PDF Oxu

Müxalifət

  • 2 061

Arif Hacılının ümidləri reallaşmadı

image

Əli Kərimli müsavatçıların israrlarını öz üsulları ilə rədd edir

Müsavat başqanı A.Hacılının müavini T.Yaqubluya AXCP ilə münasibətləri düzəltmək missiyanı reallaşdırmaq tapşırığını verməsinə baxmayaraq, ikinci həmin missiyanın nəinki öhdəsindən gəlməyi bacarmayıb, üstəlik, tərəflər arasındakı münasibətlərin korlanmasını daha da sürətləndirib. Artıq bəlli olduğu kimi, bir neçə gün öncə birgə çay masası ətrafında fikir mübadilələrinə girən müsavatçılarla cəbhəçilər ortaq nəticəyə gələ bilməyiblər və yaşanan polemikalar sonradan sosial şəbəkələrə sıçrayaraq qalmaqallara yol açıb.

AXCP rəsmisi: "Biz daha vacib məsələlərlə məşğuluq"

Xüsusilə, AXCP rəsmilərinin sözügedən məsələyə münasibətdə Müsavatı aşağılamaları həmin qalmaqalların daha da artmasına zəmin yaradıb. Məsələn, Ə.Kərimlinin yaxın ətrafından hesab olunan AXCP funksioneri İlham Hüseyn "Müsavat partiyası ilə birlik məsələsi gündəmdə deyil. Biz daha vacib məsələlərlə məşğuluq" fikirləri müsavatçılar tərəfindən təhqir kimi qəbul olunub və cəbhəçinin cavabı gecikməyib.

Müsavat rəsmisi: "AXCP ilə əməkdaşlıq cəhdlərinin perspektivinə inanmıram"

Eyni motivdən çıxış edən Müsavat başqanının müavini Yadigar Sadıqov dərhal cavab verib ki, bundan sonra AXCP ilə Müsavatın bir araya gələrək əməkdaşlıq etməsi, heç üfüqdə də görünmür.

"AXCP ilə əməkdaşlıq cəhdlərinin perspektivinə inanmıram" -deyə qeyd edən Y.Sadıqovun fikrincə, burada Ə.Kərimlinin məlum biclikləri var. Bu biclik isə Müsavatın AXCP-ni keçməsinə qarşı yürüdülür. Daha dəqiq desək, AXCP əlində olan vasitələrdən, ilk növbədə Müsavata qarşı istifadə etmək niyyətində olduğu üçün əməkdaşlıq təkliflərini birmənalı şəkildə rədd edir.

AXCP-nin sədr müavini Gözəl Bayramlı: "İki partiyanın birləşmə və əməkdaşlıq məsələsi müzakirə edilməyib"

Digər Müsavat funksioneri Alya Yaqubluyla AXCP-nin sədr müavini G.Bayramlının da münasibətləri bu üzdən ziddiyyət təşkil edir.

G.Bayramlı mətbuata açıqlamasında deyib ki, "AXCP və Müsavat üzvlərinin çay masası ətrafındakı görüşündə iki partiyanın birləşmə və əməkdaşlıq məsələsi müzakirə edilməyib".

Müsavat funkioneri Alya Yaqublu: "Düşmən" partiyanın üzvləriylə görüşmüsənmi? Oturub bir-iki çaynik çay içmisənmi?"

Məhz bu cür fikrin önə sürülməsi müsavatçı xanımı qəzəbləndirib. Onun həmin məsələyə münasibəti isə bu cür olub: "Düşmən" partiyanın (burada istehza ilə AXCP-nin Müsavata olan münasibətini anlatmağa çalışıb-R.R.) üzvləriylə görüşmüsənmi? Oturub bir-iki çaynik çay içmisənmi? İki partiyanın əməkdaşlığından danışmaq cəsarəti göstərmisənmi? Bunlar çox gözəl! Belə bir əməkdaşlığı "şəxsi fikrin olaraq" dəstəkləmisənmi? Bu, inanılmaz dərəcədə gözəl! İndi heç insafdımı bu qədər gözəl əməlin yarısını deyib, yarısını danasan? Həm də kifayət sayda şahid varkən! Orada əməkdaşlıq haqqında çox pozitiv fikir mübadiləsi olmuşdu, Müsavatın bu yöndə cəhdlərinə cəbhəçilər müsbət reaksiya vermişdilər. Sonradan bunu danmağın hansı zərurətdən irəli gəldiyini təxmin edirəm və təəssüf eləyirəm ki, AXCP rəhbərliyinin bu cür ciddi məsələyə şəxsi maraqlar baxımından yanaşması elə uğurlu başlanğıcı boşa çıxardı".

Hər hansı cəbhəçi Müsavatın yeni əməkdaşlıq təklifini dəstəkləyərsə, həmin adamın AXCP sıralarından qovulacağını təxmin etmək elə də çətin iş deyil

Əslində, Alya Yaqublu burada daşı Ə.Kərimlinin bostanına tərəf atmaqla, barışığa getmək istyən cəbhəçilərin yolunun, məhz onun özü tərəfindən kəsdiyini demək istəyir. Bunun isə, həqiqətən də belə olması şübhəsizdir. Əgər hər hansı cəbhəçi Müsavatın yeni əməkdaşlıq təklifini dəstəkləyərsə, həmin adamın AXCP sıralarından qovulacağını təxmin etmək elə də çətin iş deyil.

Bu məsələnin gündəmdən silinməsi üçün T.Yaqublu ölkə hüdudlarını tərk edib

Artıq T.Yaqublunun Azərbaycanı tərk edərək Gürcüstana getməsi də xəbərlər sırasındadır. Daha dəqiqi, T.Yaqublu A.Hacılının ona verdiyi tapşırığın öhdəsindən gələ bilməyəcəyini artıq bu dəfə tam dəqiqləşdirib. Ona görə də bu məsələnin gündəmdən silinməsi üçün ölkə hüdudlarını tərk edərək atasının yurdu Gürcüstana gedib. Bununla da, AXCP-Müsavat arasındakı yeni əməkdaşlıq müstəvisi üzərində ortaya atılan planın üzərindən çalın-çarpaz xəətlər çəkilib.

Rövşən RƏSULOV

Digər xəbərlər