TƏRS BAXIŞ
Qaş düzəldərkən göz çıxarır
Müsavat partiyasının divan üzvü Tofiq Yaqublu həbsdən çıxar-çıxmaz Müsavatdan gedərək ADR-də cəmləşən sabiq müsavatçılarla partiyası arasında olan narazılıqları aradan qaldırmağı, həm də Müsavat-AXCP arasında olan düşmənçilik münasibətlərini ortadan qaldırmağı öz üzərinə götürdüyünü bəyan etdi. Ancaq Yaqublunun bu cəhdlərinin boşa çıxdığını hadisələri izləyərkən, təhlilini apararkən daha çox görməyə başlayırıq. Hətta xatırlatmaq yerinə düşərdi ki, T.Yaqublu bu kimi təşəbbüslə çıxış etdiyi zaman, "barışdırıcı missioner" olaraq müxalifətin bir araya gətirmək təşəbbüsünü ortaya çıxardığı ərəfədə düşərgədə buna inanan olmamışdı. Bu gün də heç nə dəyişməyib. Daha dəqiq desək, Tofiq Yaqublunun öz üzərinə götrüdyü missiya yarı yolda ilişib-qalıb.
"Bu haqda konkret bir söz demək çox çətindir"
Bunu onun özü də rəsmən olmasa belə, dolayısı ilə etiraf edir. Məsələn, mətbuata açıqlamasında Müsavatla ADR hərəkatı arasındakı münasibətlərlə bağlı o deyib ki, ADR təmsilçiləri ilə bir araya gəlib, ancaq...Sitat: "Qubad İbadoğlu ilə bir neçə dəfə görüşmüşəm. Burda da bir müsbət məqam ondan ibarətdir ki, tərəflər hesab edir ki, narazılıqlara baxmayaraq, didişmələrlə gündəmi zəbt etməyə ehtiyac yoxdur. Yetər ki, hər kəs olduğu yerdə qalsın və əsas rəqibə qarşı mübarizə barədə düşünsün. İndiki halda çalışıram, lakin bu haqda konkret bir söz demək çox çətindir".
Baxın, Yaqublu burada barışıq əldə edə bilmədiyini aşkar şəkildə etiraf edir və ən yaxşı halda didişmələrə son qoyulması ilə bağlı müəyyən razılıq əldə edildiyini deyir. Halbuki bu razılıq, ümumiyyətlə yoxdur. Bu gün həm ADR, həm də Müsavat arasındakı savaş tam sürətlə davam etməkdədir.
İsmayıl Kəsəmənli -ADR funksioneri: "Ağlı başında olan birisi heç zaman davamlı olaraq ona xəyanət edən biri və üstəlik cəmiyyətdə "siyasi meyitə" çevrilən şəxslərlə əməkdaşlıq etməz"
Məsələn, ADR hərəkatının funksioneri, sabiq müsavatçı İsmayıl Kəsəmənli T.Yaqublunu özünü yormamağa səsləyib. Kəsəmənlinin fikrincə, əəgər Yaqublu sabiq müsavatçılarla hazırkı Müsavat rəhbərliyini barışdırmağı bacarmırsa, Müsavatla AXCP-nin barışmasını ağlının ucundan belə keçirməsin.
Xüsusilə, Müsavat-AXCP arasındakı münasibətlərlə bağlı sərt fikirlər irəli sürən ADR təmsilçisi deyib: "Çox hörmətli T.Yaqublu AXCP ilə İ.Qəmbər və A.Hacılı cütlüyünü barışdırmağa cəhd göstərir. Mənim ona bir məsləhətim var. Sayğıdəyər T.Yaqublu, sizə çox qaranlıqdır ki, "Azadlıq" blokundan və "Milli Şura"dan çıxmaqla İ.Qəmbər və A.Hacılı cütlüyü Ə.Kərimliyə ən böyük xəyanəti etmiş oldu. Funksional əməkdaşlıq adlı bir oyunu atdılar ortalığa. Hələ 2000-ci ildə AXCP kimi Ə.Kərimlini deyil, digər qanadı tanıdılar. Bu xəyanəti hələ demirəm. Vaxtınızı və enerjinizi səmərəli işlərə sərf edin. Siz istədiyiniz alınan məsələ deyil. Sizə, sadəcə bir faktı deyim. Bu gün otuzdan çox cəbhəçi ilə söhbətim oldu. Onların dediyindən belə anlaşılır ki, əgər AXCP ilə Müsavat arasında barışıq baş versə, partiya daxilində Ə.Kərimliyə qarşı "üsyan" baş verəcək. Sizcə, bu, Ə.Kərimliyə lazımdırmı? A.Hacılı və İ.Qəmbər erası artıq bitib. Siyasi meydanda onlar missiyasını başa vuran siyasətçilərdir. Ağlı başında olan birisi heç zaman davamlı olaraq ona xəyanət edən biri və üstəlik, cəmiyyətdə "siyasi meyitə" çevrilən şəxslərlə əməkdaşlıq etməz. AXCP-ni də bu qədər sadəlöhv hesab etmək siyasətdə naşılıq əlamətidir. Sizə, göstərdiyiniz, ancaq nəticəsi bu başdan məlum olan fəaliyyətinizdə uğurlar".
Səxavət Əlisoy - ADR funksioneri: "Nə qədər ki, özünü Lenin, Hitler sayanlar və kiçik olduğunu qanmayanlar var, birləşmə yox, ayrılma olacaq"
ADR hərəkatının digər bir üzvü, İ.Qəmbərin sabiq müşaviri, Müsavatın sonuncu qurultayından sonra partiyadan çıxarılan S.Əlisoy da İ.Kəsəmənli ilə eyni mövqedən çıxış edib və T.Yqaublunu daha real işlərlə məşğul olmağa çağırıb: "AXCP ilə Müsavat birləşə bilərmi? Dostum, T.Yaqublu, nə qədər ki, təkəbbür var, birləşmə mümkün deyil. Nə qədər ki, özünü Lenin, Hitler sayanlar və kiçik olduğunu qanmayanlar var, birləşmə yox, ayrılma olacaq".
Beləliklə, ortada görünən amil belədir: T.Yaqublu qaş düzəltdiyi yerdə vurub göz çıxaracaq. Çünki onun barışdırıcılıq missiyası nəticəsində qarşı tərəflər daha da aqressivləşir, öz şərtlərini irəli sürür, həmin şərtləri qəbul olunmayacağı təqdirdə düşmən qalacaqlarını bəyan edirlər. Belə isə, T.Yaqublunun geriyə çəkilərək, missiyasının baş tutmadığını rəsmi şəkildə bəyan etməsi daha çox səmimi görünərdi.
Rövşən RƏSULOV