PDF Oxu

Müxalifət

  • 1 930

Tofiq Yaqublunun missionerliyi baş tutmursa...

image

Onun istefası daha çox labüdləşir

Müsavat partiyası daxilində baş verən məlum siyasi gedişlərdən sonra bəlli olan budur ki, artıq gündəmdə saxtakar başqan kimi tanınan A.Hacılının ətrafında öz klanından başqa kimsə qalmayacaq. Təkcə son istefaları, partiyadan gedənlərin blok və hərəkatlar yaratmaları, partiya təsis edilmələri haqqında verilən bəyanatları süzgəcdən keçirsək, belə qənaətə gəlməyə zəmin yaranır ki, yaxın vaxtlarda A.Hacılının Müsavatı yalnız ailə klanından və bu klana yaxın olan bir neçə nəfərdən ibarət olacaq.

Əli Kərimli ilə danışıqlara gedən Tofiq Yaqublu rədd cavabından başqa heç nə eşitmədi

Yeri gəlmişkən, həbsxanadan çıxdıqdan sonra Müsavat partiyasından gedənləri geri qaytaracağını missiya kimi öz üzərinə götürmüş başqan müavini T.Yaqublu nəninki planlarını reallaşdırmağı bacarmadı, o cümlədən özünün də partiyadan gedəcəyi məsələsi aktuallaşdı. Maraqlıdır ki, müsavatçılarla yanaşı, cəbhəçiləri də Müsavat rəhbərliyi ilə barışdıracağını iddia edən Tofiq Yaqublu bu öhdəçiliyini də icra edə bilmədi. A.Hacılının xahişi ilə Ə.Kərimli ilə danışıqlara gedən Yaqublu rədd cavabından başqa heç nə eşitmədi. Hətta onun məhz Ə.Kərimlinin nəzarətində olan "Milli Şura"nın koordinasiya şurasının üzvü olması da sözügedən məsələdə kömək olmadı. AXCP sədri Müsavat başqanının yeni əməkdaşlıq çarğırışını qəbul etmədi.

Arif Hacılı normal komandaya malik partiyanın başqanı olmaq istəmir

Ümumiyyətlə, bu gün Müsavatın heç bir ictimai-siyasi proseslərdə iştirakı yox səviyyəsindədir və partiya tərəfindən baş verən proseslərə mövqe bildirilmir. Yalnız partiyadaxili məsələlər barədə mətbuatda informasiyalar verilsə də, onların heç biri müsbət məna kəsb etməyir. İstər istefa məsələsi, istərsə də partiyadan qovulma halları...

Artıq A.Hacılının fəaliyyətini süzgəcdən keçirərkən, belə demək mümkündür ki, o, heç də normal komandaya malik partiyanın başqanı olmaq istəmir. Əksinə, ona özündən qat-qat zəif və kölgədə qalmağı bacaran şəxslərdən ibarət komanda lazımdır. Məqsəd müəyyən siyasi hadisələr ərəfəsində siyasi haray-həşir salıb qrant almaq və sə bu digər məsələlərdə qazanc əldə etməkdir. Bir də təbii ki, gündəmdən silinməyən "siyasi mühacir" biznesi...

Tofiq Yaqublu ya ölü qurum kimi tanınan "Milli Şura"da qalacaq, ya da AXCP-də öz siyasi ömrünü başa vurmalı olacaq

Beləliklə, Hacılı öz istədiyini müəyyən mənada reallaşdırıb. Onun ətrafında iddiası olmayan, başqanın dediklərini sözsüz icra etməyə hazır şəxslərdən ibarət komanda formalaşıb. Yeni başqan və müti komandası üçün kimin partiyadan getməsi təbii ki, maraqlı deyil.

Baş verənlərdən, eyni zamanda belə bir nəticə hasil etmək mümkündür ki, hətta T.Yaqublunun da bu günlərdə istefası reallaşacaq. Onun missionerliyi baş tutmursa, demək, istefası daha çox labüdləşir. Yaqublu ən yaxşı halda, yalnız ölü qurum kimi tanınan "Milli Şura"da qalacaq, ya da uzağı Ə.Kərimlinin avtoritar idarəçiliyi altında məhv olmağa dorğu sürüklənən AXCP-yə tranfer olmaq məcburiyyətindən çıxa bilməyib, öz siyasi ömrünü orada başa vurmalı olacaq. Çünki onun uğursuz missionerlik fəaliyyətindən sonra başqa heç bir çıxış yolu da qalmayıb.

Rövşən RƏSULOV

Digər xəbərlər