SİYASİ RAKURS
Yaxud, söz və internet azadlığı insanları üsyana və qiyama çığırmaq demək deyil
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ötən il Nardaranda baş verən olaylar zamanı insanları radikal dini çağırışlar və bu kimi digər üsullarla sosial şəbəkədə dövlətə qarşı üsyana çağırması, sözsüz ki, onun həbsi ilə nəticələndi. Daha dəqiq desək, Qəhrəmanlının antidövlətçilik istiqamətində etdiyi qeyri-qanuni çağırışları, bilavasitə Azərbaycana qaşrı fəaliyyət göstərən qaranlıq xarici dairələrin sifarişini həyata keçirən Tale Bağırzadənin, eləcə də onun ətrafındakı silahlı qruplaşmanın müdafiəsinə hesablanmışdı. Bu gün F.Qəhrəmanlı, yaxud da AXCP sədri Ə.Kərimli bu danılmaz isbatı nə qədər inkar etmələrinə baxmayaraq, görünən budur ki, hazırda T.Bağırzadəni müdafiə etməyin arxasında müəyyən maraqlar dayanıb. Sual olunur, özünü siyasi partiyanın ikinci şəxsi hesab edən bir nəfərin radikal dini silahlı qruplaşmanın üzvlərinin həbsi zamanı bu qədər əl-ayağa düşməsində, onların "günahsız" olmalarını iddia etməsində daha hansı maraqlar dayanıb?
Bəzi diqqətçəkici nüanslar
İstər-istəməz belə bir amil nəzərə çarpır ki, əgər Ə.Kərimlinin müavini xarici kəşfiyyat orqanlarının Nardarana göndərdiyi emissarlarını açıq qaydada müdafiə edib, insanları dövlətə qarşı çıxmağa səsləyirsə, demək, bu işdə onun, eləcə də sədrinin də barmağının olması şübhə doğurmur.
Bu gün də eyni halı dağıdıcılıq və xəyanətkarlıq prinsipi üzərində fəaliyyət göstərən radikal müxalifət partiyası olan AXCP-də müşahidə etməkdəyik. Lakin bəzi diqqətçəkici nüanslarla.
Məsələn, F.Qəhrəmanlı nardaranlıları və ümumiyyətlə, ölkəmizin inanclı vətəndaşlarını "facebook" sosial şəbəkəsi vasitəsilə qiyama çağırıbsa, buna görə həbsə məruz qalıbsa, indi onun sədri Ə.Kərimli sözügedən mövzunu tamamilə başqa istiqamətə yönləndirməyi "Azadlıq" qəzetindəki qələm dağarcıqlarına tapşırıb.
Şantajının ağzını söz və internet azadlığına tərəf dəyişdirib
Söhbət bu dəfə T.Bağırzadədən deyil, ölkədə söz və internet azadlığından gedir. Söz yox ki, Ə.Kərimlinin "dəst-xətti" təsirini bağışlayan, yazıda qeyd olunur ki, sən demə "AXCP sədrinin müavininə qarşı ittiham ölkədə söz və internet azadlığı haqda bəyanatları darmadağın edir". Gülməlidir, deyilmi?
Bir müddət əvvəl ölkədə inanclılara qarşı "diskriminasiya siyasəti" yürüdüldüyünü iddia edən Ə.Kərimli bu iddianın onun maraqlarının təmin olunmasına heç bir effekt vermədiyini gördükdən sonra şantajının ağzını söz və internet azadlığına tərəf dəyişdirib.
"AXCP sədrinin müavini F.Qəhrəmanlı feysbukda yazdığı statuslara görə həbs olundu və rəsmi itihamda da bu öz əksini tapdı"-deyə başqa imza ilə yazan, yaxud da başqasına yazdıran Kərimli ortada kifayət qədər dəlil və sübutların olduğu bir halda ictimai rəyi çaşdırmağa yönəlmiş digər böhtana əl atıb. O deyib ki, guya F.Qəhərmanlının yazdığı statuslar təhrif olunub, üstəlik, statusa əlavələr (??!!) də edilib.
Görəsən Əli Kərimlini həqiqətənmi Fuad Qəhrəmanlının həbsi bu qədər narahat edir?
Ümumiyyətlə, Kərimli hər ağlına gələni iddia edərək, belə bir münasibət sərgiləyir ki, guya Qəhrəmanlının həbsi, məhz onun internetdən istifadəsinə, işlətdiyi sözlərinə görədir. Amma Qəhrəmanlının statuslarına guya hakimiyyət tərəfindən dəyişiklik və əlavələr edilməsi ilə bağlı ortaya heç bir sübut qoyulmayıb. İndi Ə. Kərimli bu günə qədər törətdiyi bütün alçaqlıqların ən alçaqlığına gedərək, dövlətin yürütdüyü uğurlu siyasi xəttə qarşı bu cür şər-böhtanlar atdırır. Görəsən, Ə.Kərimlini həqiqətənmi F.Qəhrəmanlının həbsi bu qədər narahat edir? Çünki bildiyimiz qədər Qəhrəmanlının həbsindən sonra Kərimlinin onun müdafiəsini çox az-az, hətta bir-iki dəfə dilə gətirdiyini görmüşük. İndi AXCP sədrinin birdən-birə nəyə görə bu istiqamətdə fəaliyyətini artırması bəzi suallar doğurmağa başladır. Ona növbəti tapşırığı kimlər verib, bəlkə F.Qəhrəmanlının xarici ağaları..?
Rövşən NURƏDDİNOĞLU
P.S. Hər halda AXCP sədrinin müavini üzərindəki simulyativ yerdəyişmələri, məhz bu cür düşünməyə zəmin yaradır - arqumentsizlik...