvələrin təsiredici təhriki dayanır. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, uzun illər müxalifət partiyalarında islahatlar aparılmadığından, ciddi problemlər yaranıb: "Eyni şəxslər bu partiyalar yaranan gündən sədrlik kreslosunda otursalar da, ortaya doğru-düzgün bir fəaliyyət qoya bilməyiblər. Onların işləri-peşələri Azərbaycanda iqtidarın fəaliyyətinə ləkə yaxmaqdan ibarət olub".
Son vaxtlar müxalifətin dağıdıcı qanadının fəallaşmasına toxunan M.Səfərli bunun səbəbini xarici qüvvələrin təsiri ilə əlaqələndirdi: "Məlum olduğu kimi, Azərbaycan Ordusu 4 günlük döyüşlər zamanı Ermənistana çox sarsıdıcı zərbələr vurdu. Azərbaycan Ordusunun çox yüksək gücə və döyüş hazırlığına malik ordu olduğu bir daha bəlli oldu. Ermənilər və onların havadarları Azərbaycana müxtəlif üsullarla təzyiqlər göstərməyə çalışırlar. Yəni Azərbaycanda gərginlik yaratmaqla diqqəti cəbhə bölgəsindən yayındırmaq məqsədi güdürlər. Belə bir məqamda, müxalifət qüvvələrinin fəallaşması bizi bir qədər düşündürməyə vadar edir. Ancaq Ermənistanın və onun havadarlarının ölkəmizlə bağlı nə planlaşdırmasından asılı olmayaraq, Azərbaycanda sabitliyi poza bilməzlər. Buna nə onların gücü, nə də imkanlar çatar".
"AXP sədri Pənah Hüseynov, Azərbaycan Naminə İctimai Forumunun sədri Eldar Namazov və digərləri siyasət aləmində yenidən peyda olublar. Sizcə, onlar siyasətdə öz yerlərini tapa biləcəkmi" sualına cavab olaraq M.Səfərov qeyd etdi ki, batmış gəmini xilas etmək mümkün olmadığı kimi, siyasətdə uğursuzluğa düçar olmuşların da yenidən dirçəlməsi mümkün deyil: "Bir qədər əvvəl Eldar Namazov dağıdıcı müxalifətə qoşuldu və müxtəlif təşəbbüslərdə çıxış etdi və son nəticədə heç nə əldə edə bilmədi. Yəni E.Namazov müxalifət düşərgəsində özünü tapa bilmədi. Çünki müxalifətə xalqın heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda da, E.Namazov özünə hansı yeri tapa bilər? Təbii ki, heç bir yeri".
Partiya sədri bildirdi ki, bugünkü, reallıq ondan ibarətdir ki, müxalifət partiyaları ölkədə gedən ictimai-siyasi proseslərdən tamamilə təcrid olunublar: "Bu da onların cəmiyyət tərəfində qəbul edilməmələri və sosial bazadan məhrum olunmaları ilə bağlıdır. Bütün bunlara əsaslanaraq, demək olar ki, müxalifət məhvə məhkumdur".
GÜLYANƏ