Sahib Kərimov: "Məni dəstəkləyən cəbhəçilər var"
AXCP-nin sonuncu qurultayından sonra saxtakarlıq yolu ilə partiyaya yenidən sədr seçilən Ə.Kərimlinin, necə deyərlər, görəcək günlərimiz hələ qarşıdadır. Belə ki, məlum qurultay hadisələrindən sonra baş verənlərin ardınca partiyadan qopmaların sayı artmağa başladı. Xatırlatmaq yerinə düşərdi ki, Ə.Kərimliyə ilk zərbəni onun sabiq müavini, AXCP-yə alternativ olaraq yaradılan digər AXCP sədri Razi Nurullayev vurdu. Bunun ardınca isə davamlı istefalar baş qaldırdı. Belə bir məqamda daha bir tanınmış cəbhəçinin, qurultay zamanı partiya rəhbərliyinə sədrlik iddiasında olan Sahib Kərimlinin oynadığı rolu xatırlatmaq yerinə düşərdi.
Həmin an yetişib
Məsələn, o, digər narazılardan fərqli olaraq AXCP sıralarından istefa verməyərək, Ə.Kərimliyə qarşı mübarizəsini sona qədər aparacağını demişdi. Hətta bir müddət mətbuatda gündəmdə qalan S.Kərimli bir müddət mediadan kənarda qalacağını, planlarını tam şəkildə dəqiqləşdirdikdən sonra yenidən mətbuata çıxaraq, mübarizə aparacağını da bildirmişdi. Həmin an yetişib.
Mətbuata açıqlama verən narazı cəbhəçi bildirib ki, hazırda AXCP rəhbərliyində təmsil olunmur və sıravi cəbhəçi olaraq partiya üzvlüyündə qalır. Lakin fəaliyyətini şəxsi xarakterdə qurur. Sitat: "Daha çox şəxsi xarakter daşıyır. Şəkidə kiçik kənd təsərrüfatı müəssisəsi yaradıram. Siyasi fəaliyyətim isə ancaq AXCP daxilində və ölkədə baş verən siyasi prosesləri izləmək, öz üzərimdə çalışmaq, kitablar oxumaq və 2018-ci ildə keçiriləcək AXCP-nin növbəti qurultayına hazırlaşmaqdır".
Əli Kərimli ilə mübarizədə fərdi yanaşma edən Sahib Kərimli digər cəbhəçilərlə normal münasibətdə olduğunu desə də...
Ancaq o, heç də Ə.Kərimliyə növbəti dəfə şans tanımayacağını da vurğulayıb. Sədrliyə iddialı olduğunu bir daha xatırladan S.Kərimli bildirib ki, vəziyyəti müşahidə edib hazırlaşmağı 2018-ci ildə keçiriləcək AXCP qurultayı ilə birbaşa əlaqəlidir: "Hazırda mənim cəbhəçilərlə münasibətim normal səviyyədədir. Görüşürük, danışıqlar aparırıq. Onlar mənim tənqidimə normal yanaşırlar..."
Göründüyü kimi, Ə.Kərilmi ilə mübarizədə fərdi yanaşma edən S.Kərimli digər cəbhəçilərlə normal münasibətdə olduğunu desə də, eyham vurub ki, onun əsas hədəfi, məhz AXCP sədridir. O, iki ildən sonra daha barışmaz mövqedə dayanaraq, sədr kreslosuna sahib olacağını bəyan edib. Bu isə, o deməkdir ki, əgər Ə.Kərimli 2018-ci ilə qədər sədr postunu qoruyub-saxlamağa nail olacaqsa, onun qənimi S.Kərimli həmin ildən o tərəfə güzəştə getməyəcək. Beləliklə, cəbhəçilər arasında növbəti qarşıdurmaya indidən start verilib. Hər halda, iki il sonra partiyanın qurulyatı zamanı iddia irəli sürməkdənsə, S.Kərimli indidən planlarını reallaşdırmaq ambisiyasını ortaya qoyduğunu gizlətmir.
Mübariz QULİYEV