PDF Oxu

Müxalifət

  • 1 858

28 may, həmçinin müxalifətin paçlanmasını sübut edən gündür

image

TƏRS BAXIŞ

Bu ənənənin təməli Novxanıdan qoyulub

28 May-Respublika Günü ərəfəsi, hər zaman olduğu kimi, növbəti dəfə ənənəvi müxalifət düşərgəsinin bir yerdə olmadığını sübut edir. Artıq belə bir qənaətə gəlmək mümkündür ki, sözügedən tarix, həmçinin, düşərgənin parçalanmasını sübut edən gün kimi yadda qalıb. Xüsusilə, düşmən münasibətində olan müxalifət patiyaları - AXCP-Müsavat və həmin partiyaların diktəsi ilə idarə olunan digər qurumlar Respublika Gününü bir yerdə, barış və əməkdaşlıq şəraitində deyil, ayrı-ayrılıqda keçirməyi üstün tuturlar.

Hansı partiyanın ilk olaraq Novxanıda tədbir keçirməsi üstündə kəskin münaqişələr yaşanır

O da sirr deyil ki, bu təşkilatlar Novxanıda ADR-in qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbirini qeyd etmək üstündə ənənəvi savaşa qalxırlar. Daha dəqiq desək, hansı partiyanın ilk olaraq Novxanıda tədbir keçirməsi üstündə kəskin münaqişələr yaşanır. Düzdür, 2013-cü il prezident seçkiləri öncəsi "Milli Şura" adlı qondarma qurumda "əməkdaşlıq edən" AXCP-Müsavat yalnız həmin ildə bayram tədbirini birgə keçirmişdilər ki, hazırda məlum səbəblər üzündən "Milli Şura"dan çıxan Müsavat yenidən öz köhnə ənənəsinə sadiq qalaraq, yəni ayrılıqda olaraq Rəsulzadənin abidəsini ziyarət edəcək. Görünən isə budur ki, uzağı bir il bir yerdə olan müxalifət partiyaları bundan o yana birgə yol qət etmək gücündə və istəyində olmadıqlarını sözügedən addımları ilə sübuta yetirirlər.

Onlar düşərgədə təmsil olunan qarşı tərəflərə "dostlarımız" deyə müraciət etsələr də, həmin kəlmənin söz demək xətrinə deyildiyi aşkar görünür

Xüsusilə, bir-birlərini ittiham edərkən, mətbuata bol-bol açıqlamalar verən müxalifət funksionerləri hakimiyyətlə yanaşı, özlərinə qarşı da rdaikallıq nümayiş etdirirlər. Baxmayaraq ki, onlar düşərgədə təmsil olunan qarşı tərəflərə müxtəlif məsələlərə fikir bildirdikləri zaman "dostlarımız" deyə müraciət etsələr də, həmin kəlmənin, sadəcə söz demək xətrinə deyildiyi aşkar görünür. Ortada heç bir dostluq münasibətləri yoxdur və əgər olsaydı, onlar ən azından, Respublika Günündə bir araya gəlməyi bacararaq, dediklərini sübuta yetirmiş olardılar. Ancaq göründüyü kimi, bu, baş vermir.

Düşərgə konkret şəkildə parçalanmış vəziyyətdə olduğu kimi, həm də düşmənçilik səviyyəsində münasibətlər çərçivəsindən çıxmağı bacarmayıb. Belə olan vəziyyətdə ənənəvi müxlaifətin hakimiyyət iddiası, yürüdülən siyasəti tənqid etmələri mənasızlıq, məntiqsizlik və istehza xarakteri daşıyır.

