AXCP sədri "Milli Şura" rəhbərini kənarlaşdırmaq üçün qəti qərara gəlib
Uzun müddətdir ki, AXCP sədri Ə.Kərimlinin "Milli Şura"nın rəhbəri C.Həsənlini özündən kənarlaşdırması ətrafında "baş sındırdığı" barədə informasiyalar dolaşda da, hələlik onun bu istəyinin reallaşmadığını görməkdəyik. Daha dəqiq desək, AXCP sədri C.Həsənlidən yaxa qurtarmaq üçün "nə şiş yansın, nə kabab" prinsipini işə salıb. Əbəs yerə deyil ki, hələ ötən ayın əvvəllərində Kərimlinin professora istefa ərizəsini də yazdırdığı barədə məlumatlar yayılmağa başlamışdı. Bu məlumatlar sızar-sızmaz C.Həsənli bunun "yalan" olduğunu deyərək, diqqəti özündən yayındırmağa cəhd etdi. Ancaq onun bu cəhdinin uğursuz olması faktdır.
Cəmil Həsənli Əli Kərimliyə ağır "yük" olmağa başlayıb
Məsələn, bu günlərdə "Milli Şura"dakı etibarlı mənbədən belə bir məlumat əldə etmişik ki, yaxın günlərdə Həsənlinin istefa qərarı gözlənilmədən mediaya açıqlanacaq. Ortada isə bəzi maraqlı detallar mövcuddur. Mənbənin qeyd etdiyinə görə, onsuz da "Milli Şura"nın qeyri-rəsmi sədrliyini Ə.Kərimli edir. C.Həsənli isə, sadəcə Kərimlinin səhvlərini, müxtəlif ağırlıqlarını öz üzərinə götürür. Bunun üçün AXCP sədrinin ona əlavə xərcləri, maliyyə resursları istifadə olunur. Bu günə qədər dövlət əleyhinə səslənən hər bir bəyanat, hər bir çıxış arxasında Ə.Kərimlinin nəfəsinin olması şübhəsizdir. Sadəcə, bu çıxışlar C.Həsənlinin ağzından çıxır. Artıq müxalifətdaxili siyasi mühitdə elə də ciddi proseslər getmədiyi üçün, heç bir seçki amilinin ortada olmadığı üçün C.Həsənli Ə.Kərimliyə ağır "yük" olmağa başlayıb. Ona görə də Ə.Kərimli C.Həsənlinin istefasından dərhal sonra "Milli Şura"ya sədr keçməyi qətiləşdirib. Daha bir məqam isə AXCP-nin tamamilə sıradan çıxmasıdır. Kərimli parçalanmış və məhv olmuş AXCP-ni, məhz "Milli Şura"nın sayəsində ayaqda saxlamağa çalışır.
Əli Kərimlinin Cəmil Həsənli barəsində ədlə etdiyi kompromatlar onun üçün fürsət olub
C.Həsənli və Ə.Kərimli arasındakı digər narazılığın Maqsud İbrahimbəyovun dəfnindən sonra yaşanması qeyd edilir. Narazılığı yaradan faktor isə "Milli Şura" sədrinin M.İbrahimbəyovun dəfn mərasimində iştirakına bağlanılsa da, məsələnin başqa tərəfinin olduğu deyilir. Məsələn, daha bir məlumata görə, C.Həsənli "Milli Şura"nın siyasi partiyaya çevirmək üzərində layihə hazırlayıb. Ancaq Ə.Kərimlidən xəbərsiz. "Milli Şura"nın partiyaya çevriləcəyi təqdirdə, C.Həsənli avtomatik olaraq ona sədr seçiləcəkdi. Hətta C.Həsənliyə koordinasiya şurasının bir neçə üzvü sözügedən planın reallaşdırlması istiqamətində gizli yardımlar da göstərib. Baş verənlər barədə bir müddət məlumatsız olan Ə.Kərimli həmin cəhdlər barədə eşidər-eşitməz C.Həsənlinin "Milli Şura"dan uzaqlaşdırılması istiqamətində aşkar addımlar atmağa başlayıb. Bu məlumatlar, kompromatlar həm də onun üçün bir fürsət olub.
Cəmil Həsənli anlayır ki, Əli Kərimli özünün cəsarət edə bilmədiyi ən pis işlərin hamısını ona gördürüb, bütün oyunlarında ondan maksimum şəkildə yararlanıb
Biz hazırkı məqamda yalnız Ə.Kərimli-C.Həsənli timsalında deyil, digər qurum üzləri arasında da narqazılqların yaşandığını görməkdəyik. Yeri gəlmişkən, daha bir faktı xatırlatmaq yerinə düşərdi ki, C.Həsənli-Ə.Kərimli qarşıdurması birinci dəfə baş vermir. Vaxtilə AXCP-dən istefa vermiş Həsənli bunu Kərimlinin xəyanətlərinə görə etdiyini bəyan etmişdi. İndi də eyni halın yaşanması şübhə doğurmur. C.Həsənli anlayır ki, Ə.Kərimli özünün cəsarət edə bilmədiyi ən pis işlərin hamısını ona gördürüb, bütün oyunlarında ondan maksimum şəkildə yararlanıb. Bu gün isə C.Həsənli amili Ə.Kərimlini qane etmir. Ona görə də getməyinin vaxtı çatıb. Əli Kərimlinin Cəmil Həsənli üçün "davay, dosvidaniya" meyxanasının sifarişi artıq verilib. Bu gediş baş tutduqdan sonra isə hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini zaman göstərəcək.
Rövşən NURƏDDİNOĞLU