TƏRS BAXIŞ
Arif Hacılı və Əli Kərimlinin ambisiyaları funksioneri pis ayaqda qoyub
Artıq neçə müddətdir ki, Müsavat başqanı Arif Hacılı AXCP ilə birlik istiqamətində danışıqlar üçün T.Yaqubluya verdiyi tapşırığın bəhrəsini görə bilmir. Düzdür, T.Yaqublu hələ həbsdə olarkən, azadlığa çıxdığı gündən etibarən iki partiya arasındakı narazılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcəyini deyib. Amma bunu A.Hacılının tapşırığı əsasında etdiyi şübhəsizdir. Çünki elə də uzağa getməyərək, saxtakarlıq yolu ilə Müsavata başqan seçilmiş A.Hacılı kreslosuna oturar-oturmaz Ə.Kərimliyə yeni əməkdaşlıq mesajları yollamışdı. Hətta bir dəfə də AXCP sədrinin düz ayağına qədər gedən Müsavat başqanı rədd cavabı alaraq, suyu süzülə-süzülə və naümid şəkildə geri dönməyə məcbur olmuşdu. Bu səbəbdən, T.Yaqublu amilinin ortaya atılması arxasında A.Hacılı maraqlarının dayanması sübuta yetirilib və bu öz yerində...
Müəyyən razılıq əldə edəcəyini düşünən Yaqublu növbəti dəfə uğursuz gedişi ilə yadda qalmış oldu
Məsələnin maraqlı məqamlarından biri də budur ki, T.Yqaublunun ciddi-cəhdlə, əlinə düşən hər bir fürsətdə müsavatçılarla cəbhəçilər arasında missionerlik etməsi də uğursuz nəticələnir. Belə ki, bu dəfə hər iki partiyanın qadınlarını və s. funksionerlərini bir araya gətirərək, müəyyən razılıq əldə edəcəyini düşünən Yaqublu növbəti dəfə uğursuz gedişi ilə yadda qalmış oldu. Daha dəqiq desək, T.Yaqublunun təklifi ilə AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP idarə heyətinin üzvləri Nemət Əliyev və İlham Hüseynli Müsavat başqanının müavini Elman Fəttah, divan üzvləri Alya Yaqublu və Nemət Kərimli çay masası ətrafında şirin danışıb, şirin nəticəyə gəlməyə çalışsalar da bu, mümkün olmayıb. T.Yaqublu görüşdən sonra dediyi sözlərini bir daha tərkrar edərək deyib ki, "müzakirələrdən sonra onda ümid bir qədər artıb..."
AXCP-dən Tofiq Yaqubluya qeyri-ciddi baxış: "Müsavat partiyası ilə birlik məsələsi gündəmdə deyil, biz daha vacib məsələlərlə məşğuluq"
Amma daha öncəki ümidləri kimi bu ümidi də tez sönüb. Məsələ ondadır ki, AXCP gənclər komitəsinin sədri və rəyasət heyətinin üzvü İlham Hüseyn bildirib ki, müsavatçılarla görüşüb çay içmək bir araya gəlmək anlamını daşımır: "Müsavat partiyası ilə birlik məsələsi gündəmdə deyil, biz daha vacib məsələlərlə məşğuluq".
Məhz bu pafoslu rəy sosial şəbəkədə növbəti qalmaqala səbəb olub.
Müsavat rəhbərliyində təmsil olunan şəxslər AXCP funksionerinin bu fikirləri ətrafında kəskin söz savaşları ilə müşahidə edilən qarşıdurmalara gediblər. Müsavat başqanının müavini Elman Fəttah deyib ki, görüşdə hər şeydən danışılıb, heç bir məhdudiyyət olmayıb.
Müsavat MNTK-nın sədri Sevinc Hüseynova: "Biz əməkdaşlıqdan danışırıq, bunlar niyə birlik həşiri salıblar?"
Müsavat qadınlar birliyinin sədri Alya Yaqublu isə məsələni AXCP sədrinin qadın müavini Gözəl Bayramlının ətrafında qurub. Guya G.Bayramlı T.Yaqublunun cəbhəçilərlə müsavatçıların əməkdaşlıq missiyasına dəstək verib və cəbhəçilər etiraz etmələri ilə G.Bayramlını pis ayaqda qoyublar: "Gərək cəbhəçilər Gözəl xanıma bunu yapmayaydılar. O cür mübariz xanımı rəsmən qeyri-ciddilikdə suçladılar".
