Rafiq Manaflı: "Müsavat Tofiq Yaqubludan istifadə edir"
Müsavat partiyası rəhbərliyinin AXCP-yə yenidən əməkdaşlıq barədə elçi düşməsi, elçilik daşının üstündə isə həm partiyanın başqan müavini, həm də "Milli Şura" funksioneri T.Yaqublunu oturtması sözügedən çevrədə birmənalı qarşılanmaqdadır. Xüsusilə, Müsavatda təmsil olunan bir sıra şəxslər Yaqublunun təmsil olunduğu partiyanın "Milli Şura" sıralarında olmamasına rəğmən hələ də adışəkilən qurumda funksionerlik etməsinin əleyhinədirlər. Hətta bununla bağlı Müsavat divanının toplantısı keçirilmiş, başqa A.Hacılıdan tələb olunmuşdu ki, o T.Yaqublu qarşısında şərt qoysun – ya Müsavat, ya da "Milli Şura". Ancaq Hacılı buna getməməklə yanaşı, Yaqubluya xüsusi bir missiya da tapşırdı – Müsavat-AXCP arasındakı düşmənçiliyi pozub, yeni əməkdaşlıq təklifləri ilə çıxış etmək. Bir sözlə, barışdırıcılıq missiyasını həyata keçirmək.
Proqnozlar müxtəlifdir, yaxud Əli Kərimli Yaqublunun missiyasına müsbət reaksiya versəydi, planlarını reallaşdırmağa imkan tapmazdı
Ancaq T.Yaqublunun bu missiyası həyata keçməməklə yanaşı, "Milli Şura" və AXCP rəsmilərinin bu məsələdə qəti "yox" deməsi də nəzərlərdən yayınmadı. Buna müxtəlif cür proqnozlar verildi. Məsələn, bildirilirdi ki, "Milli Şura"nın qeyri-rəsmi şefi, AXCP sədri Ə.Kərimli bununla şərt qoyaraq Müsavatı yenidən "Milli Şura"ya gətirməyə təhrik edir, yaxud o, bu vasitə ilə AXCP və "Milli Şura"nın müxalifət düşərgəsində "ana müxalifətçilik" etdiyini "sübut edib" xarici dairələrlə iş birliyini qurmağa çalışır, ya da Müsavatın parçalanmasını gözləyir ki, bu müddət ərzində oradan qopan insanları özünə tərəf cəlb edə bilsin. Əgər Kərimli Yaqublunun missiyasına müsbət reaksiya versəydi, planlarını reallaşdırmağa imkan tapmazdı.
Rafiq Manaflının iddiası - Tofiq Yaqublu həbsxanadan çıxdıqdan sonra səmimiyyətlə bu işə qoşulub, ancaq istifadə edildiyinin fərqinə varmayıb
Ancaq bu arada daha bir maraqlı məqam "Milli Şura"nın koordinasiya şurasının üzvü, eləcə də VHP funksioneri, təmsil olunduğu siyasi təşkilatın ali məclisinin sədri və siyasi şura üzvü Rafiq Manaflı Müsavat rəhbərliyinin siyasi gedişini ifşa edən açıqlamasından ibarətdir. O, qeyd edib ki, bu proses AXCP ilə Müsavat partiyasının daxili problemi sayılsa da, diqqətdən kənarda qala bilməz. "Milli Şura"nın VHP-li təmsilçisi deyib ki, əslində, T.Yaqublu həbsxanadan çıxdıqdan sonra səmimiyyətlə bu işə qoşulub, ancaq istifadə edildiyinin fərqinə varmayıb. Müsavatda da çox gözəl anlayırlar ki, "bizim T.Yaqubluya böyük hörmətimiz və etimadımız var. Görürlər ki, T.Yaqublunun xətrini çox istəyirik, onu qəbul edirik. Bu amildən Müsavat partiyası istifadə edərək, T.Yaqublunu AXCP ilə danışıqlar aparmaq missiyası ilə dərhal görəvləndirib. Heç şübhəsiz ki, AXCP-Müsavat danışıqları "Milli Şura"ya qarşı yönələn addımdır. Bu, Müsavatın istəyidir və bizə qarşıdır. Amma bu, istənilən halda AXCP-Müsavat münasibətidir və onların daxili işidir. Müsavat AXCP-yə bununla bağlı müraciət edib. Məndə olan xəbərə görə, AXCP Müsavata bildirib ki, bu mövzu onlar üçün aktual deyil".
Müsavatın "Milli Şura"nı vaxtilə tərk etdiyini və bu zaman "Milli Şura"ya ən böyük zərbəni vurmuş olduğunu iddia edən Manaflı nəticədə qurumun zəfiləməsi ilə nəticələndiyini deyib: "Müsavat bu qərarla "Milli Şura"nı zəiflətdi".
"Milli Şura"nın üzvü olan VHP rəsmisi Əli Kərimlinin mədh edib
Daha bir maraqlı məqam isə "Milli Şura"nın VHP-li rəsmisinin AXCP-yə təriflər yağdırmasıdır. O, bu vasitə ilə onu da sübuta yetirib ki, reallıqda "Milli Şura"nı onun sədri C.Həsənli idarə etmir. O, sadəcə müqəvva sədr rolunu oynayır və bütün işləri AXCP sədri Ə.Kərimli aparır: "Bu gün "Milli Şura" daxilində əsas dayaqlardan biri AXCP-dir. Tədbirlərdə, toplantılarda AXCP-nin resurslarından istifadə edilir".
Lakin deyilənlərlə yanaşı, Müsavat rəhbərliyinin AXCP-nin fəaliyyətinə qısqanc yanaşdığını bildirən Manaflı qarşı tərəfin fürsətcillik etdiyini düşünür.
"Milli Şura" üzvü: "Mən hər şeyi açıb demək istəmirəm. Amma hesab edirik ki, Müsavatın bu addımları "Milli Şura"ya qarşı yönəlib"
O, bunu belə izah edib. SİTAT: "İndi Müsavat AXCP ilə danışıqlar aparıb müqavilə bağlamağa çalışır. Bu, baş verəcəksə, o zaman "Milli Şura"nın taleyi, Müsavat-"Milli Şura", "Milli Şura"-AXCP münasibətləri necə olacaq? Müsavat bizə bir dəfə zərbə vurub. Təbii ki, Müsavat AXCP ilə "Milli Şura"nın gücləndirilməsi haqqında söhbət aparmayacaq. Bizim yanaşmamız budur. Əlbəttə, mən hər şeyi açıb demək istəmirəm. Amma hesab edirik ki, Müsavatın bu addımları "Milli Şura"ya qarşı yönəlib".
Göründüyü kimi, AXCP-"Milli Şura" cütlüyü ilə Müsavat arasındakı qalmaqal artıq digər müxalifət partiyalarına da sirayət edib. Xüsusilə, VHP-nin də bu məsələyə münasibət bildirməsi maraqlı görünür. Hər halda, bununla bağlı Müsavatın da cavabı olacaq. Görünür, T.Yaqublunun missionerliyi çərçivədən çıxaraq partiyalararası münaqişələrə çevrilmək üzrədir.
Rövşən RƏSULOV