TƏRS BAXIŞ
"Ümid" sədrinin müavininin istefası onun deputatlıq planlarını alt-üst edib
Digər müxalifət partiyalarında olduğu kimi, "Ümid" partiyasında da vəziyyət qeyri-stabil olaraq qalmaqdadır. Belə ki, bu dəfə sədr İqbal Ağazadənin gender məsələləri üzrə müavini Həcər Abbaslı vəzifəsindən və partiya sıralarından istefa verdiyini bəyan edib. Narazı "ümidçi"nin istefasının səbəbləri isə təşkilatdan olan daha öncəki istefalardan heç də fərqlənməyib. Ümumiyyətlə, partiyadaxili narazılıqların baş qaldırması "Ümid"də tez-tez baş verib ki, bütün bu kimi halların arxasında önə sürülən əsas iddia sədr İ.Ağazadənin anti-demokratik fəaliyyəti, şəxsi mövqedən çıxış etməsi, eləcə də təşkilatda fəaliyyət göstərən gənclərin siyasi yollarında irəliyə doğru getmələrinin əngəllənməsidir. Bu baxımdan, H.Abbaslının da istefası eyni motivi təşkil edir.
Sabiq sədr müavini Həcər Abbaslı: "İqbal Ağazadə namizədliyini partiya rəhbərliyi və üzvləri ilə müzakirə etmədən gizli şəkildə irəli sürüb"
O öz istefa bəyanatında bildirib ki, siyasi təşkilatdan getməyinin səbəbi daxili qərarların demokratik yolla qəbul edilməməsi, idarəçilik üzvlərinin ictimai-siyasi təcrübəsinin olmamasıdır. Bu amil isə onun fərdi potensialı, perspektivi və ümumkomanda maraqları baxışlarının əsasında deyil.
İ.Ağazadənin sabiq müavini idarəçiliyin sədrin şəxsi münasibətləri zəminində aparıldığını bildirib.
Lakin bu istefanın ardınca ortaya daha bir vacib və düşündürücü məqam üzə çıxıb. Məsələ ondadır ki, istefa verən müavin 2016-cı il 18 iyun tarixində Milli Məclisə keçiriləcək təkrar seçkilərdə iştirak etmək arzusundadır. Sitat: "Qərarımı qətiləşdirən başqa bir fakt Azərbaycan Respublikası Milli Məclisinə 2016-ci il 18 iyun təkrar seçkilərində iştirak etmək istəyim və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyini partiya rəhbərliyi və üzvləri ilə müzakirə etmədən gizli şəkildə irəli sürməsi olub".
"Ümid" sədri xanım müavininin deputatlıq iddiasını öyrənəndən sonra yaxın çevrəsi ilə ona qarşı kampaniya aparıb
Artıq bildiyimiz kimi, parlamentə olacaq təkrar seçkilərə "Ümid" sədri İ.Ağazadə də namizəd olacağını bəyan edib. Lakin o, bu qərarı partiya toplantısı keçirmədən, üzvlərini bilgiləndirmədən, özünə yaxın çevrədə gizli şəkildə verib ki, bu da təşkilat daxilində ciddi narazılıqların yaranmasına səbəb olub. Sıravi üzvlərdən tutmuş funksionerlərə qədər hər kəs Ağazadənin belə bir addımını pisləyib.
Digər tərəfdən, İ.Ağazadə öyrənəndə ki, onun müavini də deputatlığa namizədliyini irəli sürmək fikrindədir, bu zaman onun qərarını dəstəkləməməklə yanaşı, qarşısını almağa çalışıb. "Ümid"dən qəzetimizə sızan məlumata görə, Ağazadə təkrar parlament seçkilərinə qatılmaqla, revanş xarakterli addım atmağı planlaşdırıb. Ona görə də özündən başqa heç bir partiya üzvünün seçkilərə qatılmaması üçün tədbirlərə əl atıb. Bu tədbirlər isə, əlbəttə ki, qeyri-demokratik qərarların verilməsi ilə nəticələnməklə, onun avtoritar idarəçi olduğunu növbəti dəfə sübut edib. Məhz bu faktorları da önə sürən H.Abbaslı "Ümid" sıralarını tərk etdiyini bəyan edib. O, seçkilərə qatılacağını və müstəqil fəaliyyət göstərəcəyini deyib: "Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkişaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm".
2013-də və ondan öncəki illərdə də eyni hal yaşanmışdı
Yuxarıda da qeyd etdiyimiz kimi, "Ümid" partiyasında ilk belə hal baş vermir. Məsələn, 2013-cü ilin prezident seçkilərində və ondan öncəki illərdə də eyni mühit yaşanıb. Belə ki, ötən prezident seçkilərində İ.Ağazadənin müavini Ruslan İzzətli də istefa verərkən, H.Abbaslı kimi eyni mövqedən çıxış etmişdi. O, bu barədə məlumatı özünün facebook səhifəsində yazmışdı. Sitat: "Ümid" partiyasının seçkiyə verdiyi qiymətə görə partiyadan istefa verirəm. Biz gənclər hər zaman demokratiyanın, insan haqlarının yanında olmuşuq. "Ümid" partiyasının seçki açıqlaması isə demokratiya və xalqın qərarına qarşıdır. "Ümid" partiyasında olan dostlarıma bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm".
Lakin göründüyü kimi, R.İzzətli o vaxt partiyadan çıxdığı zaman partiyada qalan dostlarına uğurlar diləsə də, onlar heç bir uğur əldə edə bilməyiblər. Əksinə, "Ümid"in sıraları sürətlə boşalmağa başlayıb. Bu kimi bənzər və çoxsaylı faktlar isə İ.Ağazadənin yenidən deputat olmaq arzularını puç edir. Bir halda ki, o öz partiyasını doğru-dürüst idarə edə bilmirsə, sıravi və funksionerlərinin maraqlarına cavab verməkdə çətinlik çəkirsə, onun deputat olmaq iddiası reallaşmamış qalacaq. Necə deyərlər, seçkilər ərəfəsində daha bir sədr müavininin səsli-küylü istefası İ.Ağazadəni yaman yerdə "axşamladıb"...
Rövşən RƏSULOV