TƏRS BAXIŞ
Müxalifət liderləri AXCP sədrini yazdığı statusuna görə ələ saldılar
"Facebook" sosial şəbəkəsinin "qəhrəmanı" statusunu qazanmış AXCP sədri Ə.Kərimli bir müddət öncə erməni dəyirmanına su töküb düşmənin Azərbaycan dövləti əleyhinə kampaniya aparmasına şərait yaratmaqla, onun ardınca iqtidarda olduqları zamankı fəaliyyətlərinə aid dövlət sirrini açmaqla, ardınca isə aşkar şəkildə dığalardan qorxduğunu etiraf etməklə gündəmdə qalmaqda davam edir. Belə ki, o, ittiham olunduqca, özünü ictimai rəy arasında "təmizə çıxarmağa" cəhdlər etdikcə, daha çox rüsvay olmağa başlayıb. Məsələ ondadır ki, ona qarşı yönəlmiş haqlı ittihamlara adekvat cavab tapa bilməyincə, Ə.Kərimli gülünc ideyalarla sosial şəbəkədəki mövqeyini qoruyub-saxlamağa səy göstərir. Bu dəfə o, "təhlükəsizlik standartlarına uyğun yeraltı sığınacaqlar tikilməsi təklifi" ilə çıxış edib. Bu isə, bilavasitə belə anlam daşıyır ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı sarsıdıcı zərbələr endirərsə, düşmən hücuma keçəcək. Yəni Ə.Kərimli dolayısı ilə düşmənin dəyimanına su tökərək, dığa ordusunu "güclü" gördüyünü etiraf edib.
Əli Kərimli isə etiraf edir ki, əgər dığa ona atəş açarsa, dərhal sığınacağa qaçıb, bir küncdə gizlənər
Məsələn, o deyib ki, cəbhə bölgəsində yaşayan əhalinin təhlükəsizliyi və insanların oralardan köçməmələri üçün "sığınacaqlar" tikmək lazımdır (?!). Halbuki cəbhə bölgələrində yaşayan xalqımız, şücaətli vətəndaşlarımız buna heç bir ehtiyacın olmadığını bildirir, əslində Ali Baş Komandanın hücum əmrini gözlədiklərini bəyan edirlər. Ümumiyyətlə, təslimşilik ideyası ilə özünü rüsvay edən Ə.Kərimlinin necə qorxaq bir ünsür olduğu açıq-aşkar ortadadır. Bu gün cəbhəyanı kəndlərdə qadınlar belə qorxmadan düşmənin gözü qarşısında tarlalarda əkin əkir, torpaq şumlayır. AXCP sədri isə onların "təhlükəsizliyinin dərdinə" qaldığını sərgiləməklə, əslində xalq üzərində xal toplamaqla məşğuldur. O, unudur ki, müharibə itkisiz olmur. Bütün müharibə dövrlərindən hərbçilərlə yanaşı, mülki şəxslər də həlak olurlar. Təbii ki, ordumuz mülki əhalinin daha çox zərər görməməsi üçün var gücü ilə onları qoruyur, düşmənin açdığı atəşlərə birə-on mislini qarşılıq verir, dığaları yerində oturdur. Ə.Kərimli isə etiraf edir ki, əgər dığa ona atəş açarsa, dərhal sığınacağa qaçıb, bir küncdə gizlənər. Məgər bu qorxaqlıq deyilsə, bəs nədir?!
Vaqif Hacıbəyli: "Əli Kərimli üçün yaxşıdı ki, artıq təslimçi mövqeyə keçməyi təbliğ etməklə, o da özünü bir növ konstruktiv mövqe tutan, xalqın qayğısına qalan müdrik siyasətçi obrazında təqdim edir"
Bu arada Müsavat partiyasının başqanı A.Hacılının qardaşı, "Əhrar" partiyasının sədri V.Hacıbəyli Kərimliyə arqumentli cavab verib və onu ələ salıb. Sitat: "...Ə.Kərimli üçün yaxşıdı ki, artıq təslimçi mövqeyə keçməyi təbliğ etməklə, o da özünü bir növ konstruktiv mövqe tutan, xalqın qayğısına qalan müdrik siyasətçi obrazında təqdim edir..."
Göründüyü kimi, V.Hacıbəyli AXCP sədrini tam nöqtəsindən vurub və layiqli cavabını verməyi bacarıb.
Onu da qeyd edək ki, Razi Nurullayevin sədri olduğu alternativ AXCP-dən, "Azadlıq" partiyasının sədri Əhməd Orucdan, ADP sədri Sərdar Cəlaloğludan və s. müxalifət liderlərindən Ə.Kərimliyə ironik münasibətlər bildirilib və onlar AXCP sədrini qorxaq və təslimçi adlandırıblar.
Beləliklə, daha bir fakt AXCP sədrinin hansı tip "insanlara" aid olduğunu sübuta yetirdi -QORXAQ..!
Rövşən RƏSULOV