Müxalifətdaxili qarşıdurmaların genişlənməsi əksər partiyaların sıradan çıxmasına gətirib çıxarır. Bu prosesdə maraqlı məqam ondan ibarətdir ki, partiyaların sırdan çıxıb, liderlərin siyasəti tərk etməsindən bəzi partiya yetkililəri məmnun görünürlər. Xüsusilə də, AXCP sədri Ə.Kərimli müxalif partiyaların sıradan çıxmasına daha çox səylər göstərir. Hətta uzun illər eyni düşəgəni bölüşdüyü əqidə yoldaşlarını da hədəfə alan Ə.Kərimli təsir altında saxladığı mətbu orqanlar vasitəsilə onları gözdən salıb, əsl və real müxalifət partiyasının AXCP olduğunu nümayiş etdirmə çalışır. Bununla da, daha cox xarici yardımlar almağa ümid bəsləyir. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Ə.Kərimlinin müxalifət təmsilçilərini, xüsusilə də, İ.Qəmbərin, A.Hacılının, S.Cəlaloğlunun, İ.Ağazadənin və digər müxalifət təmsilçilərinin müxalifət olmadığını sübut etməyə çalışması siyasi baxımdan ağıllı düşüncə tərzi deyil: "Təəssüflər olsun ki, Ə.Kərimli başda olmaqla özlərini müxalifət kimi təqdim edən şəxslər xaricdə olan bəzi qüvvələrdən aldıqları maliyyə yardımları ilə fəaliyyət göstərərək, aldıqları sifarişləri yerinə yetirirlər. Müxalifət təmsilçilərinin bu cür hərəkətləri də Azərbaycanın dövlətçiliyinə və milli mənafeylərinə zidd dəst-xətdir. Bu baxımdan da, bu fikirlə razı deyiləm ki, kimsə əsl müxalifətdir, kimsə yalançı müxalifətdir. Demək olar ki, dünyanın çox azsaylı dövlətlərindən biridir ki, Azərbaycan, iqtidar-müxalifət mövqeli olmasından asılı olmayaraq, ölkədə fəaliyyət göstərən siyasi partiyalara həm maliyyə dəstəyi göstərir, həm də onların fəaliyyəti üçün istənilən demokratik şəraiti yaradır".
"Nəyə görə, müxalifət birlik nümayiş etdirə bilmir? Eyni mövqeydən çıxış etməkdə acizlik nümayiş etdirir. Bu müxalifətin zəifliyini həm də cəmiyyət tərəfindən qəbul edilməməsinin nəticəsi hesab etmək olar" fikrinə cavab olaraq T.Novruzov bildirdi ki, Azərbaycanda müxalifətin aciz formada olmasının səbəbi ölkə daxilində özlərinə dəstək əldə edə bilməmələridir: "Müxalifət qüvvələri özlərinə dəstəyi ölkə daxilində axtarmaq əvəzinə, xaricdə axtarırlar. Müxalifət təmsilçiləri xaricdə olan Con əmilərindən və İvan dayılarından özlərinə dəstək axtarırlar. Lazım gələndə, hətta bu şəxslər, heç kəsə də sirr deyil ki, islam fundamentalizmi ölkələri ilə də müəyyən əlaqələr qurmağa razıdırlar. Baxmayaraq ki, özlərini Qərb yönümlü demokratlar adlandırırlar. Yəni bütün bunların hamısı həmin qüvvələrin göstərişidir".
"Milli Şura"dan uzaqlaşdırılan Mehriban Vəzir açıqlamasında çıxarılma qərarının Ə.Kərimli tərəfindən verildiyini bəyan edib. Bu, o deməkdir ki, Cəmil Həsənlinin sədrliyi, sadəcə formal xarakter dayışır? Məgər əsas qərarları Əli Kərimli vermirmi" suallarına cavab olaraq, T.Novruzov bildirdi ki, əvvəlcədən məlum olan bir faktdır ki, "Milli Şura"da qərarlar Ə.Kərimli tərəfindən verilir: "Milli Şura" adlanan bu qurumu müxtəlif şəxslər idarə edirdi. Ancaq bu gün "Milli Şura"nın nəyəsə qadir olmadığını görərək, qırağa çəkiliblər. Amma Ə.Kərimli hələ də "Milli Şura"da nəyi isə əldə edə biləcəyinə ümid edir. Əslində, bu da nəyi isə əldə etməkdən daha çox xarici qüvvələrə "mənim qüvvəm var" mesajını vermək üçün əldə saxladığı oyuncaq bir qurumdur".
GÜLYANƏ