Rauf Arifoğlu: "Əli Kərimlinin xarici kəşfiyyatdan 2 milyon pul aldığını yazdığımıza görə, o, qardaşımı və məni həbs etdirmək istəyirdi"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlinin çirkin əməllərindən danışıb. O, qeyd edib ki, hələ 90-cı illərdə Ə.Kərimli öz yaxın adamlarına qarşı böyük xəyanətlər edərək, bu günə qədər də əlində "xəyanətkar" pasportunu saxlayır. R.Arifoğlu münasibətlərinin pisləşməsinin tarixindən danışaraq bildirib ki, aramızda çox gərgin anlar yaşanıb: "Ə.Kərimli ilə mənim münasibətlərimin pisləşməsi 1997-98-ci illərdən başlayıb. Çox kəskin davalarımız olub. 1999-cu ildə o, qardaşım Azər Ayxanı və məni prokurorluğa vermişdi. Polis Ə.Kərimlinin şikayəti əsasında məni və A.Ayxanı küçədən tutub, Səbail rayon prokurorluğuna aparıb. Orada Tahir Lələkişi oğlu Kazımov vardı, Səbail rayon prokuroru idi. Ə.Kərimlinin şikayəti əsasında bizə o qədər izahat yazdırmışdılar ki, Tahir Lələkişi oğlu Kazımovun adı bir ömür yadımda qalacaq. Mən bizi niyə tutduqlarını soruşdum. Dedim: "Biz iki qardaş küçənin ortasında, çay içməkdən gələrkən bizi niyə saxladılar?" Dedi ki, "nə edə bilərik?" Bildirdilər ki, Ə.Kərimli deputatdır, dövlət adamıdır, sizdən şikayət edib. Sizsə gəlib izahat vermirsiniz...".
R.Arifoğlu AXCP sədrinin vaxtilə onlardan nə üçün şikayət etdiyinə də aydınlıq gətirib: "Qəzetdəki yazılara görə. Onun xarici kəşfiyyatdan 2 milyon dollar alması ilə bağlı məlumatlar var idi. Biz də bu haqda yazmışdıq. İndi Ə.Kərimlinin əmisi oğlu və ətrafı bizim haqqımızda elə şeylər yazır ki... Onların faktı, sübutu, əsası varmı? Bizi təhqir edirlər. Biz təhqir etmədən yazırdıq. O zaman təhlükəsizlik xidmətindən müxalifətə getmiş insanlar bu barədə danışırdı. Bizim dediklərimizin və yazdıqlarımızın arxasında tanınan simalar dururdu. Ya da hansısa qəzetlərdəki yazıları təkrar çap edirdik. Bizim qovğamız, hətta 1997-ci ildən başlayıb".
Qənimət Zahidlə münasibətlərindən danışan R.Arifoğlu qeyd edib ki, münasibətlərimiz indi yoxdur, dondurulmuş vəziyyətdədir: "Azadlıq" qəzetində çıxan yazılara, birmənalı olaraq Ə.Kərimli nəzarət edir. Qənimət Zahid Fransadadır, onun materiallara baxmaq imkan məhduddur".
"Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu AXCP sədri Ə.Kərimlinin çoxdan iflasa uğradığını bildirib: "Tək Ə.Kərimli olsa idi, nə dərd olardı ki?! Azərbaycan siyasi mühiti Ə.Kərimli və başqalarının dərsini verib. Bu baxımdan ki, ətraflarında heç kim qalmayıb. Özləri üçün paralel dünya yaradıblar. Bu yaxınlarda məhbuslardan biri də bunu söylədi. Yaratdıqları kiçik mühiti də virtuala yönəldiblər. Bir-birlərinin statuslarını "layk" edirlər, bir-birlərini tərifləyirlər. Ya da hamısı yığışıb məni söyür. Amma nəticə yoxdur. 10 dəfə söy, lap məni söyənlərin sayını 20 dəfə də artır. Ancaq bu, onların siyasətdəki xallarını artırmayacaq. Fəlakət budur".
Samir