ADP sədri Sərdar Cəlaloğlu: " Mövcud olan bloklar arasında isə münasibətlər arzu edilən səviyyədə deyil... Dostluq münasibətləri yoxdur"

Bu arada sözügedən düşərgənin təmsilçilərindən olan ADP sədri S.Cəlaloğlu da bu məsələyə münasibətini açıqlayaraq deyib ki, müxalif blok və təşkilatların 28 May-Respublika Günündə birlikdə Novxanıda tədbir keçirməsi mümkün deyil. Bunun üçün əsasların olmadığını deyən müxalifət partiyası sədrinin fikrincə, bu qüvvələr arasında müəyyən maraq ziddiyyətləri var və odur ki, onların Respublika Gününü birlikdə qeyd etməsi mümkün deyil. ADP sədri də xatırladıb ki, əslində, əvvəlki dövrlərdə bu qüvvələr birlikdə Novxanıda Rəsulzadənin abidəsini ziyarət etməyiblər. SİTAT: "Partiyalar hansı bloklarda təmsil olunurdusa, bu bloklardakı müttəfiqləri ilə birgə hərəkət edirdi. İndiki mərhələdə bu təşkilatların hamısının birlik nümayiş etdirməsinə ehtiyac yoxdur. Onsuz da ayrı-ayrılıqda gedirik və hamı öz ziyarətini həyata keçirir".

Yeri gəlmişkən, xatırladaq ki, Cəlaloğlu sədrlik etdiyi təşkilatı "Antiböhran Koalisiyası"na üzv yazdırıb və həmin qurumda "Azadlıq" VİP, "Ağ Blok", ADR hərəkatı və s. müxalifətçi siyasi təşkilatlar fəaliyyət göstərirlər. Onların hər birinin isə ayrı-ayrılıqda digər partiyalarla pis münasibətləri var.

S.Cəlaloğlu müxalifətin daha geniş konfiqurasiyada bir araya gəlməsi ehtimalı barədə səsləndirilən ayrı-ayrı fikirlərə də toxunaraq bildirib ki, hazırda belə bir vəziyyət mövcud deyil. ADP sədri deyib ki, ümumiyyətlə, hətta yaxın dövr üçün belə bir birliyin ortaya çıxması imkanları da yoxdur: "İndiki situasiya birliyi vacib qarşılamır. Hazırda müxalifət partiyaları fərqli bloklarda və qurumlarda birləşiblər. Mövcud olan bloklar arasında isə münasibətlər arzu edilən səviyyədə deyil. Bunun da obyektiv və subyektiv səbəbləri mövcuddur. Bloklar arasında təmaslar da mövcud deyil. Başqa sözlə, dostluq münasibətləri yoxdur".

"Novxanı həqiqətləri" kontekstində yeni ittihamların, qarşıdurmaların və savaşların şahidləri olacağıq

Göründüyü kimi, müxalifət daxilində özünəməxsus çəkisi olan ADP sədri də etiraf edir ki, mətbuatda, sosial şəbəkələrdə bir-birlərini tənqid edərkən, qarşı tərəflərə "dostlarımız" deyə müraciət edən düşərgə təmsilçiləri bunu boğazdan yuxarı, görüntü xətrinə deyirlər. Ortada isə açıq-aşkar düşmənçilik mövqeyi dayanıb. Fakt isə, yuxarıda da qeyd edildiyi kimi, 28 May-Respublika Günü ərəfəsində onların bir-birlərinə qarşı sərgilədikləri düşmənçilik münasibətləridir.

Çox yəqin ki, biz bayram günü və ondan sonrakı bir neçə gündə "Novxanı həqiqətləri" kontekstində yeni ittihamların, qarşıdurmaların və savaşların şahidləri olacağıq. Çünki bu adət-ənənə müxalifətin qanına-canına hopub. Belə müxalifət üçün isə, heç bir sosial sifariş ola bilməz. Yaxşı olardı ki, onlar 28 May-Respublika Gününü özlərinin dəfn günü kimi qeyd etsinlər. Bu, ictimai rəy üçün daha məntiqəuyğun olardı...

Rövşən RƏSULOV

Digər xəbərlər