"Bəs müxalifət düşərgəsindəki bu qədər tör-töküntülər, qırım-qırtıqlar, vaxtı keçmiş "məhsullar" haradandır?"
Müsavat partiyası deyilən bir siyasi təşkilatın fəaliyyətsizliyi hər kəsə bəllidir. Sosial bazadan, siyasi konsepsiyalardan, intellektual insanlardan tamamilə məhrum olan bu təşkilatın son vaxtlardakı "mövcudluğu" xırıltı səsləri ilə müşahidə olunur. Boğulmaqdan kimsə Müsavatı xilas edə biləcəkmi? Təbii ki, yox. Çünki taleyi ölümə məhkum olmuş bu qurumun qatilləri də elə müsavatçıların özləri naşı, səriştəsiz insanlardır. Əgər həqiqətən də, Razim Əmiraslanovun dediyi kimi, Müsavat güclüdürsə, o zaman bu qurumun son mitinqində nə üçün 32 nəfər adam iştirak edirdi? Əgər güclüdürsə, nə üçün parlamentə bircə deputat sala bilmədiniz? Əgər güclüdürsə, niyə fəaliyyəti yoxdur? Ofisdə oturub mürəbbəli çay içməklə "fəaliyyət"mi olur? Əgər güclüdürsə, vaxtilə "əjdaha" kimi təqdim etdiyiniz şəxslər Qubad İbadoğlu, Tural Abbaslı, Səxavət Əlisoy niyə tərk elədi sizləri? Kim güclü tərəfdə olmaq istəməz ki!? Əgər "güc" dediyiniz ayda bir dəfə "musavat.com"a zəng edib sizlərdən müsahibə almaqlarını xahiş etməkdirsə, verdiyiniz müsahibədə Avropadan misallar gətirməkdən ibarətdirsə, o zaman təhdidlərinizlə nəyə nail olmaq istəyirsiniz!? Bekarçılıq, məqsədsizlik sizlər üçün amala çevrilibsə, bu da başqa bir dərd... Ancaq həftənin tək günləri iqtidarı, cüt günləri isə müxalifəti tənqid etmək bir "Müsavat kişiliyi"dirsə, o zaman həftənin bazar günləri də öz "kişiliyinizə" qiymət verin. Hər kəs bir tərəfə qalsın, görəsən, "başbilənləri" elə bir müxalifət partiyası qalıb ki, bostanına daş atmasın? Necə deyərlər, Müsavat- AXCP cütlüyünün xəyanətlərinə ən sərt formada vaxtilə etiraz etmiş Tahir Kərimlinin bostanımı indi dəbə düşüb? Eyni dairədən güclü olardın, sən də seçilərdin.
"Vəhdət" partiyası qurultay keçirib və Tahir Kərimli yenidən sədr seçilib. İndi baxaq görək özünü müxalifətin "maması" hesab edən Müsavat bu məsələyə necə münasibət bildirir. Müsavat partiyasının təşkilat şöbəsinin müdiri, divan üzvü Razim Əmiraslanov: "T.Kərimlinin rəhbərlik elədiyi partiyanın gücü Müsavat partiyası Səbail rayon təşkilatının bir özəyinin gücü qədər deyil". Bəs bu müsavatçını qeyzləndirən nədir? T.Kərimlinin "yenidən partiya sədri olmasa idim, Vəhdət partiyası Müsavat partiyası kimi dağılacaq" fikri Razim Əmiraslanovun əlhəmini çaşdırıb. T.Kərimli yalanmı deyib? Xeyr! Məgər Müsavat dağılmayıb ki? Dağılmayıbsa, bəs müxalifət düşərgəsindəki bu qədər tör-töküntülər, qırım-qırtıqlar, vaxtı keçmiş "məhsullar" haradandır? "Vəhdət" partiyasını gənc üzvü Elşad Alıyevin fikirləri isə daha konkret oldu: "Razim də İ.Qəmbərin və A.Hacılının tayıdır. Xahiş edirəm, onlar mənə Müsavatın varlığını bircə siyasi faktla sübut etsinlər, mən bütün ətrafımla birlikdə Müsavata üzv olaram. Amma belə bir şey yoxdur. Onlar qısqanclıqdan özlərindən başqa kimsəni bəyənmirlər".
Samir