Qarşıdurmalar hansı səbəbdən qaynaqlanır
Bir müddət ara verdikdən sonra AXCP-Müsavat partiyaları arasında uzun illərdir ki, davam edən qarşıdurma və ittihamlar seriyası yenidən alovlanıb. Belə ki, mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki paritiyanın rəhbərliyi hələ də qarşı tərəfləri "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "satqınlıq", "xəyanətkar" ittihamı səbəbindən qarşı-qarşıya dayanıb.
Ən qəribəsi də, son bir neçə aydır ki, özlərini cəmiyyətə "ana müxalifət" partiyaları kimi sırımağa cəhd edən Ə.Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və başqanı A.Hacılı olan Müsavat partiyaları arasında barışdırıcılıq missiyası təşəbbüsləri nümayiş olunmaqda idi. Ancaq bu gün isə bu təşəbbüs arxasında partiyalararası inteqrasiya marağından daha çox oyunbazlıqlar nəzərə çarpmaqdadır. Bu, heç də təəccüb doğurmur. Çünki dəfələrlə bir-birlərini xəyanətdə, hakimiyyətə işləməkdə, satnıqçılıqda, separat danışıqlara getməkdə ittiham edən həmin partiyalar müxtəlif seçkilər ərəfəsində bir araya gəlib "müxalifətin qlobal gücü" qismində çıxış edirdilərsə, seçkilərdən dərhal sonra köhnə düşmənçilik yenidən baş qaldırırdı.
Hər iki partiyanın çözülməyən çarəsiz "xəstəliyi"
Müsavatla AXCP arasında gedən bu "savaşın" üzdə görünən səbəblərinə nəzər saldıqda, bu mənzərənin mənasız, çılız olduğu ortaya çıxır. İlkin olaraq belə bir nəticəyə gəlinir ki, hər iki partiyada baş verənlər onların ciddi bir işi ortaya qoya bilmədikləri üzündən baş verir. Amma necə deyərlər, "Dəyirman öz işində, çax-çax baş ağrıdır".
Bu gün elə təsəvvür yaranır ki, Müsavat partiyası ona qarşı ünvanlanan qınaqlara cavab vermək halında deyil. İ.Qəmbərin başqanlıqdan getməsi gözlənildiyi kimi, uzun müddət partiyada qalaqlanıb qalmış problemləri də "qat-qat açır". Daxildəki gərginliyi gizlətmək istəyən partiya finksionerləri bu prosesi fikir plüralizmi kimi təqdim etməyə çalışsalar da, artıq bu "xına, o xınadan" deyil. Göründüyü kimi, Müsavat partiyası "çalxalanır", amma heç də AXCP bu vəziyyətdən istifadə edib, ondan önə çıxmaq gücündə deyil. Çünki bu partiyanı da istefalar öz ağuşuna alıb. Sədrin sabiq müşaviri Şakir Abbasov İ.Qəmbərlə bağlı "çinadanında" nə varsa açıb-töküb. Bildirib ki, biri xaricə adam keçirməklə, biri pul qoparmaqla məşğul olub: "Məni İ.Qəmbərin adamı adlandırırdılar. Müsavat kimdir, siz kimsiniz? Əgər hər ikiniz müxalifət partiyası adını daşıyırsınızsa, millətin halına yanmaqdansa, bir-birinizin üstünə düşmüsünüz. Özlərinə də demişəm açacağam sandığı, tökəcəyəm pambığı. Bir qrup maaş alan var, adlarını müxalifətçi qoyublar. Düşüblər maaş almayan müxalifətçilərin üstünə ki, biz deyən olmalıdır".
ADP sədrinin müavini Taliyət Əliyev bildirib ki, bu iki partiya arasındakı münasibətlərin kökü hakimiyyətdə olduqları dönəmdən başlayır və bu günə kimi də davam edir: "Hesab edirəm ki, bu münasibətlərin motivində qrup maraqları dayanır. Bu, təkcə iki partiya arasındakı münasibətlərə deyil, ümumilikdə müxalifətdaxili münasibətlərə də mənfi təsir göstərir. Nəticə etibarilə cəmiyyətin müxalifət partiyalarının ətrafında birləşməsinin qarşısını alır. Hesab edirəm ki, bu məsələ siyasi mədəniyyətin hələ də formalaşmamasından irəli gəlir. Əks-fikirə dözümsüzlük, məqam olan kimi öz müttəfiqini qaralamaq, siyasi etikaya və əxlaq normalarına riayət etmədən onu təhqir etmək və s. hallar günümüzün reallığıdır. Bütün bu neqativlərin aradan qaldırılması üçün, görünür, hələ zamana ehtiyac var".
Beləliklə, guya zaman-zaman barışıq axtarışına çıxan hər iki partiya nəticə etibarilə daha betər düşmən tərəflərə çevrilərək, sonu olmayan bir yolla gedirlər. Əslində isə, siyasi arenada hər iki partiya yolun sonuna çoxdan gəlib. Ancaq onların düşmənçiliklərinin sonu, ümumiyyətlə, görünmür və bu yolun nə vaxtsa hamar yola çıxacağı isə mümkünsüzdür.
Rəfiqə HÜSEYNOVA