Elbəyi Həsənli: "Kor da görür ki, Arif Hacılı Müsavatı xaraba
qoyub, amma İsa Qəmbər görmür"
Gülağa Aslanlı: "Elbəyi asan yol seçib gedib oturub İsveçrədə, havayı maaş alır"
İsveçrədə yaşayan müsavatçı və jurnalist Elbəyi Həsənli Müsavat rəhbərliyi haqqında növbəti dəfə tənqidi fikirlər səsləndirib. A.Hacılı və İ.Qəmbəri "siyasi kor"lar adlandıran E.Həsənli deyib ki, bu iki şəxsin məqsədi partiyanı məhv etmək idi, bunu da yaxşı bacardılar. Təsadüfi deyil ki, Müsavatın əksər funksionerləri partiyanı tərk etdilər. Bundan sonra Müsavatın bir partiya kimi özünə gəlməsi, sadəcə xülyadır: "Eks-başqan İ.Qəmbər yeni başqanın-başına sığal çəkib dedi: A.Hacılı özünün təcrübəli və peşəkar siyasətçi olduğunu bir daha sübut elədi. Elə bununla da Müsavatın evi yıxıldı. Bu "peşəkar" və "təcrübəli" siyasətçinin sayəsində Müsavat darmadağın olub. Bunu kor da görür ki, A.Hacılı Müsavat partiyasının başqanı olandan bu təşkilat xaraba qalıb. Xalq arasında olan nüfuzunun ən azı yarısını itirib. Ana müxalifət statusu ilə biabırçı şəkildə vidalaşıb. Partiyanın az qala bütün elitası təşkilatı tərk edib. Onların da yerinə siyasətdən bixəbər, xalq arasında elə bir nüfuzu olmayan şəxslər təyin olunub. Bəli, kor bunu görür. Amma İ.Qəmbər görmür".
E.Həsənlinin bu fikirləri müsavatçıların da ona qarşı ittihamlarına səbəb olub. Belə ki, onlar iddia edirlər ki, E.Həsənli Müsavat rəhbərliyini məqsədli şəkildə "vurur". Hətta onu müxalifəti satmaqda, Müsavata xəyanət etməkdə suçlayanlar da oldu. E.Həsənlinin onlara cavabı daha sərt olub: "Yaddaşı zəif olanlara xatırladım ki, Müsavat partiyasının qurultayından sonra keçmiş və indiki başqanı dəfələrlə, bəzən ən sərt formada tənqid etmişəm. Həmin tənqidi fikirlərim Azərbaycan mətbuatında dəfələrlə tirajlanıb. Ağlınızı başınıza yığın, papağınızı qabağınıza qoyub fikirləşin, görün A.Hacılı başqan olandan bəri Müsavatda partiyalıq qalıbmı?"
Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı Elbəyi Həsənlinin fikirlərinə münasibət bildirib: "O bilir ki, nəyə görə Müsavat rəhbərliyini tənqid edir. Elbəyi asan yol seçib, gedib oturub İsveçrədə, havayı maaş alır, heç bir iş görmür. Bekarçılıqdan bizi tənqid eləyir. Dərdi-səri yoxdur. A.Hacılı ilə onun köhnə ədavət var".
Samir