Müsavatda qalmaqal mənasız bir şeydir
Özünü Azərbaycan müxalifətinin əsas sütunları adlandıran, siyasi mübarizədən daha çox ana müxalifət adını qazanmaq üçün daxili intriqalarla vaxtlarını keçirən Müsavat və AXCP-nin son günlərdə düşdüyü vəziyyət daha acınacaqlıdır. Atıq demək olar ki, hər iki partiyada sədr və müavinlərdən başqa kimsə qalmayıb. Eləcə də Müsavatın son qurultayından sonra bu partiyada baş alıb gedən istefalar bu dəfə yeni formada özünü göstərməkdədir. Müsavatdan istefa verənlər əvvəllər qismən yumşaq şəkildə fikirlərini bildirib oranı tərk edirdilərsə, bu gün isə istefa verənlər daha sərt bəyanatlar verərək, partiya rəhbərliyini saxtakarlıqda ittiham edərək qurumu tərk edirlər. Belə ki, Müsavatın qurultayından sonra bütün funksionerlərin partiyanı tərk etməsi bir çox məsələlərə aydınlıq gətirdi. İstefa verən hər bir funksioner İsa Qəmbəri saxtakarlıqda, Arif Hacılını kukla rolunu oynamaqda və səriştəsizlikdə ittiham etdilər.
Bu dəfə də Müsavat partiyasından daha iki nəfər partiyadan istefa verib. Partiyanın üzvü olan gənc fəal Cavanşir Abbaslı istefa ərizəsini partiya divanına təqdim edib. O, 2009-cu ildən partiyanın Nəsimi rayon təşkilatının üzvü olduğunu deyib: "Təəssüflər olsun ki, Müsavat qurultayından sonra partiyada aparılan siyasətin müsavatçılıq ideologiyası ilə zidd olduğu qənaətinə gəldik. Qurultaydan sonra partiyada qalmağa qərar versəm də, sonda bunun mənasız olduğunu qəbul edib, istefa vermək qərarına gəldim. Həqiqi müsavatçılara gələcək mübarizələrində uğurlar arzulayıb, bundan sonrakı haqq mübarizəsində birlikdə olacağımıza ümid edərək, partiyadan istefa verdiyimi bəyan edirəm".
Gənc fəal Cavid Hacıbəyli də istefa verdiyini bəyan edib. O, 2003-cü ilin oktyabr ayından Müsavat partiyasının üzvü olduğunu qeyd edib: "Mən partiyaya şəxslərə görə gəlməmişəm. Bundan öncə gənclər təşkilatında sədr müavini və 2013-cü ildə gənclər təşkilatında keçirilən şeçkidə sədrliyə namizəd olaraq seçkilərdə qanuni sədr seçilmişəm, təəssüf ki, qanunsuz olaraq seçkinin nəticələri ləğv edildi. Müsavatda qalmaq mənasız bir şeydir. Vaxtilə bizə doğma gələn Müsavata bu gün ayaq basmaq istəmirəm".
Bundan bir neçə gün əvvəl də Müsavatdan bir neçə nəfər istefa vermişdi. Tural Abbaslı başda olmaqla, 5 nəfərin istefa verməsi Müsavat rəhbərliyinin siyasi səriştəsizliyini, şəxsi prinsiplər üzərində işlədiyini sübut etməklə yanaşı, həm də partiyanın bundan sonrakı fəaliyyətini də sual altına qoydu. Bundan sonra işləmək Müsavat üçün daha çətin və ağır olacaq. Hesab edirəm ki, parlamentdə təmsil olunma gücü olmayan, sosial bazadan tamamilə məhrum olan, heç bir funksiyası olmayan, yalnız istefalarla, daxili intriqalarla gündəmə gələn Müsavatın qeydiyyatının ləğvi məsələsi gündəmə gəlməlidir. Bir sədr, iki müavin və möhur-ştamdan ibarət olan partiyaların ləğvi gündəmə gəlsə, daha məqsədəuyğun olar. Onsuz da Azərbaycanda parlamentdə təmsil olunan, ictimai-siyasi sferada aktivlik nümayiş etdirən kifayət qədər siyasi partiya və qurum mövcuddur. Suyu bulandıranlara qarşı isə qanunla müvafiq tədbirlər görülməlidir. Məsələn, onlardan illik maliyyə hesabatının verilməsi tələb olunmalıdır. Gizli əllərdən pul alaraq ölkəmizdə xaos yaratmağa çalışanların "biz pul almırıq ki, hesabat verək" çağırışları araşdırılmalıdır. Bu zaman bəs 4 mühafizəçini, 2 sürücünü necə saxlayır? Hələ ofis xərclərini, maaşları demirik. Şəffaf olmayan, siyasi mübarizəni bacarmayan qurumlar ya özlərinə hörmət qoyub getməlidirlər, ya da qanunla onların qarşısında tələb qoyulmalıdır.
SAMİR