TƏRS BAXIŞ
AXCP sədrinin "facebook" təxribatlarının pərdəarxası məqamları
AXCP sədri Ə.Kərimlinin, bilavasitə nəzarəti altında dərc edilən "Azadlıq" qəzetindən də artıq rupor meydanına çevrilmiş "facebook" sosial şəbəkəsində ölkədaxili məsələlərdə erməni maraqlarından çıxış etməsi adi hala çevrilib. Ümumiyyətlə, bu fərd aşkar şəkildə "azərbaycançılıq", "demokratiya" və s. saxta görüntülər adı altında düşmən mətbuatına informasiyalar ötürməyi işinin tərkib hissəsi kimi qəbul etməyə başlayıb. Əbəs yerə deyil ki, Ə.Kərimli və onun sosial şəbəkələrdə yerləşdirdiyi kölgə adamları aprel ayının əvvəllərindən başlayaraq, Ermənistan mediasının ştatdankənar işçiləri rolunu almağa başlayıblar. Buna qədər isə onlar Azərbaycanın daxili siyasətində dövlətçilik maraqlarına zidd olan məqamlarla anti-Azərbaycan xarakterli qüvvələrlə iş birliyinə girişmişdilər.
Bütün xalq vahid şəkildə dövlətin və Milli Ordunun yanında olduğu halda, bunların işi-gücü heç bir dəqiq informasiyalara əsaslanmayan "əsgər ölülərini" saymaqdan ibarət idi
Qarabağda əldə edilən uğurlarımızdan sonra isə istiqamət dəyişdi və məlum hallar üzə çıxmağa başladı. Bütün xalq vahid şəkildə dövlətin və Milli Ordunun yanında olduğu halda, bunların işi-gücü heç bir dəqiq informasiyalara əsaslanmayan "əsgər ölülərini" saymaqdan ibarət idi. Sual olunur: bir halda ki, dövlətin Müdafiə Nazirliyi rəsmi şəkildə cəbhə xəttində baş verən olayları ən kiçik detallarına qədər xalqa məlumat kimi verirdisə, Ə.Kərimli və onun "facebook"dakı kölgə adamları nəyə görə bundan narahat olaraq, guya cəbhədə döyüşən əsgər və zabit heyətimizin ermənilərlə döyüşlərdə "kütləvi" şəkildə həyatlarını itirdiyini yazırdılar? Maraq nədə idi? Əlbəttə ki, birinci növbədə ümumxalq birliyini pozmaq, düşmənə bu vasitələrlə yarınıb şəxsi mənfəətlərini güdmək!
Beləliklə, fakt budur ki, Ə.Kərimli və onun əlaltıları Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizi işğaldan azad etməsində yox, verdiyi itkilərin nə qədər "çox" olmasında maraqlı olduqlarını dəfələrlə və həyasızcasına nümayiş etdirdilər. Üstəlik, AXCP sədrinin bir nəfər üzərində açdırdığı saxta profillərdəki kölgə adamlarından başqa, "Milli Şura"dakı havadarları da bu işdə canfəşanlıq göstərirdilər.
Nəyə görə bu fərdlər haqqında müvafiq qurumlar tərəfindən hələ də ciddi ölçü götürülməyib?!
Neodaşnakçı baxışları ilə Azərbaycanın milli heysiyyatına zərbə vurmağa çalışan Ə.Kərimlinin arxasınca gələn sıralamada biz sosial şəbəkədə digər neodaşnakçıların - Gültəkin Hacıbəylinin, Həbib Müntəzirin, Ayət İsmayılın və s. kimi şəxslərin paylaşdıqları yalançı, əsassız, böhtan xarakterli, çirkin statuslarını görürdük, elə indi də görməkdəyik. İlk başdan sual edə bilərik ki, nəyə görə bu fərdlər haqqında müvafiq qurumlar tərəfindən hələ də ciddi ölçü götürülməyib?! İnanaq ki, bu, baş verəcək...
Biz, eyni zamanda belə bir nəticəyə də gələ bilərik ki, Ə.Kərimli faktiki olaraq kölgə, yaxud aşkar adamları vasitəsilə "radikal", "ana müxalifət" adları altında şox sevdikləri erməni aşnalarına əlverişli paslar ötürməklə məşğuldurlar, belə bir məqamda Ə.Kərimlinin Rusiyanın qaranlıq siyasi dairələrinə bağlı olan "Milli Şura"dan niyə belə möhkəm yapışmasının da pərdəarxası nüansları aşkar olmağa başlayır.
Fakt budur ki, erməni havadarlarının sərhədlərimizdən kənardakı informasiya qüvvələri ilə yanaşı, onların buradakı baza nöqtələri, məhz AXCP və "Milli Şura" olub
Məsələn, kifayət qədər ehtimal edə bilərik ki, ermənilərin informasiya savaşında düşmən tərəfə Rusiyanın bir sıra mətbu orqanları açıq dəstək göstərir. Əgər belə olmasaydı, aprelin əvvəllərində Rusiyanın bir neçə informasiya qurumu rəsmi şəkildə ölkəmizdən çıxarılmazdılar. Yəni fakt budur ki, erməni havadarlarının sərhədlərimizdən kənardakı informasiya qüvvələri ilə yanaşı, onların buradakı baza nöqtələri, məhz AXCP və "Milli Şura" olub. Əldə etdiyimiz məlumatlara görə, onlar məhz Rusiyadakı qəyyumları tərəfindən pulla mükafatlandırılıblar. Yəni "Milli Şura"nın Rusiyadakı müəllifləri Ə.Kərimliyə lazım olan maliyyə dəstəyi verirlər və həmin maliyyələşdirilmənin müqabilində Azərbaycan əleyhinə istənilən işin aparılmasını tələb kimi onun qarşısına qoyurlar. Lakin bu cəhdlərin heç biri ictimai rəydə rezonans doğurmadı, indi də doğurmamaqda davam edir. Çünki görünən də budur ki, Ə.Kərimli və onun kölgələrinin ciddi-cəhdlərlə göstərdikləri canfəşanlıqlarına xalq kütləsi inanmır. Bu isə çox yaxın vaxtlarda AXCP sədrinin, onun ətrafındakı yandaşlarının qanun qarşısına çıxmaları prosesini sürətləndirir. Buna əmin ola bilərlər...
Rövşən NURƏDDİNOĞLU
P.S. Ə.Kərimli bu, azmış kimi, ötən ərəfədə özünü az qala "ordu quruculuğunun banisi" kimi nümayiş etdirmişdi. Ancaq sonradan bəlli oldu ki, AXCP sədri öyrəncəli olduğu üçün dövlət sirrini açıb...
Daha nə deyə bilərik ki...