PDF Oxu

Müxalifət

  • 1 981

AXCP və Müsavat – "inteqrasiya", yoxsa sirk tamaşası?

image

SİYASİ RAKURS

Vaxtilə "superpartiya" ideyası da ortaya atılmışdı…

Son bir neçə aydır ki, özlərini cəmiyyətə "ana müxalifət" partiyaları kimi sırımağa cəhd edən Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası və başqanı Arif Hacılı olan Müsavat partiyaları arasında barışdırıcılıq missiyası təşəbbüsləri nümayiş olunmaqdadır. Lakin bu təşəbbüs arxasında partiyalararası inteqrasiya marağından daha çox sirk tamaşasını xatırladan oyunbazlıqlar nəzərə çarpmaqdadır. Çünki dəfələrlə bir-birlərini xəyanətdə, hakimiyyətə işləməkdə, satnıqçılıqda, separat danışıqlara getməkdə ittiham edən həmin partiyalar müxtəlif seçkilər ərəfəsində bir araya gəlib "müxalifətin qlobal gücü" qismində çıxış edirdilərsə, seçkilərdən dərhal sonra köhnə düşmənçilik yenidən baş qaldırırdı.

Hər iki siyasi təşkilatın rəhbərlərinin bir-birinə olan antipatiya xarakterli münasibətləri yenidən göz önünə gəlir

Belə olan vəziyyətdə yenidən "inteqrasiya" ətrafında missionerlik təşəbbüslərinin, eyni zamanda müzakirələrin aparılması, əlbəttə ki, qeyri-səmimi görünməkdədir. Ümumiyyətlə, bu məsələni təhlil edərkən, hər iki siyasi təşkilatın rəhbərlərinin bir-birinə olan antipatiya xarakterli münasibətləri yenidən göz önünə gəlir. İstər Müsavatın sabiq başqanı İ.Qəmbərlə Ə.Kərimlinin, istərsə də hazırkı başqan A.Hacılı ilə Ə.Kərimlinin. Fakt budur ki, sözügedən münasibətlər kontekstində bu şəxslərin münasibətləri elə səviyyədədir ki, burada partiyalararası "inteqrasiya"dan, birlik təşəbbüslərindən danıçmağın qətiyyən yeri yoxdur. Bilənlər də yaxşı bilirlər ki, Müsavatla "Yurd" arasındakı çoxsaylı birliklərin ömürləri qısa, nəticəsi isə kifayət qədər uğursuz olub. Bu xəfif əməkdaşlıqlar dağılanda isə, ittihamlar ən sərt formada irəli sürülüb. Baxmayaraq ki, əməkdaşlıqlarla, bilriklərlə yanaşı, AXCP və Müsavat arasında hətta "superpartiya" yaratmaq barədə də razılıq əldə olunmuşdu. Hətta bu istiqamətdə birgə işçi qrup da yaradılaraq, qısa vaxtda siyasi ictimaiyyətə yeni ideyanın gerçəkləşməsi ətrafında bəyanatlar veriləcəyi anonsu verildi.

"Superpartiya" yaradılsaydı, Arif Hacılının başqanlıq maraqları reallaşmaya bilərdi

Qısa zamandan sonra anons verildi, amma "superpartiya"nın yaradılması ilə deyil, bir tərəfin o biri tərəfi razılaşmaya əməl etməməsi ilə bağlı. Halbuki o zaman bu məsələyə Müsavatın hazırkı sədri A.Hacılı razı deyildi və yaxın ətrafı ilə buna qarşı çıxmağa çalışırdı. Hələ həmin zamanda o özünü Müsvatın başqanlığında görürdü. Əgər "superpartiya" yaradılsaydı, onun başqanlıq maraqları reallaşmaya bilərdi. Ona görə də Hacılı həmin vaxtlar əlindən gələni əsirgəmirdi.

Əslində, Ə.Kərimli də "superpartiya"nın yaradılmasına razı deyildi və razı olsaydı belə, sədrliyə özündən başqa kimsəni görmürdü. Çünki həmin vaxt İ.Qəmbər də eyni maraqdan çıxış edirdi.

Dəyirmanın çax-çaxı baş ağrıtmaqdır...

Ancaq İ.Qəmbərdən fərqli olaraq, Ə.Kərimli "superpartiya" amilinə sözdə dəstək göstərməklə müxalifət dairələrində siyasi mövqeyini möhkəmləndirməyə çalışırdı. Lakin bu da alınmadı. Söz yox ki, AXCP sədrinin qeyri-səmimi olması onun həmin məsələdə də uğur qazanmasını əngəlləmiş oldu.

Görünən isə budur ki, mövcud vəziyyətdə missionerlik edənlərin addımlarını dəstəklədiklərini deyən Ə.Kərimli-A.Hacılı amili yalnız şəxsi ambisiyaları reallaşarsa, real addıma gedəcəklərini gizlətmirlər. Ambisiyalar isə reallaşmır. Cəmiyyət də növbəti dəfə şahidi olacaq ki, bu oyunun əsas hədəfi elə müxalifəti bir daha gözdən salmaq, onsuz da zəif olan müxalif düşərgəni daha da zəiflətməyə hesablanan davranışlar olub. Sadəcə, dəyirmanın çax-çaxı baş ağrıtmaqdadır...

Rövşən RƏSULOV

Digər xəbərlər