PDF Oxu

Müxalifət

  • 2 229

"REAL"-ın mitinq sevdası niyə "REAL"laşmır?

image

Artıq bir neçə aydır ki, "REAL" üzvləri mitinq keçirəcəkləri ilə bağlı bəyanatlar verir, fikirlər səsləndirirlər. Bəs "izdihamlı" mitinq vəd edən "REAL" bu müddət ərzində nə üçün kiçik aksiya belə keçirə bilmir? "REAL" sədri İlqar Məmmədovun guya günahsız yerə həbs olunmasına etiraz əlaməti olaraq keçirilməsi nəzərdə tutulan mitinqə zərurət indimi yarandı? Kimlərsə bilmirsə, məlumatlı olsunlar. "REAL"-ın cəmi 42 üzvü var. Belə desək, cəmi 42 nəfər şəxs "REAL"-ın üzvlük vəsiqəsini cibində gəzdirir. Budurmu vətəndaş hərəkatı? Və ya 42 nəfərlə "izdihamlı" mitinq sevdasına düşmək hansı ağlın, məntiqin göstəricisidir!? Açığı desək, "REAL" uzun illərdir ki, Azərbaycan müxalifətinin üz ləkəsi AXCP və Müsavatdan fərqlənməyə cəhd elədi. Debatlar təşkil etdi, müzakirələr apardı. Cəmi 5-10 nəfərin iştirakı ilə... Bəs bu "fərqlilik" niyə nəzərə çarpmadı? Unutmamalıyıq ki, "REAL"-a üz tutanlar AXCP və Müsavatdan istefa verib gedənlərdir. Necə deyərlər, sima dəyişmir, forma dəyişir. Həmin sifətlər, həmin düşüncə tərzi, həmin "ideologiya..." 2013-cü ildə 20 sahədə sürücülük məktəbinin meydanında müxalifətin keçirdiyi mitinqdə "REAL"-ın o vaxtkı funksioneri Erkin Qədirli də iştirak edirdi. Çıxışsız da qalmırdı. Onun hər bir çıxışı müxalifətdə istefaya, intriqaya səbəb olurdu. Bu adam İlqar Məmmədovla birlikdə "REAL"-ı yaradan adamdır. Hələ bir neçə il öncə deyirdi ki, biz təşkilatımızda "REAL" iş görən, ziyalı insanları cəm edəcəyik. Tamam fərqli mənzərənin şahidi olduq. Erkin Qədirli bir neçə cəbhəçini ələ aldı, onlar istefa verib "REAL"-a keçdilər. Bununla da, 2013-cü ilin "birlik" abu-havası dağılmış oldu. Müxalifət partiyası yaratmaq üçün müsavatdan, AXCP-dən üzvlər "oğurlamaq" şərtdirmi? Görünür, uzun illərdir bir-birilərindən "oğurluq" edən Ə.Kərimli və İ.Qəmbərin "siyasi taktikaları"nı "REAL" da əxz etməmiş deyildir. Xeyli sayda cəbhəçi də var ki, cibində 3 qurumun vəsiqəsini gəzdirir: AXCP, Müsavat, ADP, "REAL", KXCP... Gizliliyi qorumaq şərtilə razılaşıb bir neçə quruma üzv olurlar. Qayıdaq "REAL"-ın mitinq məsələsinə...

"REAL"-ın idarə heyətinin üzvü Azər Qasımlı deyib ki, qurum mitinqlə bağlı son qərarı yaxın günlərdə bəyan edəcək: "Mitinq keçirmə planımız öz qüvvəsindədir. Hazırda təşkilatımızın daxilində son müzakirələrimiz gedir. Yaxın günlərdə aksiya ilə bağlı əlaqədar quruma müraciətimiz ünvanlanacaq. Keçirmək istədiyimiz aksiyanın yeri, vaxtı haqda ictimaiyyətə "REAL" adından məlumat veriləcək." Bu, Azər Qasımlının mitinq keçirəcəkləri ilə bağlı son 3 ayda 6-cı vədidir. Kimi aldadırlar? Lap tutaq ki, may ayının hansısa gününə mitinq təyin etdiniz, rəsmi dövlət qurumuna müraciət də ünvanladınız. Axı Ə.Kərimli sözünü tutmayacaq. Ə.Kərimlinin "REAL"-ın mitinqinə dəxli odur ki, N.Cəfərli son günlərdə bütün işini-gücünü kənara atıb AXCP sədrindən mitinqdə iştirak etmək üçün adam istəyir. Əgər Ə.Kərimlinin əlində bir mitinq keçirəcək qədər adam olsa idi, özü keçirərdi də, sənə niyə verir ki?.. Söz versə, belə buna aldanmaq olmaz. AXCP-nin sonuncu rüsvayçı mitinqindən onlardan kömək istəmək hansı ağıla sığır?

Siyasi ekspert Vüqar Əsgərov "SƏS" qəzetinə açıqlamasında "REAL"-la bağlı çox mühüm məqamlar açıqlayıb: ""REAL" hazırda ciddi maliyyə axtarışındadır. Düzdür, hansısa formada çirkli əllər vasitəsilə, xarici təşkilatlara bağlı qurumlar vasitəsilə maliyyələşirlər. Lakin bu, onların təbirincə desək, bəs eləmir. İkincisi, "REAL" partiyaya çevrilmək haqqında məsələni bir neçə aydır ki, həll edə bilmirlər. Çünki partiya yaratmaq üçün lazım olan üzvlərin sayı "REAL"-da yoxdur. Üçüncüsü, "REAL"-ın mitinq keçirmək barədə bəyanatı gözə kül üfləmək kimi bir şeydir. Bu bəyanatlar daha çox müxalifət partiya sədrlərinə ünvanlanan fikirlərdir. Dünyanın heç bir ölkəsində müxalifət partiyaları bir-birilərinə bu qədər nifrət eləmir. Çünki vaxtilə eyni iqtidarda təmsil olunublar və biri-birilərinin bütün addımlarını yaxşı bilirlər. İqtidarı əldə saxlaya bilmədiklərinə görə hamı bir-birini ittiham edir. Belə desək, müxalifət bu gün 90-cı illərin davasını eləyir, onlara siyasi mübarizə maraqlı deyil. "REAL" da eyni yolu tutub, sələflərinin ədavətini aparırlar".

Samir

Digər xəbərlər