Müsavat MNTK-nın sədri Sevinc Hüseynova isə deyib ki, söhbətin əməkdaşlıqdan getdiyi bir vaxtda birlik məsələsinin cəbhəçilər tərəfindən ortaya atılması anlaşılmazdır: "Söhbət əməkdaşlıqdan gedirdi, bunlar niyə birlik həşiri salıblar?"
AXCP sədrinin müavini Gözəl Bayramlı: "Milli Şura"dan kənarda partiyamızın hər hansı mövqeyi yoxdur"
Maraqlıdır ki, G.Bayramlı dərhal müsavatçı Alya Yaqublunun onun boynuna qoyduğu "dəstək" iddiasını rədd edib. Sitat: "AXCP və Müsavat üzvlərinin çay masası ətrafındakı görüşündə iki partiyanın birləşmə məsələsi müzakirə edilməyib".
Onun fikirlərini belə izah edib ki, hər iki partiyanın birlik və ya əməkdaşlıq məsələləri həmin siyasi təşkilatların ali orqanında müzakirə edilməlidir: "Belə müzakirə aparılmadan hər hansı fikir söyləməyi doğru hesab eləmirəm. T.Yaqublunun dəvəti ilə bir neçə AXCP üzvü müsavatçılarla çay süfrəsi arxasında oturub, dostyana söhbətləşib. Birlik istiqamətində məsələlər müzakirə olunmayıb. Bunu dostların görüşüb çay süfrəsi ətrafında müzakirəsi saymaq olar. Birlik məsələsinin hər iki partiyanın yuxarı orqanlarında müzakirə etmədən gündəliyə çıxarılmasını düzgün hesab eləmirəm. Kimlərinsə söhbət etmək üçün dəvətinə etiraz eləmirəm. Həmin görüşdə də Tofiq bəyin dəvəti ilə çay masası ətrafında ölkədəki ictimai-siyasi durum ətrafında söhbətləşmişik. Başqa hər hansı müzakirə olmayıb".
Üstəlik, AXCP ilə Müsavatın birgə əməkdaşlığı və ya hansısa qurum altında fəaliyyəti üçün perspektivi barədə də fikir irəli sürən cəbhəçi funksioner demək olar ki, sədri Ə.Kərimlinin dediklərini bir daha təkrarlayaraq deyib ki, AXCP "Milli Şura"da fəaliyyət göstərir və bundan sonra da öz fəaliyyətini "Milli Şura"da davam etdirmək niyyətindədir: "Milli Şura"dan kənarda partiyamızın hər hansı mövqeyi yoxdur. Bundan sonra da Azərbaycan müxalifətinin güc mərkəzində fəaliyyətimizi davam etdirəcəyik".
Sabiq müsavatçı: "Bu qədər qeyri-ciddi insanların siyasətdə nə ölümü var axı?!"
Göründüyü kimi, T.Yaqublu bu dəfə AXCP və Müsavatın qadınları arasında sıxılıb qalıb və necə deyərlər, vəziyyətdən çıxış yolu tapmaq yerinə aləmi daha betər qarışdırıb. İndi sosial şəbəkədə bu müzakirələr, daha dəqiq desək, qarşıdurmalar daha da şiddətlənib və nəticəsini bəri başdan proqnozlaşdırmaq olar.
Bu arada sabiq müsavatçı, hazırda xarici ölkələrin birində yaşayan Elbəyi Həsənli maraqlı statusu ilə yadda qalıb. O, AXCP və Müsavatın təmsil olunduğu düşərgədə həmin partiyaların başlarına gələnləri haqq adlandırıb və qeyd edib ki, əslində baş verənlərin hər biri, bilavasitə qeyri-ciddiliyin göstəricisidir. Sitat: "...Bu qədər qeyri-ciddi insanların siyasətdə nə ölümü var axı?.. Düzü, mən əvvəl elə düşünürdüm ki, Ə.Kərimlinin "müxalifətin birliyinə Müsavat imkan vermir" iddiasında müəyyən həqiqət payı var. Ancaq bu dəfə əmin oldum ki, tam əksinədir. Tofiq bəy bəlkə özü də fərqinə varmadan Ə.Kərimlinin sifətindəki məsumluq maskasını cırıq-cırıq elədi..."
Beləliklə, maskaların yırtılması davam etməklə yanaşı, T.Yaqublunun bu dəfə daha çətin vəziyyətdə qalması həm də gülünc təsir bağışlayır. Artıq neçənci dəfədir ki, qaş düzəltmək istədiyi yerdə vurub göz çıxaran Müsavat başqanının müavini belə getsə, qeyri-ciddi siyasətçi kimi ənənəvi müxalifət tarixinə adını qızıl hərflərlə yazdırmalı olacaq...
Rövşən RƏSULOV